İran - Azərbaycan gərginliyi dünya mediasında: Tehranı qəzəbləndirən 5 amil

İran - Azərbaycan gərginliyi dünya mediasında:  Tehranı qəzəbləndirən 5 amil backend

ABŞ-ın Bakıdakı səfirliyi: “İran Azərbaycanın güclənməsinə heç vaxt imkan verməyəcək”

İranla Azərbaycan arasında yaşanan gərginlik dünya mediasının diqqət mərkəzindədir. Əlbəttə, bu, təsadüfi deyil. 44 günlük müharibədən sonra yaşadığımız bölgədə ciddi geosiyasi dəyişikliklər baş verib. Bu dəyişikliklər isə bütövlükdə dünyanın siyasi, iqtisadi və hərbi mənzərəsini fərqli bir istiqamətə yönləndirir. Elə bu səbəbdən də dünyanın güc mərkəzləri bu prosesi yaxından izləyir.

Bu mövzu hazırda Azərbaycanda ən çox müzakirə olunan mövzular arasında öndə gedir. Siyasi analitiklər, hərbi ekspertlər prosesin gedişini bütövlükdə, bəzən isə ayrı-ayrı komponentlərə vurğu yaparaq şərh edirlər.

Bu yazımızda ABŞ-ın son dərəcə nüfuzlu dərgilərindən olan “The Natiional İnterest”də gedən “An Azerbaijani-Iranian War Will Lead to a Regional Conflagration” (Azərbaycan-İran müharibəsi regionu oda qalayacaq) adlı məqalədə bu mövzu detallı şəkildə nəzərdən keçirilib. Taras Kuzio-nun qələmə aldığı məqalədə istifadə edilən faktların bolluğu müəllifin mövzu ilə bağlı əhatəli bilgilərə sahib olmasından xəbər verir.

Taras Kuzio yazır ki, Birləşmiş Ştatlar İsrailə qoşularaq Cənubi Qafqazda və bütövlükdə Yaxın Şərqdə İran və Rusiya oxuna qarşı müvazinət yaradan Türkiyə-Azərbaycan-Pakistan oxuna dəstək verməlidir.

Tehran Azərbaycanla sərhəddə son 30 ildə ən böyük hərbi təlimlərini keçirdir. İranın Azərbaycana qarşı hərbi təhdidləri getdikcə sərtləşir. II Qarabağ Müharibəsindəki qələbəsindən sonra onsuz da vətənpərvərlik hissi yüksələn Azərbaycan İran təhlükəsinə qarşı səfərbər edilir.

60c9c589714ae60c9c589714af162383604160c9c589714ab60c9c589714ad.jpg (279 KB)

İranla Azərbaycan arasında hərbi münaqişə regionun alovlanmasına səbəb olacaq. Türkiyənin iyun ayında Şuşa Bəyannaməsini imzalayaraq Bakı ilə bir təhlükəsizlik paktı qurduğunu nəzərə alsaq, deyə bilərik ki, belə bir təqdirdə Türkiyə Azərbaycanı dəstəkləyəcək. Türkiyə və Azərbaycanın müttəfiqi olan Pakistan da İranın şərq sərhədinə hərbi təzyiqi artıracaq. Məğlubiyyətini qəbul etmək istəməyən Ermənistan Azərbaycan-İran müharibəsindən yararlanaraq erməni millətçilərinin "Şərqi Ermənistan" adlandırdıqları əraziləri geri almaq üçün Dağlıq Qarabağ uğrunda yenidən müharibəyə başlaya bilər. Əlbəttə, regionun alovlanması Rusiyanın Cənubi Qafqazdakı təhlükəsizlik siyasəti üçün zərərli olacaq, çünki bu, Rusiyanın Dağlıq Qarabağda qondarma "sülhməramlı" əməliyyatını təhlükəyə ata bilər. Rusiyanın regional müttəfiqləri olan İran və Ermənistanın hərbi əməliyyatlara cəlb olunacağı təqdirdə Kremlin prosesə bitərəf qalması da mümkünsüz görünür.

Müəllif qeyd edir ki, yeni seçilmiş prezident İbrahim Rəisi görür ki, ona miras qalmış regional geosiyasi nizam İranın xeyrinə deyil. Bu konfiqurasiyanın bir hissəsi olan Türkiyə, Azərbaycan və Pakistan qərbyönümlüdür. İyulun 27-də Türkiyə, Azərbaycan və Pakistan üç ölkə arasında siyasi və hərbi əməkdaşlıq üçün yeni bir format yaradan strateji tərəfdaşlıq olan “Bakı Bəyannaməsi”ni imzaladı. Həmin sənəd işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmasına dəstəyi bir daha təsdiqlədi və mübahisəli Cammu və Kəşmir bölgələrində Pakistanın mövqeyi ilə həmrəy olduğunu bildirdi. Sentyabrın əvvəlində isə Türkiyə, Azərbaycan və Pakistan Bakıda “Üç qardaş” adı altında birgə hərbi təlim keçirdi. Azərbaycanın hərbi rəhbərləri Dağlıq Qarabağ müharibəsi zamanı tutduğu mövqeyə görə hər iki müttəfiqinə minnətdarlığını bildirirdi.



Məqalədə deyilir ki, 2000 -ci illərin əvvəllərindən etibarən Azərbaycanla təhlükəsizlik tərəfdaşlığı olan İsrail bu geosiyasi qrupa (Türkiyə-Azərbaycan-Pakistan) aiddir. Türkiyə ilə İsrail arasında münasibətlərin istiləşdiyi bir vaxtda-avqustun 2-də Azərbaycan İsraillə ticarət və turizmi inkişaf etdirmək üçün rəsmi səfirlik açmazdan qabaq bir ofis açdı. İsrail səfirliyi isə 1993-cü ildən Bakıda fəaliyyət göstərir.

Ortada Rusiya, Ermənistan və İrandan ibarət başqa bir geosiyasi qrup da var. Ermənistanın baş naziri Nikol Paşinyan cənab Rəisinin inauqurasiyasında şəxsən iştirak etdi. Azərbaycan prezidenti isə həmin tədbirə qatılmadı. Bundan əlavə, Ermənistan mütəmadi olaraq Pakistanla ərazi münaqişəsində olan Hindistana dəstək bəyanatları ilə çıxış edir.

Təəccüblü deyil ki, Rəisinin gəlişi hər iki geosiyasi qrup arasında münasibətlərin pisləşməsinə səbəb oldu. İranın Azərbaycana qarşı aqressiv münasibət sərgiləməsi yeni deyil; 2007 -ci ildə İlham Əliyev İranın dünya üçün "ciddi bir problem" olduğunu və bu ölkənin "küncə sıxışdırılmış vəhşi heyvana" bənzədiyini söyləmişdi. Azərbaycan prezidenti həmçinin "İranın yaratdığı təhlükəyə qarşı təsirli beynəlxalq mexanizmin olmadığını" bəyan etmişdi.



Ötən ay Azərbaycanı "Sionist bir varlıq" olaraq qələmə verdikdən sonra, İran Azərbaycan sərhədində otuz ilin ən böyük hərbi təlimlərini keçirdi. İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə bildirdi ki, İran "sionist varlığın (İsrail) öz sərhədləri yaxınlığında olmasına dözməyəcək və zəruri hesab etdiyi təhlükəsizlik tədbirlərini həyata keçirəcək". ABŞ -ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bildirib ki, İran qonşuluğunda üç ölkənin birgə keçirdiyi hərbi təlimdən narahat olduğunu “düşmənçilk hiss etdirmədən” ortaya qoydu. Buna cavab olaraq son iki ay ərzində üçüncü hərbi təlimə start verildi. Türkiyə və Azərbaycan oktyabrın əvvəlində Ermənistanla İran arasında sıxışdırılmış Azərbaycan anklavı Naxçıvanda "Sadiq Qardaşlıq" adı altında hərbi təlimə başladı.

Müəllifin qənaətinə görə, İranın Azərbaycanla münasibətlərinin pisləşməsinə beş faktor təsir edir.

- Birinci amil: Azərbaycanın İsrail ilə təhlükəsizliklə bağlı tərəfdaşlığıdır. İran Baş Qərargah rəisi general-mayor Həsən Firuzabadi 2009 -cu ildə İsrail prezidenti Şimon Peresin Bakıya səfərinə icazə verdiyinə görə Azərbaycanı təhdid etmişdi: "Sionist rejimə öz ölkəsinin daxili işlərinə qarışmaq üçün imkan verdiyinə görə" Azərbaycanı qınamışdı. Bunun "islam qaydalarına zidd olduğunu" iddia etmişdi.

Şiə Azərbaycanın İsrail ilə təhlükəsizlik tərəfdaşlığı qeyri-adi və bənzərsiz olsa da, Bakı İranın "Azərbaycan ərazilərini işğal etmiş" xristian Ermənistanla əməkdaşlığının "İslam dünyasının həmrəyliyinə zidd olduğunu" dəfələrlə vurğulayıb. Amerika diplomatik korpusunun Bakıdan göndərdiyi məlumatlarda da bu məqam qeyd olunub: “İran heç vaxt xristian ölkənin (Ermənistanın) şiə qonşusunun (Azərbaycan) ərazisini işğal etməsini qınamayıb”. 2002 -ci ilin may ayında prezident Heydər Əliyev və İran prezidenti Məhəmməd Hatəmi arasında keçirilən zirvə görüşündə, ikincisi "Ermənistan İsrail, Azərbaycan isə Fələstin deyil" söyləyərək Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini pisləməkdən imtina etmişdi.

İran və Azərbaycanda əhalinin əksəriyyəti şiə olsa da bu ölkələr arasında önəmli bir fərq var: Azərbaycan Sovet İttifaqında yeddi onillikdən bəri dünyəvi bir mədəniyyət miras aldı və qorudu; İran Azərbaycanın dünyəvi kimliyinin türk mədəniyyətinə söykəndiyini qəbul etmək istəmir və Türkiyənin qonşu sərhədlər daxilində artan təsirindən məyus və qəzəblıdir.

İran isə şiə inqilabını Azərbaycana yaymağa çalışdı, amma bacarmadı. 2000-ci illərdə İslam İnqilabının Keşikçiləri Korpusu “Sepah-e Pasdaran”, İsrail, Amerika və Qərbin diplomatik obyektlərinə, polis məntəqələrinə və məktəblərə qarşı terror aktları kampaniyaları həyata keçirmək üçün “Əl Qaidə” və “Hizbullah” terrorçularına təlim keçdi və onları qanunsuz olaraq Azərbaycana sızdırdı. İlham Əliyev, İsrail səfiri, yəhudi müəllimlər və qədim dağ yəhudi icmasına xidmət edən ravvinlər sui-qəsdə hədəf olmalıydı. Bu planın da qarşısı alındı.

- İkinci amil: İran fars mədəniyyətinin ənənəvi təsir dairəsinə mənsub olan dünyəvi bir şiə dövlətini qəbul etmək istəmir. İrandan qaynaqlanan şiə fundamentalizminin Azərbaycanda heç bir dəstəyi yoxdur, çünki din Azərbaycan əhalisinin yalnız üçdə biri üçün vacibdir. Müsəlman dünyasında Azərbaycan şəriət qanunlarına ən az maraq göstərən ölkədir. Vətəndaşlarının yalnız 8 faizi şəriətin rəsmi qanun kimi qəbul olunmasını dəstəkləyir.

İran İslam İnqilabı Azərbaycanda iki əlavə maneə ilə üzləşir: Azərbaycanda antisemitizm və antiamerikanizm deyə bir şey yoxdur. İsrail və Amerika yəhudi təşkilatları mütəmadi olaraq Azərbaycanı antisemitizmdən uzaq olduğuna görə tərifləyir. Tehranın özünə güvənsizliyi İran daxilindəki azərbaycanlı azlığın İsrailə simpatiya bəsləməsi ilə daha da şiddətlənir. Bunun səbəbi odur ki, İrandakı "azərilər" hesab edir ki, Bakının Ermənistan üzərində hərbi qələbəsində İsrail və Türkiyənin Azərbaycana verdiyi müasir silahların xüsusi rolu var. İranın azərbaycanlı azlığının nümayəndəsi, İrandakı azərbaycanlı əhalinin maraqlarından çıxış edən “Günaz TV” -yə birinin anonim olaraq yazdığı kimi, "İran rejiminə qarşı çıxanlar bizim (Azərbaycanın) dostumuzdur".

Günbəgün modernləşən dünyəvi Azərbaycan İran rejiminə müxalif olanlara alternativ bir yol göstərir. Azərbaycanın narazı iranlılar üçün ortaya qoyduğu nümunə, demokratik Ukraynanın Vladimir Putin rejiminə qarşı olan müxalifətə ruh verməsinə bənzəyir.

- Üçüncü amil: İran əhalisinin dörddə birindən çoxunu təşkil edən azərbaycanlı azlıq (əslində müəllif yanılır - İran əhalisinin yarısı azərbaycanlıdır - Red.) arasında separatizm qorxusudur. Azərbaycanlı azlıq 2020-ci il Dağlıq Qarabağ müharibəsində Bakını dəstəklədi, bu mövqe Tehranın Ermənistana dəstəyi ilə tamamilə ziddiyyət təşkil edirdi. 2021-ci ildə, Tramp administrasiyası ilə sıx əlaqədə olan Vaşinqton Düşüncə Mərkəzi olan “Demokratiyanı Müdafiə Təşkilatı” və İsrailin “Begin-Sadat Strateji Araşdırmalar Mərkəzi” İranın daxildən "dağılmasına" (yəni etnik separatizminə dəstək verməyə) çağırış etdilər.
- Dördüncü amil: Türkiyənin Azərbaycana təsirinin artmasıdır. Son otuz ildə Azərbaycan iqtisadiyyatı və enerji infrastrukturu ciddi şəkildə inkişaf etdirildi və bu, Azərbaycanı Cənubi Qafqazın üç dövləti arasında dominant ölkəyə çevirdi. Başqa sözlə desək, Azərbaycan İranın xoşuna gəlməyən inkişaf yolu keçdi. Amerika diplomatik korpusunun hesabatında qeyd edildiyi kimi, “başa düşmək lazımdır ki, bir sıra səbəblərə görə İran Azərbaycanın güclənməsinə obyektiv olaraq maraq göstərə bilməz. Tehranın milli təhlükəsizliyi və ərazi bütövlüyü ilə bağlı konkret məqsədləri var və buna görə də müstəqil Azərbaycanın güclənməsinə heç vaxt imkan verməyəcək ”.



Türkiyə 2020 -ci il müharibəsində Azərbaycanın əldə etdiyi qələbədən aydın şəkildə qazancla çıxdı. Azərbaycan həm ərazisinin beşdə bir hissəsinə nəzarəti ələ keçirməklə, həm də 2021-ci ildə imzalanan “Şuşa Bəyannaməsi” ilə Türkiyə ilə strateji tərəfdaşlıq əlaqələrini daha da gücləndirdi. İran narahatdır ki, Azərbaycan beş dövlətdən dördünün türkdilli olduğu Orta Asiyada Türkiyənin nüfuzunun artması üçün bir körpü olacaq. Türkmənistan və Qazaxıstan artıq Rusiyanın regional boru kəmərlərinə nəzarətini aşaraq Azərbaycan və Türkiyə üzərindən enerji ixracatına getdikcə daha çox üstünlük verirlər.

Şuşa Bəyannaməsi ilə həm də bir ilkə imza atıldı. Biri keçmiş SSRİ, digəri NATO üzvü olan və strateji müttəfiq sayılan iki ölkə arasında faktiki olaraq təhlükəsizlik paktı ortaya çıxdı. 1994 -cü ildə Ukrayna üç nüvə dövləti olan ABŞ, İngiltərə və Rusiya ilə Budapeşt Memorandumunu imzaladı və bununla da Ukrayna təhlükəsizlik zəmanəti qarşılığında nüvə silahlarından imtina etdi. İyirmi il sonra, Rusiya Krımı işğal edəndə, ABŞ və İngiltərə Rusiyanın Krımı ələ keçirməsinə göz yumdu. Ukraynaya verilmiş təhlükəsizlik zəmanəti bir işə yaramadı.

Şuşa Bəyannaməsi Budapeşt Memorandumundan daha aydındır, çünki NATO üzvü olmayan Azərbaycanın NATO üzvündən təhlükəsizlik zəmanəti var. Vaşinqton Müqaviləsinin V maddəsi ilə Türkiyə üçün təhlükə bütün NATO üzvləri üçün təhlükədir. 1997-ci ildə imzalanmış Fərqli Tərəfdaşlıq haqqında NATO-Ukrayna Xartiyası kimi, Şuşa Bəyannaməsində də deyilir ki, “üçüncü bir dövlətdən və ya dövlətlərdən müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı bir təhdid və ya beynəlxalq səviyyədə tanınan sərhədlərə təcavüz aktı olarsa, tərəflər birgə məsləhətləşmələr aparacaq".

Bu "məsləhətləşmələrdən" sonra Şuşa Bəyannaməsi "Təcili müzakirələr yolu ilə mümkün olan yardımın həcmini və formasını təyin etdikdən sonra birgə tədbirlərin görülməsi üçün müdafiə ehtiyaclarının təmin edilməsi və əlaqələndirilməsi barədə qərar veriləcəkdir. Silahlı Qüvvələrin səlahiyyətli və yerli inzibati orqanlarının fəaliyyəti təşkil olunacaq ”.

Elbəyi Həsənli, Sürix

Haqqında sözgedən məqalənin əsli bu linkdə: https://nationalinterest.org/blog/buzz/azerbaijani-iranian-war-will-lead-regional-conflagration-195008

musavat.com

loading...
Aydinyol.az