Azərbaycan-Ermənistan sərhədində Rusiya qoşunları

Azərbaycan-Ermənistan sərhədində  Rusiya qoşunları backend

Xəbər verildiyi kimi bu günlərdə Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan hökumətin iclasında Azərbaycanla sərhəddə yaranmış gərginlikdən danışarkən Rusiyanın sərhəd qoşunlarının postlarını sərhəd boyu yerləşdirməyi təklif edib. Paşinyan bildirib ki, bu məsələni rusiyalı tərəfdaşlarla müzakirə edəcək. Eyni zamanda o, sərhəddə KTMT-nin monitorinq missiyasının yerləşdirilməsinə də çağırıb. Və deyib ki, əgər KTMT bunu istəmirsə o zaman Ermənistan başqa formatları, o cümlədən Minsk Qrupu çərçivəsində formatı müzakirə etməyə hazırdır.

Yerevan press-klubunun rəhbəri Boris Navasardyan və rusiyalı jurnalist Kirill Krivoşeyev hesab edirlər ki, Rusiya sərhədçilərinin Azərbaycan-Ermənistan sərhədində iştirakı stabilliyi təmin edə bilər. Amma Moskva bu məsələdə Bakının da mövqeyini nəzərə almağa məcburdur.

Yerevan press-klubunda bu mövzu ətrafında aparılan müzakirələr zamanı siyasi analitik Boris Navasardyan deyib ki, sərhəddə gərginlik Nikol Paşinyana əlavə problemlər yaradır. Ona görə də  müxtəlif həll yolları, o cümlədən Rusiya sərhədçilərinin yerləşdirilməsini təklif edir. Navasardyanın fikrincə, ötən ilki müharibəni uduzandan və üçtərəfli bəyanatı imzalayandan sonra Paşinyan münaqişədən mümkün qədər qaçmağa çalışır. O, qeyd edib ki, hakim siyasi qüvvənin çoxsaylı daxili problemləri var və seçkilərdə qazanılan qələbəyə baxmayaraq daxili siyasi böhranın öhdəsindən gəlmək hələ mümkün olmayıb.

“Paşinyana sosial-iqtisadi, həm də siyasi problemləri həll etmək üçün stabillik zəruridir. Sərhəddəki gərginlik isə buna mane olur, ona görə də Paşinyan bu gərginlikdən yaxa qurtarmağa çalışır. Rusiya sərhədçilərinin iştirakı isə həll yolu ola bilər”,-Navasardyan deyib.

Onun fikrincə, KTMT-dən müşahidəçilərin dəvət edilməsi formal xarakter daşıyır. Paşinyan başa düşür ki, onun təklifinə müsbət cavab verməyəcəklər. “Hətta müsbət reaksiya olsa belə mən KTMT müşahidəçilərinin işinin effektiv olacağına şübhə edirəm, çünki KTMT-dən obyektiv dəyərləndirmə gözləmək mümkün deyil”,-Navasardyan vurğulayıb.

Press-klub rəhbəri Minsk Qrupundan müşahidəçilərin cəlb edilməsini az ağlabatan hesab edir. “Bu, siyasi bəyanatdır və məqsəd öz öhdəliklərini yerinə yetirmək istəməyən , Minsk Qrupuna tərəf reveranslar edən KTMT-yə iradları davam etdirməkdir. Aydın məsələdir ki, Bakı bununla razılaşmayacaq”,-Boris Navasardyan belə deyib.

Siyasi analitik hesab edir ki, sərhədçilərin yerləşdirilməsində Rusiya üçün Azərbaycanın da mövqeyini nəzərə almaq mühümdür. “Moskva üçün Bakı ilə indiki tam qarşılıqlı anlaşmadan kənara çəkilmək sərfəli deyil. Moskva başa düşür ki, Azərbaycanla qarşıdurma Türkiyə ilə qarşıdurma olacaq, ona görə də mümkün qədər çalışır ki, Bakını əsəbləşdirməsin. Bununla belə Moskva gözəl başa düşür ki, Ermənistanın güzəştə gedilməsi Rusiyanın regiondakı imicinə təsir edəcək”,-o deyib.

Moskvadakı Karnegi mərkəzinin eksperti, jurnalist Kirill Krivoşeyev isə deyib ki, Rusiya sərhədçilərinin yerləşdirilməsi ikitərəfli Ermənistan-Rusiya münasibətlərinin formatına uyğun gəlir. “Lakin Moskva bu məsələdə Azərbaycanın da mövqeyinə qulaq asmaq məcburiyyətindədir, hansı ki, bu mövqe müsbət olmayacaq. Stresli vəziyyət təcili qərarlar tələb edir. Moskvada Rusiya hərbçilərinin regionda təsir zonasını genişləndirmək istərdilər, amma Bakıda bundan heç də sevinməzdilər”,-rusiyalı ekspert bildirib.

Rusiyadakı MDB İnstitutunun Ermənistan filialının direktoru, politoloq Aleksandr Markarov isə Ermənistanın Rusiya sərhədçilərinin yerləşdirilməsi barədə müraciətinin məntiqli olduğunu deyir.  Onun sözlərinə görə, əgər Ermənistan öz qüvvələri ilə sərhədi qoruya bilmirsə o zaman Rusiyaya müraciət etmək lazım gəlir. “Lakin bu müraciətə hələ Ermənistanın gözlədiyi cavab verilməyib”,-Markarov xatırladıb.

Ekspertin fikrincə, Azərbaycan yeni status-kvonu möhkəmləndirmək üçün sənədin imzalanmasına nail olmağa çalışır. Və Azərbaycanın daimi təzyiqləri Ermənistanda qeyri-stabilliyə gətirib çıxaracaq. “Sərhəd gərginliyi həm də Qarabağ məsələsini gündəmdən çıxarmaq və Ermənistanla sərhədlərin delimitasiyasını, demarkasiyasını gündəmə gətirmək məqsədi güdür”,-Markarov belə düşünür.

Virtualaz.org

Diaspora