Avropa Məhkəməsindən Eldar Həsənov sualları

Avropa Məhkəməsindən Eldar Həsənov sualları backend

Avropa İnsan Hüquqları Məhkəməsi məhbus dövlət xadimi Eldar Həsənovun şikayətini araşdırır. Aihmaz.org-un məlumatına görə, şikayət Eldar Həsənov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlıdır. Azərbaycan dövləti ilə kommunikasiya bilgilərində qeyd edilir ki, Eldar Həsənovun həbs barədə qərardan və həbs müddətinin uzadılması qərarlarından şikayətləri, habelə zaminə buraxılması, müalicə üçün ixtisaslaşdırılmış klinikaya köçürülməsi ilə bağlı vəsatətləri nəticəsiz qalıb.

Eldar Həsənov şikayətində Avropa İnsan Hüquqları Konvensiyası ilə təminat altına alınan bir çox hüququna müdaxilə baş verdiyini, həbs qətimkan tədbirinin əsassız seçildiyini, həbs qərarı verilən prosesin ədalətli olmadığını, durumuna adekvat tibbi müalicə ilə təmin edilmədiyini bildirir.

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan hökumətinə 6 sual ünvanlayıb.

Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarət edir.

Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin yurisdiksiyasındadır.

1955-ci il təvəllüdlü Eldar Həsənov elektronika mühəndisi və hüquqşünas ixtisasları üzrə iki ali təhsil alıb, 1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.

1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantı, hüquq elmləri doktoru, professor, pedaqoq, kitab, dərslik və dərs vəsaitlərinin, elmi və publisistik əsərlərin müəllifidir.

2001-ci ildən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu ildən ölkəni həmçinin Serbiyada, 2010-cu ildən eyni zamanda Monteneqroda, Bosniya və Herseqovinada təmsil edib. 2013-cü ildə onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.

2020-ci il iyulun 3-dən Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbirləri aparıb, bir neçə məmur həbs edilib.

İyulun 16-da prezident İlham Əliyev Elmar Məmmədyarovu xarici işlər naziri vəzifəsindən çıxarıb, həmin posta Ceyhun Bayramov təyinat alıb.

Avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə maliyyə yoxlamaları zəminində Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfir Eldar Həsənovun tutulduğunu açıqlayıb.

Avqustun 14-də Səbail Rayon Məhkəməsi Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçib.

Avqustun 17-də prezident İlham Əliyev Eldar Həsənovu vəzifəsindən azad edib.

Avqustun 24-də bəyan olunub ki, Eldar Həsənov barəsində cinayət işi Xarici İşlər Nazirliyi əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsində istintaq edilən cinayət işindən ayrılaraq Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib.

Eldar Həsənova Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham irəli sürülüb. 2021-ci il avqustun 16-da məlumat yayan Baş Prokurorluq bəyan edib ki, Eldar Həsənovun Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Monteneqroda səfir kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə 17 milyon 931 min 316 manatı israf etmə və mənimsəməsinə, 11 milyon 804 min 661 manat məbləğində pul vəsaitini leqallaşdırmasına, vəzifə saxtakarlığı törətməsinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətə 327 min 373 manat məbləğində zərər vurmasına və dövlət büdcəsinin 192 min 387 manat pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr var.

Eldar Həsənov bildirir ki, həbsi və verilən ittihamlar qanunsuz, əsassız, qərəzli və sifarişlidir, tutulmasının həqiqi səbəbi ölkə rəhbərliyinə onun siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağı kimi tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olub.

Həbs olunduğu gündən Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanan Eldar Həsənovun səhhəti ciddi formada ağırlaşıb, həyatı təhlükə altına düşüb.

2021-ci il iyulun 2-də Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülüb, orada bağırsağından əməliyyat olunub, təcridxanaya qaytarılıb, avqustun 2-dən 17-dək yenə hospitalda müalicə alıb.

Eldar Həsənovun cinayət işinə sentyabrın 3-dən Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. (novator.az)

loading...
Aydinyol.az