Prezident İlham Əliyev: 10 min kvadratkilometrdən artıq ərazini minalardan təmizləməli və yenidən qurmalıyıq

Prezident İlham Əliyev:  10 min kvadratkilometrdən artıq ərazini minalardan təmizləməli və yenidən qurmalıyıq backend

10 min kvadratkilometrdən artıq ərazini minalardan təmizləməli və yenidən qurmalıyıq.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Aİ Şurasının Prezidenti Şarl Mişellə birgə keçirilən mətbuat konfransında sualları cavablandırarkən deyib.

Dövlət başçısı bildirib:

"Azad olunmuş ərazilərdəki dağıntılar beynəlxalq mediada geniş şəkildə təqdim edilib. Həmçinin beynəlxalq media nümayəndələrinin azad olunmuş ərazilərə bir neçə səfər təşkil edilib ki, onlar da dağıntıların miqyasının şahidi olsunlar. Bununla yanaşı, Azərbaycanda akkreditə olunmuş səfirlər və digər diplomatik nümayəndəliklərin rəhbərləri azad olunmuş ərazilərə bir neçə dəfə səfər ediblər. Mənzərə onlar üçün aydın oldu. Oralar yerlə-yeksən edilib və həmin dağıntılar Birinci Qarabağ müharibəsi zamanı deyil, müharibədən sonrakı dövrdə törədilib. İki müharibə arasındakı dönəmdə ermənilər işğal olunmuş ərazilərdə Azərbaycan xalqının tarixi, mədəni və dini irsini qəsdən məhv ediblər.

Ağdam kimi böyük şəhər bu gün artıq mövcud deyil. Orada bir dənə də olsun salamat bina yoxdur. Füzuli kimi şəhər mövcud deyil və biz onu azad edəndə orada bayrağımızı dalğalandırmaq üçün bir dənə də bina tapa bilmədik. Cəbrayıl tamamilə dağıdılıb. Digər şəhərlər ermənilər tərəfindən qeyri-qanuni məskunlaşdırma üçün istifadə edilib ki, bunun özü də müharibə cinayətidir. Həmin məskunlaşdırma halları bəlli faktdır və etibarlı mənbələr tərəfindən təsdiq olunub.

Beləliklə, orada görüləcək işlərimiz çoxdur. Biz 10 min kvadratkilometrdən artıq ərazini minalardan təmizləməli və yenidən qurmalıyıq. Orada 100 minlərlə mina basdırılıb və müharibə başa çatdıqdan - 10 noyabr tarixindən bu günədək minalar səbəbindən 140 nəfər həlak olub və ya yaralanıb. O cümlədən iki jurnalistimiz həlak olub. Onlar avtomobillə hərəkət edərkən İkinci Qarabağ müharibəsi dayandıqdan sonra - ermənilərə həmin əraziləri boşaltmaq üçün iki həftə vaxt verildiyi müddətdə orada yeni basdırılan minaya düşüblər".