“Dövlətin malı dəniz”…

 “Dövlətin malı dəniz”… backend

Azərbaycanda bütün dövlət şirkətləri, dövlətin nəzarətində olan aktivlər əslində dövlətə yox, həmin qurumlara rəhbərlik edənlərə, onların yaxınlarına məxsusdur. Dövlətin iqtisadiyyatda aparıcı rolda olması, əsas oyunçu kimi qalması ən çox məmurlara, onların arxasında duran prezidentə sərfəlidir.

Adi bir misal: prezidentin 18 oktyabr 2017-ci il fərmanı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb. Dövlət başçısının 21 dekabr 2017-ci il sərəncamı ilə Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. Bundan öncə Saleh Məmmədov “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri idi – qurumun adı və statusu dəyişdirilib, amma rəhbəri yerində qalıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 2020-ci ilin hesabatını açıqlayıb – qurumun gəliri 1 milyard 105 milyon 651 min manat olub. İlk baxışdan pis nəticə deyil, amma agentliyin xərcləri də qəpiyə-qəpik (təbii ki, kağız üzərində) 1 milyard 105 milyon 651 min manat göstərilib! Belə zərgər dəqiqliyi mümkün deyil axı!

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 2020-ci ili gəlirsiz tamamlayıb – yaxşı, gəliri yoxdursa, niyə işləyir bu qurum?!

2019-cu ildə bir az insaflı olublar, həmin ilin nəticələrinə görə, agentliyin gəlirləri 1 milyard 85 milyon 690 min 30 manat, xərcləri 1 milyard 85 milyon 688 min manat olub, o boyda qurum 1230 manat gəlir əldə edib!

Təbii ki, dövlətin əlindəki bütün iqtisadi qurumlar büdcənin, dövlətin, xalqın üzərində ağır yükdür, gəlirlilik yox, dotasiya çox, kağız üzərində fırıldaq bol – amma nə faydası?! “Dövlətin malı dəniz” məntiqi ilə idarəetmə davam edir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hələ insaflıdır, başa-baş çıxarıb rəqəmləri, digərləri böyük güzəştlər, dotasiyalar, kreditlər alır…

Natiq Cəfərli / Novator.az

Diaspora