Türkiyənin İzmit şəhərində Xocalı abidəsi ucaldılacaq

Türkiyənin İzmit şəhərində Xocalı abidəsi ucaldılacaq backend

1992-ci il fevralın 26-da Xocalı şəhərində Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilmiş soyqırımı aktının unudulmaması və faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərində abidə ucaldılacaq.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, artıq abidənin inşasına başlanılıb.

İzmit şəhəri, Yenişəhər məhəlləsindəki parkda ucaldılacaq abidə Bələdiyyənin Park və Baxçalar rəhbərliyi tərəfindən hazırlanmış layihə əsasında inşa edilir. Abidənin ümumi hündürlüyü 2,5 metr təşkil edir. Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) ilə İzmit Bələdiyyəsinin birgə layihəsi olan abidədə Azərbaycan və Türkiyənin qardaşlığını tərənnüm edən bayraq simvolları, şəhidlərin ölməzliyini bildirən səmaya doğru ucalmış sütunlar qoyulacaq. Bundan başqa, soyqırımı əks etdirəm fotolardan istifadə ediləcək, abidənin kənarlarındakı lövhələrdə Xocalıda qətlə yetirilmiş 613 nəfərin adları həkk olunacaq.

Parkda hər iki ölkənin bayraqları ilə yanaşı, Azərbaycan milli naxışları, buta və digər simvollar əks olunacaq. Abidənin bu il aprelin 22-də Türkiyə və Azərbaycan rəsmilərinin iştirakı ilə açılışı nəzərdə tutulur.
Diaspora