Estoniya Rusiyadan torpaqlarını geri istədi, qalmaqal böyüdü

Estoniya Rusiyadan torpaqlarını geri istədi,  qalmaqal böyüdü backend

Postosovet ölkələri Rusiya ilə mümkün qədər münaqişəyə girməməyə çalışır. Amma Şengen zonasında yer almış keçmiş SSRİ respublikaları hərdən Kremldən çəkinmədiyini göstərir. Son günlər Estoniyada bu istiqamətdə fəallıq hiss olunur. Baltikyanı ölkə yenə Rusiyadan torpaqlarını tələb etməyə başlayıb.

Qazilər.az Bizimyol.info-ya istinadla xəbər verir ki, Tallinin köhnə iddianı bir daha səsləndirməsi Moskvanın xoşuna gəlməyib. Rusiya məsələyə dərhal reaksiya verib. Kreml Estoniyanın baş konsulunu “arzuolunmaz şəxs” elan edib. Marta Lyatteyə ölkəni tərk etmək üçün 48 saat vaxt verilib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlamasında Estoniya tərəfinin bəzi ittihamlarının əsassız olduğunu bildirib. O, konkret nəyi nəzərdə tutduğunu dilə gətirməyib. Amma qərarda son günlərin ovqatının əsas rol oynaması heç kimə sirr deyil.

Estoniya ilə Rusiya arasındakı torpaq davası Baltikyanı ölkədə prezidentliyə namizəd Henn Pılluaasın Tartu müqaviləsini xatırlatmasıyla yenidən alovlanıb. Eston siyasətçi Kremldən ölkəsinin torpaqlarını tələb edib. Rusiyanı açıqlama çox qəzəbləndirib.

Pılluaas üzvü olduğu Konservativ Xalq Partiyasının iclasında Tartu müqaviləsindən danışıb. Siyasətçi Rusiyanın torpaqları geri qaytarmağa borclu olduğunu deyib. Pılluaas söz verib ki, prezident seçilsə, məsələnin həllinə nail olmağa çalışacaq. Halbuki indiki prezident Kersti Kalyulayd ifadələri daha ehtiyatla seçir. Hiss olunur ki, dövlət başçısı Rusiyanı qıcıqlandırmaq istəmir.

Tartu müqaviləsi 1920-ci il fevralın 2-də imzalanmışdı. Anlaşmada bir çox müddəaların yer almasıyla yanaşı, Rusiya və Estoniya arasında konkret sərhədlər göstərilmişdi. Vəziyyəti Estoniyanın 1940-cı ildə SSRİ-nin tərkibinə daxil edilməsi dəyişmişdi. Respublikaların 1991-ci ildə müstəqillik əldə etməsindən sonra Moskva qonşusuna saymazyana münasibət göstərməyə başlamışdı. Rusiya Xarici İşlər Nazirliyi müqavilənin hüquqi qüvvəsini itirdiyini hesab edir. Kreml əsas səbəb kimi Estoniyanın İkinci Dünya Müharibəsi günlərində SSRİ-nin respublikalarından birinə çevrilməsini göstərir.

Diaspora