"Jirinovskilərin arzusu dilində və gözündə qalacaq"

"Jirinovskilərin arzusu dilində və gözündə qalacaq" backend

"Dünya siyasət tarixində xarakter etibarı ilə qəribə, bəzən də təəccüb doğran siyasi fiqurlar olub, amma bu tip siyasətçilər heç vaxt lider səviyyəsinə yüksəlməyiblər. Nadir hallarda yüksələnlərin isə liderlik ömrü qısa olub və biabırçılıqla sonlanıb. Rusiya siyasətində illərdir yalnız qəribəliyi ilə deyil, tərbiyəsizliyi ilə tanınan bir siyasi partiya rəhbəri var - Jirinovski. Leksikonu “yaramaz”, “alçaq”, “əclaf” və məşhur rus söyüşləri ilə zəngin olan bu üzdəniraq siyasətçinin hələ də partiya rəhbəri kimi fəaliyyət göstərməsi anormal hal sayılsa da, reallıq odur ki, o Rusiya Dövlət Dumasında təmsil olunan bir partiyanın sədridir, parlament üzvüdür".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vahid Əhmədov Jirnovskinin Azərbaycanla bağlı sərsəm açıqlamalarına münasibət bildirərkən deyib:

 

 "İllər öncə məşhur müğənni Alla Puqaçova ona belə bir sual verdi: ”Sizin bu cür davranışınıza yuxarıdanmı icazə verirlər?” Bu sual bir çox mətləblərin mahiyyətini əks etdirir, o cümlədən bəzi Kreml siyasilərinin danışan dili kimi xarakterizə olan Jirinovskinin də.

  

İndi də öz leksikonundakı söyüşlərin hamısına layiq olan bu şizofren siyasətçi bizə hədələyici tonda ağıl verməyə girişib. Bütün fəaliyyəti Rusiya imperiyasının itirdiyi postsovet respublikaları yenidən Rusiyaya qatmaqdan ibarət olan bu xəstə təfəkkürlü siyasətçiyə bir daha xatırlatmaq lazımdır ki, tarixin təkərini geri döndərmək mümkün deyil. Azərbaycan müstəqilliyini qazanıb, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarını düşməndən azad edib və müstəqillik yolunda uğurlu siyasətini davam etdirir. Azərbaycanın ərazisi bir daha düşmən tapdağında olmayacaq, Jirinovski və qonşu ölkənin onun kimi düşünən başqa siyasiləri də anlamalıdırlar ki, 44 günlük müharibənin qalibi olan Azərbaycan xalqı ilə bu zəfərin memarı, müzəffər Ali Baş Komandan arasında elə bir birlik yaranıb ki, onu hansısa böyük dövlətin başçısının istəyi ilə dağıtmaq mümkün deyil. Jirinovskilərin arzusu dilində və gözündə qalacaq və Rusiya Federasiyası rəhbərləri də bu başabəla siyasətçinin iki dövlət arasında olan münasibətlərə yalnız zərər vurduğunun fərqində olmalıdırlar."