Qənirə Paşayeva məşhur fotojurnalist Rza Diqqəti ilə görüşüb - FOTO

Qənirə Paşayeva məşhur fotojurnalist Rza Diqqəti ilə görüşüb - FOTO backend

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva ictimai xadim, fotojurnalist, Milli Coğrafiya Cəmiyyətinin məşhur fotoqrafı, Fransa vətəndaşı Rza Diqqəti ilə görüşüb, onu doğum günü münasibəti ilə təbrik edib. Mədəniyyət Komitəsində baş tutan görüşdə Q.Paşayeva R.Diqqətinin istər 90-cı illərdə, istərsə 44 günlük Vətən Müharibəsində erməni vandalizminin fotofaktlarla ifşa edilməsi, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə yayılması sahəsində xidmətlərini minnətdarlıqla vurğulayıb:

“Siz dünyanın harasında yaşayıb, çalışsaz da doğma Azərbaycana bağlılığınızı bir an belə unutmamış, necə deyərlər, Azərbaycanla nəfəs almısız.

Siz 1991-ci ildən etibarən Milli Coğrafiya Cəmiyyəti ilə əməkdaşlığa başlamısız və Cəmiyyətin bir çox layihələrini həyata keçirmisiz. Çəkdiyiniz şəkillər 25 jurnalın üz qabığı olub. Həyat yoldaşınız yazıçı Reyçel Diqqəti ilə birlikdə Parisdə “Webistan” Foto Agentliyinin əsasını qoymusuz (1992).

Siz 1990-cı ildə Əfqanıstanda BMT-nin məsləhətçisi olaraq, ölkənin quzey əyalətlərində yenidənqurma və yardım proqramında 9 ay fəaliyyət göstərmisiz. 1996-cı ildə, UNİSEF və Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlıq edərək Ruandada qaçqın şəhərciklərində şəkillər çəkməyə başlamısız. Və bu şəkillər sonradan qarışıqlıq zamanı valideynlərini itirmiş övladlara öz valideynlərini (və ya övladlarını itirmiş valideynlərə öz övladlarını) tapmağa kömək olmuşdur. Konqo Demokratik Respublikasıdan olan 12 min uşağın şəklini çəkərək onları qaçqın şəhərciklərində nümayiş etdirmisiz. Bütün bu və bənzəri çalışmalarınız içində, əlbəttə, doğma Azərbaycanda baş verən hadisələrə - özəlliklə, Qarabağın işğalına biganə qalmamış, çoxsaylı yaddaqalan fotolarınızla Ermənistanın vandalizm aktlarını dünyaya nümayiş etdirmisiz. 44 günlük Vətən Müharibəsində də, öz doğma xalqınıza və sənət kredonuza sədaqət nümayiş etdirərək, yeni fotolarla çıxış etmisiz. Bugünlərdə Sizin əsərləriniz Bakıda – Heydər Əliyev Mərkəzinin həyətində sərgilənməkdə və geniş tamaşaçı rəğbəti ilə qarşılanmaqdadır.

Siz bir sənətkar olaraq yaratdığınız əsərlərlə yanaşı, xeyirxahlıq missiyası ilə də seçilən humanistsiz. Sizin uşaqlarla, qaçqınlarla bağlı layihələriniz beynəlxalq humanitar qurumların diqqətini cəlb edib.

Hörmətli Rza bəy,

Sizə Azərbaycan həqiqətlərini davamlı və peşəkar şəkildə təbliğ etdiyiniz üçün Mədəniyyət Komitəsi adından təşəkkür edir, möhkəm can sağlığı, yeni yaşınızda yeni yaradıcılıq uğurları diləyirəm”!

Komitə sədri görkəmli sənətkara Qarabağ motivli xatirə hədiyyəsi və Komitənin təşəkkür məktubunu təqdim edib.

Görüşdə sənətkarın bacısı, “Banu" Moda evinin modelyer-dizayneri Pəriçöhrə Diqqəti və “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva iştirak edib.

R.Diqqəti səmimi görüş və fikir mübadiləsi üçün Komitə sədrinə təşəkkür edib.