Əliyev-Putin görüşünün şifrələri: Rəsmi Bakı və Kreml “fransız ssenarisi”ni iflasa uğradacaq

Əliyev-Putin görüşünün şifrələri:  Rəsmi Bakı və Kreml “fransız ssenarisi”ni iflasa uğradacaq backend

Moskva görüşü Paşinyan hakimiyyətinin siyasi xəyanətinə uğrayan Kremlin rəsmi Bakı ilə strateji tərəfdaşlıqda maraqlı olduğunu bir daha təsdiqlədi; Rusiyanın Ermənistana qarşı müəyyən hərbi-siyasi sanksiyalar tətbiq edə biləcəyi qətiyyən istisna deyil...   

Cənubi Qafqazın gələcək inkişaf perspektivləri tədricən aydınlaşmağa başlayıb. Artıq inkaredilməz reallıqdır ki, bu regionda geostrateji, geopolitik və geoiqtisadi proseslər yeni şərtlər çərçivəsində cərəyan edəcək. Və bu reallıqların dəyişdirilmə ehtimalı isə qətiyyən inandırıcı görünmür.

Düzdür, Ermənistan öz xarici himayədarlarının – ABŞ və Fransanın dəstəyinə ümid bəsləyərək, buna hələ də cəhd edir. Xüsusilə də, Fransa bu istiqamətdə Paşinyan hakimiyyətinə müəyyən qeyri-real vədlər verməklə, Ermənistanı regional təxribatlara cəsarətləndirməyə çalışır. Əsas məqsəd isə ATƏT-in Minsk Qrupu həmsədrlərindən ikisini – ABŞ və Fransanı Cənubi Qafqazda oyundankənar vəziyyətə salan üçtərəfli anlaşmaların demantaj edilməsinə nail olmaqdır.

Belə anlaşılır ki, Fransa öz maraqları naminə Ermənistanı yeni təhlükəli oyunun içərisinə atmaqda israrlıdır. Hətta rəsmi Paris buna böyük ölçüdə nail ola da bilib. Hər halda, Fransanın vədlərinə uyan Paşinyan hakimiyyəti parlament seçkilərindən sonra üçtərəfli anlaşmaların icrasından yayınmağa can atır. Bunun əvəzindəsə, həmin önəmli sənədləri açıq-aşkar riskə atan, fərqli iddiaları gündəmə gətirməyə çalışır.

rus-azer-ermeni-595261.jpg (424 KB)

Ancaq rəsmi İrəvanın nəzərə almaqdığı bir önəmli məqam var. Üçtərəfli anlaşmaların icra edilməsinin əsas qarantı rolunda məhz Rusiya çıxış edir. Fransadan fərqli olaraq, Rusiyanın Cənubi Qafqaz regionunda hərbi-siyasi işturak mexanizmləri kifayət qədər həlledici xarakter daşıyır. Hətta Ermənistanın özünün mövcudluğu belə, hazırda məhz Rusiyanın mövqeyinə bağlıdır.

Digər tərəfdən, Cənubi Qafqazda lider dövlət statusuna isə yalnız Azərbaycan sahibdir. Bu regionun gələcək taleyinin müəyyən edilməsində rəsmi Bakı əsas siyasi iradə sahibi rolunda çıxış edir. Yəni, rəsmi Bakının regional siyasi iradəsi Fransanın Paşinyan hakimiyyətinə verdiyi vədlərin boşa çıxarılması üçün tamamilə yetərlidir.

Buraya Türkiyənin də Cənubi Qafqazda əsas geopolitik oyunçuların sırasına daxil olmasını da əlavə etdikdə, ABŞ-Fransa çütlüyünün Ermənistana vədlərinin icra edilməz xarakter daşıdığı təsdiqlənir. Ona görə də, hesab etmək olar ki, regional maraqları uzlaşan Azərbaycan-Türkiyə-Rusiya ortaqlığı ABŞ, Fransa və Ermənistanın pozuculuq fəaliyyətinin iflas təminatıdır. Və bu baxımdan, yalnız regional xaos vəziyyətində bölgəyə geri dönüş şansı qazana biləcək ABŞ-Fransa çütlüyü əslində, Paşinyan hakimiyyətini yalan vədlərlə aldadaraq, Ermənistanın gələcək taleyindən “geopolitik qumar”da yararlanır.

Ancaq bu “geopolitik qumar”ın baş tutmayacağı elə əvvəlcədən də məlumdur. Çünki hazırda Azərbaycan və Rusiyanın maraqları böyük ölçüdə üst-üstə düşür. İki qonşu ölkə arasında anlaşma şəraiti mövcuddur. Qarçılıqlı münasibətlər intensiv şəkildə inkişafdadır. Azərbaycan və Rusiya regional təhlükəsizlik məsələlərində də ortaq mövqedən çıxış edir.

Aliyev_putin.jpg (707 KB)

Azərbaycan Prezidenti İlham Əliyevin Moskvada Rusiya lideri Vladimir Putinlə görüşündə də bu məqamlar ciddi şəkildə nəzərə çarpdı. İki dövlət başçısı olduqca səmimi şəraitdə konstruktiv, ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə yönəlik müzakirələrlə Azərbaycan və Rusiyanın maraqlarının üst-üstə düşdüyünü biruzə vermis oldular. Bunun iki dövlət lideri arasında şəxsi münasibətlərin, Rusiya-Azərbaycan əlaqələrinin və geosiyasi reallıqlara yanaşmada ortaq mövqeyin xarakterindən irəli gəldiyi isə qətiyyən şübhə doğurmur.

Azərbaycan və Rusiya prezidentləri görüşdən sonra verdikləri açıqlamalarda demək olar ki, “status” mövzusuna münasibət bildirməyə ümumiyyətlə, həvəs göstərmədilər. Hər iki prezident əsasən, Azərbaycan-Rusiya münasbətlərinin daha da genişləndirilməsinin, Cənubi Qafqazın problemlərinin həllində, regionun inkişaf perspektivlərinin idarə olunmasında əməkdaşlığın vacibliyini qabartmağa üstünlük verdilər.

Fikrimizcə, məhz bu məqam Azərbaycan və Rusiya prezidentlərinin Moskva görüşünün şifrələrini açmaqda əsas açar rolunu oynaya bilər. Belə aydın olur ki, ABŞ-Fransa-Ermənistan üçlüyündən fərqli olaraq, rəsmi Bakı və Kreml bundan sonra “status” mövzusunu müzakirə etmək niyyətində deyillər. Bu məsələ Azərbaycan və Rusiya üçün üçtərəfli anlaşmalar çərçivəsində artıq öz həllini birmənalı şəkildə tapıb.

Ona görə də, hər iki dövlət başçısı üçtərəfli anlaşmaların icrası ilə bağlı vahid mövqe nümayiş etdirdilər. Cənubi Qafqazın gələcək taleyini müəyyən edə biləcək bu önəmli sənədlərin tələblərinin yerinə yetirilməsini əngəlləməyə cəhd göstərənlərə də sərt mesaj vermiş oldular. Regionda bütün nəqliyyat-kommunikasiya xətlərinin açılmasının vacibliyini vurğuladılar.

makaron-pasha-indir.jpg (6 KB)

Bu baxımdan, Azərbaycan Prezidentinin “Bütün nəqliyyat-kommunikasiya xətləri eyni vaxtda açılmalıdır” tezisi Zəngəzur dəhlizinin ön plana çıxarılması anlamı daşıyır. Çünki rəsmi Bakı hesab edir ki, Paşinyan hakimiyyətinin Zəngəzur dəhlizinin yaradılmasına müxtəlif əsassız bəhanələrlə əngəl törətmək cəhdi yolverilməzdir. Və bu dəhlizin təkcə dəmiryolunu deyil, həm də paralel olaraq, avtomobil nəqliyyatı marşrutunu da əhatə etməsi Cənubi Qafqaz regionu üçün böyük önəm daşıyır.

Onu da qeyd edək ki, məhz üçtərəfli anlaşmaların icrasına qarşı Ermənistanı “geopolitik qumar”ın alətinə çevirən ABŞ və Fransanın davaranışları hazırda regionda sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olmasında, qarşılıqlı etimad mühitinin yaradılmasında əsas əngəl kimi ortaya çıxmağa başlayıb. Bu əngəlin yaranmasında Paşinyan hakimiyyətinin avantürist davranışlarının da xüsusi rolu var. Çünki məhz rəsmi İrəvan ABŞ və Fransanın icrası qeyri-real vədlərinə uyaraq, üçtərəfli anlaşmaların yerinə yetirilməsindən yayınmağa can atır. Və bu, Ermənistan üçün olduqca təhlükəli geopolitik seçimdir.

Məsələ ondadır ki, üçtərəfli anlaşmaların altında Azərbaycan və Rusiya prezidentlərinin də imzası var. Moskva görüşündə hər iki dövlət başçısı imzaladıqları sənədlərin icrasının pozulması cəhdlərinə heç bir halda imkan vermək niyyətində olmadıqlarını açıq şəkildə təsdiqlədilər. Və bu məsələdə ortaq mövqedən çıxış etməklə yanaşı, pozuculuq fəaliyyətinə sərt, qətiyyətli reaksiya veriləcəyini də gizlətmədilər.

Təbii ki, Ermənistanın hərbi müttəfiqi olan Rusiyanın belə qətiyyətli mövqedə olması, Paşinyan hakimiyyəti üçün təhlükəli perspektivlər vəd edir. Xüsusilə də, rəsmi İrəvana qarşı Kremlin müəyyən hərbi-siyasi sanksiyalar tətbiq edə biləcəyi qətiyyən istisna deyil. Bu baxımdan, Moskva görüşünün nəticələri, “fransız ssenarisi”nə bağlı erməni təxribatlarının Paşinyan hakimiyyətinə hansı təhlükələri vəd etdiyini proqnozlaşdırmağa imkan verir.


“Yeni Müsavat” Media Qrupu

Diaspora