Minsk Qrupu zamanında erməni işğalçılarını Qarabağdan geri çəkməyi bacarsaydı - Deputat

Minsk Qrupu zamanında erməni işğalçılarını Qarabağdan geri çəkməyi bacarsaydı -  Deputat backend

Minsk Qrupu zamanında erməni işğalçılarını Qarabağdan geri çəkməyi bacarsaydı, müharibə olmazdı.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

Onun sözlərinə görə, BMT-nin yeni rezident əlaqələndiricisi ilə görüşündə möhtərəm Prezident İlham Əliyevin söylədiyi fikirlər illər boyunca bölgədə cərəyan edən proseslərə verilmiş olan ən gözəl və mükəmməl qiymət idi. Xüsusən də beynəlxalq birliyin, beynəlxalq təşkilatların susqunluğu və faktiki öhdəliyi ilə bağlı dövlət başçısı məlum dairələrə açıq mətnli mesajlar ünvanladı və çox haqlı olaraq qeyd etdi ki, vəziyyətin bu həddə qədər gəlib çıxmasına görə Ermənistanla bərabər onun işğalçılıq siyasətinə göz yuman beynəlxalq təsisatlar da məsuliyyət daşıyırlar.

Deputat qeyd edib ki, BMT-nin 4 qətnaməsi illər uzunu havada qaldı, icra olunmadı. Üstəlik, təyinatı, missiyası birbaşa Qarabağ münaqişəsinin həlli olan Minsk Qrupunun 3 həmsədri məhz həmin BMT-nin Təhlükəsizlik Şurasının üzvü idi: "Yəni, əslində, çarə vardı ki, bu məsələ dinc yolla həll olunsun. Sadəcə, Ermənistana təsir etmək, onu geri çəkmək, hətta müəyyən məqamlarda təzyiq göstərmək lazım idi. Amma nə BMT bunu etdi, nə də Minsk Qrupu. Hamı susqun qaldı. Beynəlxalq hüququn tələbləri icra olunmadı. BMT-nin qətnamələri elə kağız üzərində qaldı və nəhayətində Azərbaycan dövləti beynəlxalq hüququn tələblərini də, BMT-nin qətnamələrini də özü icra etməli oldu. Özü öz gücünə torpaqlarını işğaldan azad etdi. Özü erməniyə dərs verdi. Özü “dəmir yumruğu” terroristin, qəsbkarın, təxribatçının başına vurdu. Hərçənd, bir daha qeyd etmək istəyirəm: Əgər beynəlxalq təşkilatlar və əsasən də ATƏT-in Minsk Qrupu zamanında erməni işğalçılarını geri çəkməyi bacarsaydı, vəziyyət bu yerə qədər gəlib çıxmazdı, müharibə olmazdı, bölgədə konflikt ocağı qalmazdı.

İndi isə Azərbaycan yalnız irəli baxır. Əsas missiya da erməni vandallarının viran qoyduğu əraziləri bərpa etməkdir. Artıq işlər başlanılıb. Əzəli torpaqlarımız yenidən dirçəlir. Qarabağ bu gün rahat nəfəs alır. Beynəlxalq təşkilatlar məhz indi müvafiq addımlar atmalı, Qarabağdakı bərpa işlərində Azərbaycana dəstək verməlidir".