Prezidentin veto hüququ

 Prezidentin veto hüququ backend

Prezident İlham Əliyev oktyabrın 25-i Qubadlıda rayon ictimaiyyəti ilə görüşündə veto hüququ olduğunu xatırladıb.

Ötən il oktyabrın 22-də ölkənin cənub-qərbində gedən döyüşlərdə şəhid olmuş ordu polkovniki, Milli Qəhrəman Şükür Həmidovun atası Nəriman Həmidov görüşdə deyib: “Bizim qanunverici orqanımız olan Milli Məclisdən xahiş edirəm ki, müzəffər ali komandan, prezidentimiz cənab İlham Əliyevə “Azərbaycanın daimi prezidenti” adı verilsin. Xahiş edirəm ki, xalqımız da, Milli Məclis də bunu qəbul etsin”.

İlham Əliyev şəhid atasına təşəkkürünü bildirib, ancaq təklifi qəbul etməyib: “Mən veto qoyacağam ona, mənim belə hüququm var”.

Novator.az bildirir ki, Azərbaycan Konstitusiyasının 97-ci maddəsinə görə, qanunlar Milli Məclisdə qəbul edildiyi gündən 14 gün müddətində imzalanmaq üçün prezidentə təqdim olunmalıdır. Təcili elan olunan qanun layihəsinin təqdimatı üçün 24 saat müddət müəyyən edilib.

Ana qanunun 109-cu maddəsinin 19-cu hissəsi prezidentə qanunları imzalamaq və dərc etmək hüququ verir.

Prezidentin veto hüququ konstitusiyanın 110-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə, prezident qanunları ona təqdim olunmuş gündən başlayaraq 56 gün ərzində imzalamalıdır. Qanun prezidentin etirazını doğurursa, o, qanunu imzalamayıb öz etirazları ilə birlikdə Milli Məclisə qaytara bilər.

Konstitusiya qanunları imzalanmazsa, qüvvəyə minmir.

Milli Məclis 83 səs çoxluğu ilə qəbul edilən qanunları 95 səs çoxluğu ilə, 63 səs çoxluğu ilə qəbul edilən qanunları 83 səs çoxluğu ilə yenidən qəbul edirsə, belə qanunlar təkrar səsvermədən sonra qüvvəyə minir.

Novator.az

Diaspora