İsrailin yeni hökuməti: Netanyahu hədiyyələri qaytarmır

İsrailin yeni hökuməti:  Netanyahu hədiyyələri qaytarmır backend

İsrailin “Haaretz” qəzeti baş nazir postundan gedən Benyamin Netanyahunun qaytarmalı olduğu hədiyyələri hökumətə təhvil vermədiyini yazır.

Benyamin Netanyahu 1996-1999 və 2009-2021-ci illərdə İsrailin baş naziri olub. O, sonuncu dəfə baş nazir postunu 2021-ci ilin martında keçirilən parlament seçkisi nəticəsində tərk edib. İyun ayından İsrail hökumətinə Naftali Bennet başçılıq edir.

Novator.az saytının məlumatına görə, “Haaretz”in məqaləsində bildirilir ki, İsrailin yeni hökumət aparatının hüquqi məsələlər üzrə müşaviri Şlomit Barnea Faraqo sabiq baş nazir Benyamin Netanyahunun və onun xanımının 42 ədəd hədiyyəni dövlətə qaytarmalı olduğunu iddia edir.

Hüquqi məsələlər üzrə müşavir eyni zamanda hökumətə başçılıq etdiyi dövrdə Netanyahunun və xanımının bəzi hədiyyələri qəbul etməsini qanun pozuntusu kimi qiymətləndirir.

“Haaretz”in məqaləsində deyilir ki, Netanyahular hədiyyələri xaricə rəsmi səfərləri zamanı müxtəlif ölkələrin rəhbər şəxslərindən və ya onların ailə üzvlərindən alıblar.

Benyamin Netanyahu isə bütün bu iddiaları rədd edir.

İsrail qanunlarına görə, ölkə rəhbərliyinə bağışlanan əşyalar dövlətə məxsusdur. Hədiyyəni qəbul edən rəhbər şəxslərin vəzifədə olduqları müddətdə həmin əşyaları öz ofislərində müvəqqəti saxlamağı xahiş etmək hüququ var, amma vəzifədən gedəndən sonra hədiyyələri dövlətə verməlidirlər.

Qanun baş nazirə dəyəri yalnız 300 İsrail şekelinədək (93 dollar) olan hədiyyəni özündə həmişəlik saxlamaq hüququ verir.

İsrailin hazırkı baş nazirinin dəftərxanasının məlumatına görə, Netanyahuda və onun həyat yoldaşında dəyəri 300 şekeli aşan 27 hədiyyə var. Bundan başqa Netanyahuların dəyəri 300 şekeldən aşağı olan 15 hədiyyəni də dövlətə qaytarmalı olduqları iddia edilir. Buna səbəb kimi onların həmin əşyaları özlərində saxlamaq üçün rəsmi icazə almadıqları göstərilir.

Dəftərxana bəyan edir ki, hədiyyələr Benyamin Netanyahuya hökumət başçısı postunu tutduğu müddətdə baş nazirin dəftərxanasında və rəsmi iqamətgahında nümayiş üçün borc verilsə də, Netanyahu baş nazir postunu tərk edərkən onları geri qaytarmayıb.

“Haaretz” yazır ki, hüquq müşaviri Şlomit Barnea Faraqo əvvəlcə Netanyahunun köməkçiləri ilə əlaqə saxlayaraq əşyaların yoxa çıxdığı haqda xəbərdarlıq edib və onlardan hədiyyələri qaytarmalarını xahiş edib. Xahişin cavabsız qaldığını görən müşavir avqust ayının əvvəlində Netanyahunun özü ilə əlaqə saxlayıb. O, Netanyahuya ünvanladığı yazılı müraciətdə bildirib: “İstifadə müddəti başa çatmış əşyalardan savayı baş nazir postunu tərk edərkən səlahiyyət müddətiniz dövründə qəbul etdiyiniz və nümayiş etdirmək üçün ofisdə saxlanmasına icazə verilən bütün hədiyyələri olduğu vəziyyətdə geri qaytarmalısınız”.

Qəzet jurnalist Ben Kaspitə istinadla yazır ki, geri qaytarılmayan əşyalar sırasında ABŞ-ın 44-cü prezidenti Barak Obamanın imzası olan, qızıl yarpaqlarla bəzədilmiş qutu, Benyamin Netanyahunun italiyalı səfirdən qəbul etdiyi bayram boşqabı, Rusiya prezidenti Vladimir Putinin hədiyyə etdiyi qədim “İncil” və ABŞ-ın 45-ci prezidenti Donald Trampın Amerikanın İsraildəki səfirliyinin Tel-Əvivdən Yerusəlimə köçürulməsi ilə bağlı imzaladığı sənəd də yer alır.

“Haaretz”in məqaləsində Benyamin Netanyahunun adından yayılan açıqlama da təqdim edilib. Açıqlamada bildirilir ki, hökumət başçısının dəftərxana ofisində və iqamətgahında sərgilənən bütün hədiyyələr geri qaytarılıb. Netanyahu açıqlamasında ona qarşı irəli sürülən ittihamları hazırkı baş nazir Naftali Bennetin və baş nazirin müavini Yair Lapidin “fərdi evlərinin təmirinə dövlət büdcəsindən yatırılan 23 milyon şekellik böyük məbləğdən diqqəti yayındırmaq məqsədilə ortaya atılmış növbəti uydurma” kimi qiymətləndirib.

Mənbə: Haaretz.com