Səmimi olaq: qiymətlər niyə qalxdı? Əsl səbəb nədir?

Səmimi olaq: qiymətlər niyə qalxdı?  Əsl səbəb nədir? backend

Qələbə sevincini yaşadığımız günlər idi. İqtisadçı ekspertlərdən biri ilə unutmayacağım bir müzakirə aparırdıq: Zəfərin fərəhi, ölkənin gələcəyi ilə bağlı möhtəşəm fikirlər, Zəngəzur ovqatı, qısa müddətdə Qarabağın gülüstana çevriləcəyi və s.

Prezident İlham Əliyev xalqın iradəsini ifadə edirdi: ən qısa müddətdə bərpa üçün hər şeyə gedəcəyini açıqca bildirirdi. Bundan fərəhli və gözəl nə ola bilərdi ki?!

Bu qanad açıb uçduğumuz günlər, həftələr, aylarda (zatən, hələ də göylərdəyik, hələ Füzuli aeroportuna yeni-yeni eniş etməyə çalışırıq) istər-istəməz suallar yaranırdı:

Ağır, xərcli və böyük məsrəflər sərf olunan pandemiya içində müharibə aparmışdıq, həddən artıq bahalı silahlardan istifadə etmişdik. Bunun görünməyən, deyilməsi məqsədəmüvafiq olmayan tərəfi də var: müharibə gedən vaxt və sonra, məsələn, hansısa beynəlxalq qurumla əlaqəni gücləndirmək, siyasi dəstəyə nail olmaq üçün səxavətli olmaq lazımdır axı, dünyanın “al və ver” olduğunu azərbaycanlılar, məncə, çox yaxşı başa düşürlər.

Milyonluq raketlər, tanklar, nə bilim, bildiyimiz-bilmədiyimiz texnikalar düşmən başında partlayıb. Azərbaycanın isə düşməni təkcə Ermənistan deyil ki! Dərhal “xərclənən” texnikanın yeri doldurulmalıdır, Ordumuzun arsenalı qaydasında olmalıdır.

Bu yandan da İrandan tutmuş Turana qədər, hər kəs Azərbaycanın yeni və irimiqyaslı tikintisində pay almaq istəyir. “İrimiqyaslı” deyəndə bilirsinizmi nədən danışırıq? Onmilyardlarla dollarlıq layihələrdən, ağıllı şəhərlərdən, beynəlxalq aeroportlardan, yollardan, tunellərdən, yarımstansiyalardan, su, qaz kəmərlərindən...

Ehtiyat fonda dəymək olmaz, valyuta ehtiyatlarını artırmaq lazımdır, nəinki əksiltmək - ətraf dostdan çox düşməndir, olmadı elə, oldu belə...

...Bu məqamda iqtisadçı dostumuzdan soruşdum:

- Dözə biləcəyikmi?

***

Nə baş verir, bilirsinizmi?

Azərbaycan dövlət büdcəsindən 2021-ci il üçün Qarabağdakı bərpa işlərinə 2,2 milyard manat vəsait ayırıb. Bir ay öncə məlumat yayıldı ki, bu vəsaitin yarısından bir az çoxu xərclənib, gerisi də ilin sonuna qədər xərclənəcək...

Gülməlidir! Dağları yarıb tunellər çəkirik, aeroportlar tikirik, Şuşanı söküb, təzədən yığırıq, minaları öz gücümüzə təmizləyirik və şükürlər olsun Allaha, artıq Ağdam tam təmizlənib; stansiyalar, quyular, su-qaz-kanalizasiya xətləri, güc strukturlarının binaları, ora əlavə qüvvələrin göndərilməsi, Ordumuzun daha geniş ərazidə yerləşməsi və daim tətikdə olması, sərhəd zastavalarının qurulması, sərhəddə gücləndirilmiş rejim, əlavə avadanlıqların quraşdırılması...

Suqovuşandan Hadruta, Şuşadan Füzuliyə qədər hansı miqyasda tikintilər aparılır, təsəvvür edirsinizmi?

Bunları sıravi vətəndaşın təsəvvür etməsi bir az çətindir. Belə deyək, 2 otaqlı evinizin babat təmirinə nə qədər xərcləyirsiniz? Öz rəqəminizi bu görülən işlərlə müqayisə edə bilərsinizmi?

Bir ölkə, bir beynəlxalq qurum, bir donor təşkilatı, bir bank Qarabağın bərpasına sərmayə yatırmır, qrant vermir, kredit ayırmır. Şərq Tərəfdaşlığı ölkələrinə - ki orda Azərbaycan da var – milyardlar ayrılır, məsələn, uzaq Ukraynaya getməyək, Gürcüstana 3,9 milyard, Ermənistana 2,6 milyard avro verilir, Azərbaycana isə 140 milyon avro - o da verilmir, nəzərdə tutulub! Çünki İlham Əliyev dedi ki, bizə heç bir təklif gəlməyib.

Yurdu viran qalan, meşələri qırılan, yeraltı-yerüstü sərvətləri talan edilən və bu böyüklükdə xərclər çəkib, quruculuq işi aparan Azərbaycandır, amma dünya Ermənistana yardım edir!

Azərbaycan rəhbəri dəfələrlə və dəfələrlə deyib: biz yalnız öz gücümüzlə bu işləri görürük!

Kim gedirsə Qarabağa, kim o işləri görürsə - hər kəs heyrət edir, qısa müddətdə bu qədər işin görülməsindən yaxşı mənada şoka düşür...

Yeri gəlmişkən, o yerlərə əcnəbi jurnalistlər və diplomatların səfərləri, tədbirlər, törənlər... hava və su ilə başa gəlmir! Bütün təbliğat yükü də dövlətimizin çiynindədir, Ordumuzun yaratdığı reallıqları qəbul etdirmək xərcləri də!

Diplomatların, əcnəbi jurnalistlərin heyrət etdiyi sürətli və genişmiqyaslı quruculuq cəmi 1 milyardla edilib indiyə qədər?

Əlbəttə yox!

Hələ gerisi də var: İran diş qıcayır, sərhədlərimiz yaxınlığına ordu çəkir, təlim keçirir. Bunun qarşılığında nə edirik?

Müharibədən üzü bəri Azərbaycanda təlimlər, az qala, hər həftə keçirilir və bu təlimlərə qardaşlarımız da gəlir.

Azərbaycan bu böyük, məsrəfli prosesin içində hərbi qüdrətini də daim artırır və il ərzində gözləniləndən əlavə problem yaradan “qonşulara” da gözdağı vermək gərəkdir.

O qədər genişmiqyaslı, tarixi və şərərfli günlərdir ki! Fəxr edirik, qürur duyuruq!

Amma bilirik axı: bu şərəfli günlərin maddi yükünü Azərbaycan tək daşıyır, təkbaşına və təkcanına!

Ermənistana hələ də diaspor yardım edir; Ermənistana “Şərq Tərəfdaşlığı” da dəstək göstərir; erməniləri Qarabağa Rusiya qaytarıb yerləşdirir və orda minaları təmizləyir, hər bir adama – yəni erməniyə - həftəlik 5 kq pulsuz yemək verir, obyektlərini təmir edir, hər gün humanitar yardım paylayır, tibbi müalicələrini aparır...

Pandemiya ilə mübarizədə hər kəsə yardım edilir və... Azərbaycan da yardım edir, almır!

Bu xərclərin bir hissəsi əlbəttə ki, xalqın çiyninə düşür: ona görə qaz və işığın güzəşt limiti azaldılır, qiymətlər nisbətən qalxır. Hələ bu harasıdır ki?..

***

...İqtisadçının cavabı belə olmuşdu:

- Səmimi olacağıq, əhali ilə hər şeyi bölüşəcəyik, onda kasıblığa da dözərik, aclığa da!

“Nə qədər çəkəcək” soruşmuşdum.

- Beş ildən tez olmayacaq. O da ermənilər revanş haqda düşünməsə. Amma 5 ildən sonra tam fərqli bir Azərbaycan olacaq - Qarabağın iqtisadi resursları da büdcəyə axanda...

Milyonçulardan heç nə gözləməyin və ummayın! Onlardan heç biri Qarabağda döyüşmədi.

Qarabağda xalq döyüşdü, Ordumuz döyüşdü, Ali Baş Komandan döyüşdü!

Çünki Qarabağ bizimdir, bu xalqındır!

Qarabağ üçün qardaşlarımız canını verdi, əlini verdi, ayağını verdi, yarımcan qalanlar oldu.

İndi növbə Qarabağ üçün dözməyə hazır olanlarındır... Və bu, indi başlamayıb, sadəcə, indi daha çox hiss olunur.

Hələ 5 il də hiss olunacaq, bəlkə də daha sərt, daha çətin!

Buna hazır olanların Zəngəzur yuxularının da çin olacağına yaman inanıram...

Axar.az / Anar

Diaspora