ABŞ Konqresində yenə anti-Azərbaycan layihəsi

ABŞ Konqresində yenə anti-Azərbaycan layihəsi backend

Sənədin müəlliflərindən biri, ermənipərəst konqresmen Frank Pallone bildirib ki, Azərbaycana “külli miqdarda pul ayıran” ABŞ Müdafiə Nazirliyinə nəzarət gücləndiriləcək

 

ABŞ Konqresinin Nümayəndələr Palatası xarici siyasətin əsas istiqamətlərinin, o cümlədən “Dağlıq Qarabağ” məsələlərinin həyata keçirilməsinə təsir edən qanun layihəsini qəbul edib. Qanun layihəsi “beynəlxalq səviyyədə tanınmış insan hüquqlarını kobud şəkildə pozan” xarici milli təhlükəsizlik bölmələrinə vəsaitin ayrılması ilə bağlı Pentaqonun hesabatını tələb edir. “Yeni Müsavat”ın məlumatına görə, sənədin müəlliflərindən biri, tanınmış ermənipərəst konqresmen Frank Pallone bildirib ki, bu, “Azərbaycan kimi insan haqlarını pozan rejimlərə külli miqdarda pul ayıran ABŞ Müdafiə Nazirliyinə nəzarəti gücləndirəcək”.

Pallone Pentaqonu və Dövlət Departamentini Azərbaycan Sərhəd Qüvvələrinə 2018-19-cu illərdə 100 milyon dollardan çox vəsait ayırmaqda günahlandırıb. Qanun layihəsi, həmçinin Prezident Bayden administrasiyasından Dağlıq Qarabağda həyata keçirilən bütün humanitar proqramlar, o cümlədən layihə təsvirləri, büdcələri, tərəfdaş təşkilatların siyahısı və son nəticələr haqqında məlumat verməsini tələb edir. Bu paraqrafın müəllifi Demokratik Konqresmen David Valadaodur.

Qanun layihəsi Senatın təsdiqindən keçməlidir, amma bir daha görünür ki, ABŞ qanunverici orqanlarda anti-Azərbaycan qüvvələri var və qələbəmizlə başa çatan müharibədən sonra yenidən fəallaşıblar. Bəs Azərbaycanın addımları nə olmalıdır, bu cür layihələr Bakı-Vaşinqton münasibətlərinə necə təsir edə bilər?

Rep. Frank Pallone details ambitious plan to tackle climate change | Video  | NJ Spotlight News

Frank Pallone

Bundan əvvəl də Konqresin üç ermənipərəst üzvü bəyanatında Azərbaycanı “erməni əsirləri” dərhal azad etməyə çağırmış, həmçinin müharibədə düşməni darmadağın edən dronlarda ABŞ texnologiyasından istifadə ilə bağlı hesabat verilməsi tələb olunmuşdu. Keçmiş prezident Donald Tramp dönəmində - yəni Respublikaçıların zamanında Konqres bu şəkildə anti-Azərbaycan mövqe sərgiləmirdi. Əvvəlcədən məlum idi ki, ermənipərəst siyasəti ilə seçilən Bayden hakimiyyəti vaxtaşırı Bakıya qarşı bu addımları atacaq. Ancaq bu cür qərarların Azərbaycanı hansı zərəri var? Bakı bundan nə itirir?

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a qeyd etdi ki, belə qanun layihələrinin qəbul olunmasına nail olanlar erməni diasporasına xidmət edən və Azərbaycana qarşı fəaliyyət göstərənlərdir. A.Mollazadə hesab edir ki, bu addımlar ilk növbədə Amerikanın milli təhlükəsizlik maraqlarına ciddi şəkildə zərbə vurur: “Azərbaycan heç nə itirmir. Bundan itirən varsa, ABŞ-dır. Bizim kontur addımımız belə ola bilər ki, Amerikanın bu cür qərarlardan özünə zərər vurduğunu onların nəzərinə çatdıraq. Çünki Azərbaycan ABŞ-la birgə antiterror koalisiyada yer alır, Ermənistan isə İranla müttəfiqdir”. 

Deputat xatırladır ki, ABŞ 907-ci düzəlişi də qəbul etmişdi: “Amerikada onda heç Azərbaycanı tanıyan yox idi. Bunu edən erməni diasporası idi. Ona görə bu gün biz səbirli davranmalıyıq. Vaşinqtonun nəzərinə çatdırılmalıdır ki, bu qanun layihələri sizə ziyan vurur. Sadəcə, erməni diasporası öz gücünü göstərməyə çalışır. Eyni zamanda Türkiyə və Azərbaycana nifrəti sərgiləməkdədirlər. Onlara müharibə lazımdır ki, öz mövcudluqlarını nümayiş etdirsinlər, pul qazansınlar, bu, onların həyat tərzidir”.

REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli düşünmür ki, həmin qanun layihəsi Senatda təsdiqlənəcək. Onun fikrincə, hətta Senatdan keçsə belə, tövsiyə xarakterli olacaq. N.Cəfərlinin sözlərinə görə, buna qədər də oxşar qərarlar olub, odur ki, yeni qanun layihəsinin qəbulu ilə Azərbaycana ciddi təsirlərin olacağını gözləmir: “Sadəcə, Azərbaycanın müharibədə qələbəsi ilə yaranmış yeni reallığı qəbul etməyənlər var və bu, həmsədr ölkələrin hər üçünə aiddir. İnanmıram ki, belə sənədlər dövlətlərarası əlaqələrə ciddi zərər vuracaq. Çünki həm enerji layihələri, həm logistik məsələlərlə bağlı ABŞ-Azərbaycan arasında ikitərəfli əməkdaşlıq yüksək səviyyədədir. Ona görə bu məsələlərə rəsmi reaksiyanın əhəmiyyəti də yoxdur”.

N.Cəfərli təklif edir ki, əksinə, həmin konqresmenləri Azərbaycana dəvət etmək lazımdır: “Qoy gəlib vəziyyətlə yerində tanış olsunlar, lap müxalifətdə görüşsünlər, vətəndaş cəmiyyətinin üzvləri ilə müzakirə aparsınlar, əgər qərəzdirsə, heç cavab verməyə dəyməz. Amma konqresmenlərə əsaslandırılmış sənədlər də göndərilməlidir. Bu, beynəlxalq təcrübədə istifadə olunub. Rəqibə sübutlar göndərirsən, haqlı olduğunu göstərirsən. Azərbaycan əvvəllər bu cür sənədlərə qarşı sərt münasibət xətti götürmüşdü, indi fərqli siyasət yürüdülməsinə ehtiyac var. Əlbəttə ki, insan haqlarının pozulması problemləri bizdə var, hər yerdə var, amma onları dəvət etmək, reallıqla tanış etmək lazımdır, bəlkə fikirləri dəyişə... Bunu etməyəndə erməni tərəfi fürsəti dəyərləndirir, nəticədə səhv məlumatlandırılmış avropalı, yaxud amerikalı siyasətçilər görürük. O baxımdan yeni hücum diplomatiyasında bu tip sənədlərə belə reaksiya vermək lazımdır, hansısa 500 tirajla çıxan dövlət qəzetində cavab məqaləsi çap etməklə iş olmur”.
“Yeni Müsavat”

loading...
Aydinyol.az