BMT-nin İnkişaf Proqramı ilə birgə əlilliyi olan şəxslər üçün kiçik bizneslər yaradılır

BMT-nin İnkişaf Proqramı ilə birgə əlilliyi olan şəxslər üçün kiçik bizneslər yaradılır backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramının birgə “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi çərçivəsində əlilliyi olan işsiz şəxslər üçün kiçik bizneslər yaradılır. Onlardan indiyədək biznes planı təsdiq edilmiş 517 nəfərin bir hissəsi artıq aktivlərlə təmin olunaraq öz təsərrüfatlarını qurub.

Qaziler.az bildirir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi kimi ölkəmizdə fəaliyyət müddəti başa çatan Alessandro Frakasetti ilə görüşdə bildirilib.

Nazir sosial cəhətdən həssas qrupların kiçik sahibkarlığa çıxışına töhfə verən bu layihənin aktiv məşğulluq tədbirlərinin təkmilləşdirilməsinə, əlilliyi olan şəxslərin peşə-əmək və sosial reabilitasiyası işlərinə də dəstəyini qeyd edib. İşsiz şəxslərin əmək bazarına yenidən daxil olması üçün zəruri bilik və bacarıqlara yiyələnmələri məqsədilə layihə çərçivəsində dünyanın aparıcı “Coursera” onlayn tədris sistemi ilə əməkdaşlıq şəraitində kursların təşkil olunmasının əhəmiyyətini diqqətə çatdırıb.

S.Babayev birgə icra olunan “Azərbaycanda İnnovasiya və Məşğulluğun İnkişafı”  layihəsinin də gənclərin əmək bazarına çıxışına öz dəstəyini verdiyini qeyd edib. Eləcə də əməkdaşlığın davamı olan, əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin olunması məqsədinə yönələn layihənin əhəmiyyətindən bəhs edib.

O, A.Frakasettinin ölkəmizdəki fəaliyyəti dövründə Azərbaycan ilə BMT-in İnkişaf Proqramı arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. Bu istiqamətdə verdiyi töhfəyə görə A.Frakasettiyə təşəkkür edərək gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

A.Frakasetti ölkəmizlə bağlı xoş təəssüratlarını, fəaliyyəti dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıqdan, görülən birgə işlərin nəticələrindən məmnunluğunu diqqətə çatdırıb. Müştərək layihələrin uğurlu əməkdaşlıq təcrübəsi formalaşdırığını qeyd edərək, bu əməkdaşlığın qarşıdakı dövrdə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

loading...
Aydinyol.az