“Əzələ nümayişi” edən qonşumuza xatırlatma: Quruda, havada və dənizdə aciz İran ordusu – VİDEO

“Əzələ nümayişi” edən qonşumuza xatırlatma:  Quruda, havada və dənizdə aciz İran ordusu – VİDEO backend

İranın Azərbaycanla sərhəddə keçirdiyi təlimlərin güc nümayişi cəhdi olması sirr deyil.

Lakin sözügedən ordu ilə bağlı azacıq araşdırma aparmaq kifayət edir ki, bu nümayişin gülünc xarakteri ortaya çıxsın.

Bəlkə də Tehran öz “qüdrətli” ordusu ilə bəzi mesajlar verməyə çalışır, ancaq elə həmin o ordunun bütün dünyaya daha əvvəl verdiyi mesajları xatırlamaqda fayda var.

Həm də bunun üçün İranın guya əzələsini nümayiş etdirdiyi bu ordunun arxivinə nəzər salaq. Bir neçə il əvvəl, İran xüsusi təyinatlılarının rüsvay olduğu görüntüləri xatırlayaq.

Yüksəkçinli və özündənrazı İran generalları bəh-bəhlə xüsusi təyinatlılarının çıxışına baxır. İranın “cəngavər”lərinin bir-iki sadə fəndindən sonra çıxışın kuliminasiya məqamı çatır. Ancaq bu məqamda ortaya çıxan bir küp bütün İran xüsusi təyinatlılarından güclü olur. İran ordusunun elit dəstəsində bir “Rüstəm Zal” tapılmır ki, həmin küpü qıra bilsin.

Ölkənin elit dəstələrini qoyaq bir kənara HHM sistemlərini yada salaq. O sistemlər ki, guya paytaxtı hava hücumundan mühafizə edəcəkdi, ancaq yekunda dünya tarixinin ən rüsvayçı addımlarından birini atdı. 2020-ci ilin yanvarın 8-də “güc nümayişi” edən ordunun HHM dəstələri Ukraynaya məxsus sərnişin təyyarəsini vurdu. Əvvəlcə qəza kimi qələmə verilsə də, sonradan İran ordusu və rəhbərliyi 176 nəfərin həlak olduğu faciədə öz raketlərinin işə salındığını etiraf etdi.

Həmin vaxt İranın xarici işlər naziri olan Cavad Zərif hərbçilərin içində olduğu bir növ aciz vəziyyəti də ortaya qoyaraq, faciənin “ABŞ avantürizminin səbəb olduğu böhran” zamanı baş verdiyini dedi. Lakin bu sözlər əslində İran ordusunda ABŞ qorxusunun nə qədər böyük olduğunu göstərdi.

Nə quruda, nə də havada “bəxti gətirməyən” İranın “əzələ nümayişi” cəhdləri suda da az olmayıb. Amma eyni nəticə ilə. 2020-ci ilin mayın 11-də Fars körfəzində keçirilən təlim zamanı İran donanmasına məxsus “Jamaran” freqatı “Konarak” köməkçi gəmisini vurub. Hadisə zamanı 19 hərbçi həlak olub, 15-i yaralanıb.

Bütün bu faktlardan sonra İran ordusunun “əzələ”, “güc” nümayiş etdirməsi sadəcə ikrah hissi doğura bilər.

Daha bir xatırlatma edək: İranın “qüdrətli ordusu” ABŞ-ın endirdiyi hava zərbələrindən sonra da qisas sözü verir, pafoslu çıxışlar hesabına canfəşanlıq edirdi. Lakin bütün dünya sonradan deyilənlərin sadəcə sözdə qaldığını və İran ordusunun iddia etdiyi gücə sahib olmadığını gördü...

Odur ki, xüsusi təyinatlıları bir küplə bacarmayan, mülki vətəndaşların olduğu təyyarəni raketlə vuran, bu azmış kimi öz keçirdiyi təlimlərdə öz gəmisini vuran ordunun hansı “gücü” göstərməyə çalışdığı sual altındadır. Hər halda İran üçün ordusu qüdrətli, “əzələli” ola bilər, ancaq real mənzərə ortadadır və bu mənzərəni hansısa ikinci bir qüvvə deyil, məhz İranın qürrələndiyi “peşəkar” ordusu üzə çıxarıb. Ona görə də İran üçün nəticə dəyişməz qalacaq, “nümayiş sevgisi” onsuzda regionda Ermənistana verdiyi dəstəyə görə yerlə bir olan nüfuzuna növbəti dəfə ağır zərbə endirəcək.

loading...
Aydinyol.az