Azərbaycana və Türkiyəyə qarşı reallaşdırılmış təxribatın – “mənəvi-psixoloji əməliyyat”ın arxasında kimlərin dayandığının ən qısa zamanda ortaya çıxarılmasına ehtiyac var; əgər, xain planın ssenari müəllifləri ən qısa zamanda ifşa edilməzsə, pusquda dayananlar yenidən meydana çıxa bilərlər...
Azərbaycan 44 günlük savaşda tarixi zəfər qazanıb. Bu reallığı hər kəs qəbul edir. Ancaq bu tarixi zəfər regionda və dünyada bir çoxlarını məyus edib. Çünki bu reallıq bəzi qüvvələrə qətiyyən sərfəli deyil.
Azərbaycanın tarixi hərbi zəfəri təbii ki, Silahlı Qüvvələrimizin Vətən qarşısındakı əvəzsiz xidmətidir. Eyni zamanda, bu savaşda Azərbaycan və Türkiyə mediası da birbaşa iştirak edirdi. Əsl həqiqətlərin bütün dünyaya çatdırılması üçün informasiya savaşında əl-ələ verib, birgə mübarizə aparırdılar.
Bu savaş nəticəsində Azərbaycan və Türkiyə münasibətlərinin əsl keyfiyyəti ortaya çıxmış oldu. Məlum oldu ki, iki qardaş ölkə möhkəm mənəvi bağlarla bir-birinə bağlıdır. Və Azərbaycanın zəfərindən məyus olanlar, bu bağlar qaldıqca, iki qardaş ölkəni zəiflədib, məğlub etməyin mümkün olmadığını da anladılar.
Ona görə də, Azərbaycan və Türkiyə arasındakı mənəvi bağların zədələnməsinə yönəlik təxribat planlarının ola biləcəyi qətiyyən istisna deyildi. Bu, gözlənilirdi. Bir müddət öncə məhz belə təxribat planlarından biri işə salındı. Üstəlik, diqqət etdikdə olduqca incə və düşünülmüş şəkildə hazırlanmış bir təxribat planının reallaşdırılmasına cəhd göstərildiyi nəzərə çarpır.
Etiraf etmək lazımdır ki, təxribat planının səhnəarxası müəllifləri hədəfi doğru seçmişdilər. Çünki “CNN türk”ün əməkdaşı Fulya Öztürkün Azərbaycanda sevildiyini, hətta cəmiyyətimizin toxunulmaz, həssas “qırmızı cizgi”lərindən biri olduğunu anlamaq o qədər də çətin deyildi. Və bu həssas “qırmızı cizgi”yə kobud təmasın hansı nəticələri verə biləcəyini də hesablamışdılar.
Ona görə də, məhz Fulya Öztürk üzərindən Türkiyə jurnalistikasına hücuma keçib, Azərbaycan və Türkiyə medialarının birləşmiş modelini dağıtmağa cəhd göstərdilər. Bu, açıq-aydın planlı təxribat idi. Bunu təşkil edən, körükləyən səhnəarxası qüvvələrin əsas hədəfi də böyük ehtimalla tarixdə ilk dəfə Azərbaycan və Türkiyənin dövlətlərinin, cəmiyyətlərinin və medialarının bu qədər sıx yaxınlaşma faktorları üzərinə kölgə salmaq, gələcək narazılıqların təməlini atmaq idi.
44 günlük savaş dövrünə diqqət etsək, Prezident İlham Əliyevin Azərbaycanın tarixi zəfərində iştirak edənlər arasında qeyri-rəsmi şəkildə rol bölgüsü apardığını da düşünmək olar. Azərbaycanın başlatdığı Vətən Müharibəsinin informasiya təminatını məhz Türkiyə KİV-ləri həyata keçirirdilər. Azərbaycan dövləti məhz Türkiyə KİV-ləri üzərindən beynəlxalq informasiya məkanına çıxmağa nail oldu. Nəticədə olduqca uğurlu bir model alındı və bu model hələ də aktual və işləkdir.
Təbii ki, əldə olunmuş bütün nəticələrdən Azərbaycan dövləti tamamilə məmnun qalmışdı. Ona görə də, Prezident İlham Əliyev Şuşa Bəyannaməsinin imzalanması mərasimində Türkiyə jurnalistlərinə xüsusi olaraq, təşəkkür etdi. Bu, qətiyyən təsadüfi bir təşəkkür deyildi. Azərbaycan Prezidenti öz missiyasını böyük uğurla reallaşdırmağı bacarmış Türkiyə mediasına Azərbaycan adından öz şükranlıq borcunu yerinə yetirdi.
Məhz belə bir dönəmdə, xüsusilə də, Prezident İlham Əliyevin həmin təşəkkür mesajından qısa bir müddət sonra Fulya Öztürk açıq hədəfə alındı. Onun üzərindən Azərbaycan və Türkiyə mediaları arasındakı ortaqlıq münasibətlərinin korlanmasına yönəlik cəhdlər göstərildi.
Əsas məqsədi anlamaq o qədər də çətin deyil. Təxribatın müəllifləri və iştirakçıları əvvəlcə iki qardaş ölkənin mediaları arasında narazılıqlar yaradacaqdılar. Ardınca bu narazılıq prosesini şişirdib, genişləndirib, Türkiyə və Azərbaycan cəmiyyətlərinə sıçratmağa çalışacaqdılar. Son nəticədəsə, iki qardaş dövlətin münasibətlərini korlamağa cəhd edəcəkdilər.
Amma baş tutmadı. Xain plan boşa çıxdı, bacarmadılar. Böyük ehtimalla hər şeyi ən xırda incəliyinə qədər düşünmüş təxribat ssenaristləri Azərbaycan cəmiyyətinin verəcəyi kəskin reaksiyanın məzmun və miqyasında ciddi şəkildə yanılmışdılar. Azərbaycan cəmiyyəti Fulya Öztürkə dərhal sahib çıxdı. Öz həssas “qırmızı cizgiləri"nin belə xain planlarla pozulmasına imkan vermədi. İrəli durdu və xarici dairələrdən idarə olunan təxribat planını dəf etdi, iflasa uğratdı.
Üstəlik, xain plan əks effekt də verdi. Azərbaycan və Türkiyə cəmiyyətləri daha da yaxınlaşdılar. Təbii ki, bu məsələdə Azərbaycan mətbuatının sağlam mövqeli təmsilçiləri də avanqard rolunu oynamağı bacardılar. Xüsusilə də, təxribat planının ifşa edilib, iflasa uğradılmasında “Yeni Müsavat” Media Qrupunun oynadığı önəmli rolu ayrıca qeyd etmək lazımdır.
Beləliklə, hesab etmək olar ki, Azərbaycan və Türkiyə strateji müttəfiqliyinə qarşı hazırlanmış daha bir təxribat planı ağır və sarsıdıcı cavab zərbəsi ilə iflasa uğradıldı. Təxribat planının müəllifləri və iştirakçıları yerlərində oturduldular, geri çəkilib, susmağa məcbur edildilər. Və belə təxribatların Azərbaycan cəmiyyətində keçərsiz olduğunun birmənalı mesajını almış oldular.
Ancaq belə təxribatları sonuna qədər araşdırmaq da olduqca vacibdir. Çünki, təxribatların arxasında gizlənənlər ifşa edilmədikcə, növbəti xəyanət ssenarilərini də gözləmək lazım gələcək. İlk növbədə vaxt itirmədən bəzi cavabsız sualların aydınlaşdırılması lazımdır. Xüsusilə də, Fulya Öztürk üzərindən Azərbaycana və Türkiyəyə qarşı reallaşdırılmış təxribatın – “mənəvi-psixoloji əməliyyat”ın arxasında kimlərin dayandığının ən qısa zamanda ortaya çıxarılmasına ehtiyac var.
Nəzərə almaq lazımdır ki, əgər, cavabsız suallar aydınlaşdırılmasa, belə təxribatların gələcəkdə də təkrarlanma təhlükəsi aktual olaraq, qalacaq. Düzdür, təxribat planının müəllifləri və iştirakçıları indi məğlub olub, öz “gizli hücrələr”inə çəkiliblər. Ancaq bunlar Azərbaycan cəmiyyətinə qarşı “gec partlayan minalar” rolunu oynayırlar.
Heç şübhəsiz ki, onlar öz əməllərindən və hədəflərindən belə asanlıqla imtina etməyəcəklər. Böyük ehtimalla pusquda dayanıb, yenidən öz məqamlarını gözləyəcəklər. Belə bir məqam əllərinə düşdükdəsə, yenidən öz pozuculuq fəlaiyyətləri, xəyanət ssenariləri ilə meydanda peyda olacaqlar.
Ona görə də, hüquq-mühafizə orqanlarının bu məsələni ciddiyə alaraq, Azərbaycan-Türkiyə münasibətlərini korlamaq cəhdlərini dərindən araşdırmasına ehtiyac olmamış deyil. Xüsusilə də, bu təxribatın həyata keçirilməsi prosesində sosial mediada vasitə kimi istifadə olunmuş şəxslərin üzərində nəzarətin gücləndirilməsi də vacibdir.
Nəzərə almaq lazımdır ki, bir çox hallarda əhəmiyyət verilməsə də, belə təxribatlar həmişə olub. Yəqin ki, gələcəkdə də analoji “mənəvi-psixoloji əməliyyatlara” cəhd göstərəcəklər. Bu səbəbədən də, ölkənin gələcəkdə belə təhlükəli xəyanət oyunları ilə üz-üzə qalmaması üçün bu təxribatı törədən qüvvələr elə indidən zərərsizləşdirilməlidir.
“Yeni Mesavat” Media Qrupu olaraq, hüquq-mühafizə orqanlarından son baş verənlərlə bağlı gözləntilərimiz məhz bu yöndədir.
“Yeni Müsavat”