Dilimizi bilməyən diplomatlarımız və Şeyxin açıqlaması: "Yaşlı adamdır, üstünə getmək doğru deyil"

Dilimizi bilməyən diplomatlarımız və Şeyxin açıqlaması: "Yaşlı adamdır, üstünə getmək doğru deyil" backend

“Elmar Məmmədyarov Azərbaycan dilində mükəmməl də danışsaydı, nəticə eyni olacaqdı”

Son zamanlar sosial şəbəkələrdə Azərbaycanın xaricə göndərilən səfirlərinin, diplomatlarının savad məsələsi barədə müxtəlif fikirlər səslədirilir. Hətta bir ara şayiələr yayılmışdı ki, Türkiyədə səfirimiz öz işçiləri ilə rusca danışır və bu, türkiyəli diplomatların da təəccübünə səbəb olub.

Bu gün Prezidentin sərəncamı ilə bir neçə ölkəyə səfirlər təyin olunub. Yeni təyinat alan səfirlər arasında sabiq rektor və millət vəkili Abel Məhərrəmovun oğlu, İspaniyadakı keçmiş səfir Anar Məhərrəmov da var. A.Məhərrəmov Estoniyaya səfir göndərilir. Xatırladaq ki, Anar Məhərrəmovun adı 2018-ci ildə şərab biznesində hallandırılmışdı.

Onun yenidən səfir təyin olunması isə sosial şəbəkələrdə təəccüb və müzakirəyə səbəb oldu.

Qazilər.az xəbər verir ki, bu və digər məqamlar barədə Bizimyol.info saytının suallarını cavablandıran keçmiş xarici işlər naziri, Latviya və Estoniyada Azərbaycanın səfiri olmuş Tofiq Zülfüqarov bildirib ki, bu məsələlərdə diplomatları peşəkarlıq baxımından qiymətləndirmək lazımdır.

“Bəzən şayiələr yayırlar və mətbuatda da yoxlamadan bu və digər məlumatı tirajlayırlar. Mən səfir olarkən də bizim fəaliyyətimiz barəsində müxtəlif şayiələr yayan KİV-lər olmuşdu. Mən Azərbaycana qayıtdıqda məhkəməyə müraciət elədim və onlardan isbat tələb etdim. Sonradan üzrxahlıq etdilər ki, yoxlamadan məlumat vermişik. Yəni kiminsə biznesi var, yoxdur... O barədə bir söz deyə bilmərəm”,- deyə T.Zülfüqarov bildirib.

Dil məsələsinə gəlincə isə, sabiq nazir bunun çox da “fəlakətli məsələ” olmadığını deyib: “Əsas diplomatın peşəkarlığı və təmsil etdiyi ölkə üçün hansı xidmətlər göstərməsidir. Elmar Məmmədyarov Azərbaycan dilində sərbəst danışsa idi, nəticə nə olacaqdı? Onun fəaliyyətini mən dəfələrlə tənqid etmişəm. Kiminsə Azərbaycan dilini yaxşı bilib-bilməməsi yox, vəzifəsinə necə yanaşması önəmlidir”, - deyə diplomat vurğulayıb.

O qeyd edib ki, yeni XİN başçısı Ceyhun Bayramov vəzifəsinin öhdəsindən uğurla gəlir.

“Bilirsiniz ki, müharibə həm də diplomatik cəbhədə gedir. Və bu, hələ də bitməyib. Azərbaycan və Ermənistan arasında olan diplomatik savaş hələ uzun müddət davam edəcək. Lakin qələbəmizdə diplomatiyamızın da rolu oldu. Yeni nazirlə şəxsən tanış oldum, söhbətləşdik... Gördüm ki, çox təvazökar insandır və işinin öhdəsindən gəlmək üçün maksimum səylər göstərir. İnanıram ki, zamanla diplomatik korpusda olan bütün problemlər həllini tapacaq”,- deyə T.Zülfüqarov qeyd edib.

Diplomat əlavə edib ki, Azərbaycanın diplomatik korpusu 44 günlük aktiv əməliyyatlar ərzində Türkiyənin böyük dəstəyini görüb: “Həmçinin İsrail diasporunun da rolunu unutmaq olmaz. İsrail lobbisi hər zaman Azərbaycana isti yanaşıb və bunun tarixi səbəbləri var”.

Son günlər qalmaqala səbəb olan QMİ sədri Allahşükür Paşazadənin “Xameneyinin fətvası qələbəmizin carçısı oldu” açıqlaması ilə bağlı sualımıza isə Tofiq Zülfüqarov belə cavab verib: “Bəli, məncə səhv açıqlama idi. Amma yaşlı adamdır, ola bilər ki, hansısa fikrini düz ifadə edə bilməyib. Bunu böyütmək, uzatmaq, onun üstünə getmək doğru deyil. İranla diplomatik böhran gözləmirəm, amma İran bizim böyük qonşumuzdur. Bu dövlətlə münasibətləri normal saxlamaq, gərginləşdirməmək lazımdır”.

Diaspora