Şeyxin İran açıqlaması, İrəvanda həyəcan təbili...

Şeyxin İran açıqlaması,  İrəvanda həyəcan təbili... backend

Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin İran Ali lideri ilə bağlı fikrinin günlərdir müzakirə edilməsi başadüşüləndir. Çünki Şeyx İran Ali liderinin Qarabağın azad olunmasındakı “xidmət”ini qiymətləndirərkən əndazəni aşan müqayisə aparıb.

Şeyxin Xameneinin Qarabağla bağlı fitvasına bu qədər yüksək təqdim etməsinin siyasi çalarını qiymətləndirmək üçün erməni mediası və politoloqlarını izləmək doğru qənaət üçün maraqlıdır. Erməni politoloqları bu kontekstdə nə düşünür?

Erməni politoloqlarının ümumi rəyi bundan ibarətdir ki, Nikol Paşinyan antirusiya mövqeli şəxslərə vəzifə verməklə, üzdə Rusiya ilə münasibətləri qorumağa çalışır, əslində isə birmənalı qərbyönlü siyasət həyata keçirir. Bu siyasət Rusiya kimi, İranın da maraqlarına cavab vermir və buna görə də 30 illik işğal zamanı Ermənistanın iqtisadi baxımdan boğulmasının qarşısını alan yeganə ölkə - İranla ciddi narazılıqlar ortaya çıxıb. Məsələn, erməni şərhçi Razmik Akopcanyan “Şuşa bizdə olarkən” İranın orda məscid “bərpa” etməsindən danışıb, həmin vaxt ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasını xatırladır. Amma indi vəziyyət necədir? “İranın Ali rəhbərinin rəsmi nümayəndəsi Seyid Əliəkbər Ocaqnejat Şuşa məscidində öndə namaz qılır və bundan çox xoşbəxt olduğunu deyir. Biz artıq görürük ki, Azərbaycan, Türkiyə və Rusiya üçlüyü necə möhkəmlənir. Belə bir şəraitdə İranın da Ermənistan üçün itirilməsi faciədir”, - Akopcanyan yazır.

Bu fakt Şuşada namaz qılarkən Ocaqnejatın önə verilməsindən tutmuş Şeyxin Xamenei haqda dediyi yüksək tərifə qədər, son 10 gündə baş verənlərə siyasi qiymət vermək üçün ciddi düşünmək lazım gəldiyini sübut edir.

Ermənistanda hazırda həm media, həm də sosial şəbəkələrdə İranla pisləşən münasibətlərə görə həyəcan təbili çalınır. Bu xüsusda İran-Azərbaycan yaxınlaşması və Qafqaz Şeyxinin dini faktordan maksimum siyasi bəhrələnmə manevrləri də “qorxulu” adlandırılır. Əgər ermənilər bundan ciddi şəkildə narahatdırsa və İran Qafqaz siyasətində vacib dəyişikliklərə getmək məcburiyyətindədirsə, Qafqaz Şeyxinin bu dini, əslində isə siyasi gedişləri niyə bu qədər müzakirə mövzusu olmalıdır?

Əlbəttə, Rusiya kimi, İranın da Azərbaycana Türkiyə və yaxud Pakistan qədər dost-qardaş olduğunu gözləməyə dəyməz. Ancaq regionun ən güclü dövlətləri olan Rusiya və İranla 1993-cü ildən – Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə qurulan əlaqələrin bəhrəsini 44 günlük savaşda gördük. Ən azı hər iki ölkə Azərbaycanın haqq savaşına “siyasi müqavimət” göstərmədi – iqtisadi və hərbi müqavimətlərinin öhdəsindən isə qardaşlarımızın sayəsində gələ bildik.

Siyasət – düşməni dost etmək və yaxud ən azı siyasi baxımdan neytrallaşdırmaq bacarığıdır. Əgər Şeyximiz bu prosesə öz töhfəsini verirsə, bir az aşırı mübaliğələri bu qədər geniş müzakirə mövzusuna çevrilməməlidir...

Axar.az

Diaspora