İrəvan Moskvadan üz çevirib: Qərb Ermənistan ərazisindən Rusiyaya zərbə vuracaq

İrəvan Moskvadan üz çevirib:  Qərb Ermənistan ərazisindən Rusiyaya zərbə vuracaq backend

Ermənistanda son günlərin ən çox müzakirə olunan mövzulardan biri xarici siyasətlə bağlı fundamental dəyişikliklərin baş verməsidir. Maraqlıdır ki, erməni siyasətçilər, politoloqlar ölkənin başsız qalan diplomatiyasının təhlükəli mərhələyə keçdiyini bildirirlər.

Qazilər.az Azvision.az-a istinadla xəbər verir ki, yerli mediada bu barədə tez-tez təhlillər yazılır, siyasi ekspertlərin pessimist ruhlu proqnozları dərc edilir.

Məsələn, "Fakt" qəzetində gedən bir məqalədə Qərbin artıq Ermənistanda yalnız diplomatiyanı ələ keçirməyə çalışması deyil, həm də anti-Rusiya ab-havası yarada bilməsinə işarə vurulub.

“Mövcud hakimiyyətin davranışlarından məlum olur ki, hazırda Ermənistanın xarici siyasətində ciddi dəyişikliklər gözlənilir. Üstəlik, müxtəlif səlahiyyətli nümayəndələr açıq şəkildə olmasa da bu barədə danışmaq fürsətini əldən vermirlər. Amma olduqca aydın işarələr göstərilir. Bunun ən yaxşı nümunəsi son iki ayda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) başlayan hücum idi. Bundan əlavə, anti-Rusiya "orkestri" Rusiyaya qarşı təbliğata təkan verərək yeni bir "konsert mövsümü"nün açıldığını elan etdi",-nəşr bəzi səlahiyyətlilərin və hakimiyyətə yaxın ekspertlərin anti-rus əhvallı yeni siyasi xətt götürməsinə eyham vurub.

Qəzet iddia edib ki, Ermənistanda fəaliyyət göstərən Qərbin maliyyələşdirdiyi siyasi dairələr anti-Rusiya kampaniyasında əsas açar rolunu oynayırlar. Bunun üçün də hakimiyyət ölkədə kifayət qədər əlverişli bir "siyasi uyğunlaşma" şəraiti yaradıb.

Üstəlik, ölkədə paralel olaraq Qərb təbliğatının yeni dalğası sürətlənir və bunun üçün münbit zəmin formalaşdırıldı - Avropa İttifaqının Ermənistana 2,6 milyard avro məbləğində yardım vədi gəldi. "Fakt" iddia edir ki, Nikol Paşinyan hökuməti, Ermənistanın xarici siyasət vektorunu tamamilə Qərbə yönəltməyə çalışır.

"Hökumət regional infrastruktur məsələlərinin reallaşmasının, bölgədə sülh və inkişaf yaratmağın başqa bir yolunun olmadığı tezislərini yaymaqla məşğuldur. Əldə etdiyimiz məlumata görə, yaxın günlərdə bu istiqamətdə hansı addımların atılacağa, qarşıdakı tədbirlərin hansı yol xəritəsinə əsasən aparılacağı aydınlaşdırılacaq".

Erməni politoloq Ayk Ayvazyan da yerli mediaya verdiyi açıqlamada xarici siyasətdə Qərbə meylli ciddi dəyişikliklərin baş verəcəyini proqnozlaşdırıb:

"Ermənistanın xarici siyasət vektorundakı dəyişiklik nə deməkdir, bunun bizim üçün hansı nəticələri olacaq? Qərbin məqsədi Rusiya dövlətinin məhv edilməsi və bölünməsi olduğundan, Ermənistanın xarici vektorunda dəyişiklik sadəcə siyasi baxışla bağlı olmayacaq. Bu dəyişiklik həm də İrəvanın anti-Rusiya layihəsində iştirak etməsi və Ermənistan ərazisindən istifadə edərək Moskvaya zərbə vurulmasına razılaşmaq deməkdir. Nəticə etibarilə deyə bilərik ki, erməni xalqına qarşı xarici xəttin Qərbə doğru dəyişməsindən böyük bir düşmənçilik yoxdur".

Diaspora