Müsəlman namizəd Çinə cəza vəd edir

 Müsəlman namizəd Çinə cəza vəd edir backend

ABŞ-ın beynəlxalq dini etiqad azadlığı üzrə xüsusi səlahiyyətli səfiri vəzifəsinə namizəd Rəşad Hüseyn Çin Xalq Respublikasının etnik və dini azlıqlara qarşı repressiyalara görə məsuliyyətə cəlb olunmasına çalışacağını vəd edir.

Novator.az bildirir ki, Rəşad Hüseyn vədi ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmə zamanı diqqətə çatdırıb. O deyib: “Mən Çinin uyğur türklərinə, eləcə də digər etnik və dini azlıqlara qarşı dəhşətli cinayətlərə, repressiyalara görə məsuliyyətə cəlb olunması üçün səylərimi ikiqat artıracam”.

Rəşad Hüseyn müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdə də dini azlıqların hüquqlarının qorunması üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

Dünyada xeyli insanın inancına görə həbsə, işgəncəyə, ayrı-seçkiliyə məruz qaldığını, hətta edam olunduğunu bildirən Rəşad Hüseyn həm antisemitizmin, həm xristianlara, həm də müsəlmanlara qarşı dözümsüzlüyün müxtəlif formalarda artdığını vurğulayıb.

Namizədliyi təsdiqlənsə, Rəşad Hüseyn ABŞ-ın beynəlxalq dini etiqad azadlığı üzrə xüsusi səlahiyyətli səfiri vəzifəsini tutan ilk müsəlman olacaq.

O, Hindistan əsilli müsəlmandır, ABŞ-da doğulub. 42 yaşı var. Hüquq professorudur.

Rəşad Hüseyn siyasi karyerasına 2009-2017-ci illərdə ABŞ-a rəhbərlik etmiş Barak Obamanın prezidentliyi dövründə başlayıb, 2010-2015-ci illərdə ABŞ-ın İslam Əməkdaşlıq Təşkilatında elçisi, 2015-2017-ci illərdə ABŞ prezidentinin terrorizmlə mübarizədə strateji əlaqələr üzrə xüsusi nümayəndəsi olub.

Rəşad Hüseyni beynəlxalq dini etiqad azadlığı üzrə xüsusi səlahiyyətli səfir vəzifəsinə 2021-ci ilin yanvarından ABŞ prezidenti olan Cozef Bayden namizəd irəli sürüb.

loading...
Diaspora