Almaniyalı ekspert 44 günlük müharibədən nə deyir?

Almaniyalı ekspert 44 günlük müharibədən nə deyir? backend

Beynəlxalq Münasibətlər üzrə Avropa Məclisinin tədqiqatçısı, almaniyalı ekspert Ulrike Franke Almaniyanın “Stern” nəşrinə açıqlamasında 2020-ci ildə Azərbaycanın qələbəsi ilə bitən müharibədən danışıb.

Novator.az-ın məlumatına görə, Franke bildirib ki, 44 günlük müharibəni analiz edəndə Azərbaycanın ordu quruculuğuna yanaşmasındakı özəlliklər diqqəti çəkir.

Döyüş meydanında müxtəlif təyinatlı dronlardan istifadəni son illərin savaşlarında ən böyük yeniliklərdən biri kimi qiymətləndirən almaniyalı ekspert vurğulayıb: “Qarabağ müharibəsinədək dronlar o qədər də güclü silah sayılmırdı”.

Azərbaycanın öz ordusunu modernləşdirmək üçün külli miqdarda vəsait xərclədiyini deyən ekspert əlavə edib: “Nəticə göz qabağındadır. 44 günlük müharibədə baş verənlər bir çox ölkəni ciddi düşünməyə vadar edib. İndi onlar başa düşürlər ki, bundan sonra müdafiə məqsədi ilə pilotsuz uçuş aparatlarına (PUA) daha çox sərmayə yatırmaq lazımdır”.

Almaniyalı ekspert bildirib ki, ilk dəfə deyil müharibədə pilotsuz döyüş texnikasından istifadə olunur, lakin iki ölkənin – Azərbaycanla Ermənistanın bir-birinə PUA-larla hücum etməsi müharibə tarixində yenilikdir.

Ulrike Frankenin fikrincə, dronlardan istifadə ərazisi o qədər də böyük olmayan ölkələr arasında aparılan müharibələrdə effekt verə bilər: “Yeni nəsil PUA-lar, məsələn, ABŞ və Çin kimi böyük dövlətlər arasında baş verə biləcək hər hansı müharibədə həlledici rol oynamaz. İri dövlətlər arasındakı müharibədə başqa sistemlərin işə salınması effektlidir”.

Ərazisi böyük olmayan dövlətlərə gəlincə, analitik qeyd edib ki, 44 günlük müharibə bu cür ölkələr arasındakı müharibədə dronların hava hücumundan müdafiə sisteminin əsasını təşkil edəcəyini göstərib: “Rəqəmlərə diqqət edək. Azərbaycanla Ermənistanın üst-üstə 50-dək döyüş təyyarəsi var. Tərəflərdən birinin hərbi hava qüvvələrinə 100 PUA əlavə etməsi artıq həmin ölkənin havadan müdafiə gücünə əhəmiyyətli dərəcədə güc qatması deməkdir”.

Mənbə: Vestnikkavkaza.net