Britaniyalı professor Türkiyə və Rusiya arasındakı 4 ziddiyyətdən yazır

Britaniyalı professor Türkiyə və Rusiya arasındakı 4 ziddiyyətdən yazır backend

“Rəsmi Moskva separatizmə dəstək verir, münaqişə yaradır, sonra isə “sülhməramlı” kimi ortaya girir”

Rusiya və Türkiyənin dünyanın müxtəlif bölgələrində üz-üzə gəlməsi, qarşı düşərgələrdə yer alması haqqında Azərbaycanda çox yazılıb. Rəcəb Tayyib Ərdoğanın Şuşa səfərindən sonra bu mövzu yenidən aktuallıq qazanıb. Bəs, bu məsələyə Türkiyənin özündə necə baxırlar? Bu suala Türkiyənin “hurriyetdailynews.com” saytı “Turkey and Russia have different interests in the South Caucasus: Op-ed” (Türkiyə və Rusiyanın Cənubi Qafqazda fərqli maraqları var: Op-ed) məqaləsində cavab verilir.

Cavaba keçməzdən “op-ed” ifadəsinə aydınlıq gətirək. Op-ed ingilis dilində “opposite the editorial page” deməkdir. Yəni redaksiyanın mövqeyini əks etdirməyən yabançı bir yazarın məsələyə münasibəti anlamını verir. Başqa sözlə desək, məqalədə yer alan fikirlərin redaksiyaya dəxli yoxdur. Sirr deyil ki, bəzi redaksiyalar bu yolla qarşılaşa biləcəkləri təzyiqlərdən sığortalanmağa çalışırlar. O da maraqlıdır ki, bu məqalə Ukrayna mənşəli Britaniyalı professor Taras Kuzio tərəfindən qələmə alınıb. Rusiyanı qıcıqlandıra biləcək bir məqalədir.

Söhbət açdığımız məqalədə deyilir ki, II Qarabağ Müharibəsi bitdikdən və atəşkəs razılaşması imzalanandan bəri Türkiyə və Rusiya Azərbaycanda ortaq bir monitorinq mərkəzinə sahibdir.

Şimali Qarabağda isə Rusiya “sülhməramlı” qüvvələri proseslərə nəzarət edir. Bu, Türkiyəyə münasibətdə 1991-ci ildən bəri keçmiş Sovet məkanını özünün müstəsna təsir dairəsi kimi qəbul edən Rusiya tərəfindən böyük bir güzəştdir. Buna uzlaşma da demək olar. Rusiya NATO və Avropa Birliyinin (AB) keçmiş SSRİ məkanına doğru genişlənməsinə xüsusi həssaslıq nümayiş etdirir. Məsələn, Ukrayna və Gürcüstanın NATO və AB-yə qoşulmaq arzusunu Rusiya süngü ilə qarşılayır.

Türkiyə və Rusiyanın Azərbaycandakı qeyri-adi birgə mövcudluğu tarixdən qaynaqlanan reallıqlara ziddir. Osmanlı və Rusiya İmperatorluğu XVI-XX əsrlər arasında 12 dəfə müharibə meydanında üz-üzə gəlib. Türkiyə NATO üzvüdür, bu alyansda ikinci böyük orduya sahibdir və ABŞ-ın iki hərbi bazasına ev sahibliyi edir. SSRİ və postsovet Rusiyası həmişə NATO-nu öz milli təhlükəsizliyinə təhdid hesab edib.

Keçən ilki müharibənin sonunda Türkiyə və Rusiya öz maraqlarını bir araya gətirə bilsə də, münasibətlərin qeyri-sabit olmasına işarə edən dörd amil ortadadır.

Birincisi, Türkiyə və Rusiya, Suriya və Liviyada gedən daxili müharibələrdə fərqli səngərlərdə yer alırlar. Rusiya Suriyada sünni müsəlmanların qarşı çıxdığı Bəşər Əsəd rejimini dəstəkləyir və rusların yeritdiyi qəddar taktika milyonlarla insanın Türkiyəyə və Avropaya qaçmasına səbəb olub. Liviyada Rusiya üsyançı Feldmarşal Xəlifə Həftəri, Türkiyə isə BMT tərəfindən tanınan Milli Razılaşma Hökumətini dəstəkləyir.

İkincisi, ərazi bütövlüyü və separatizmlə bağlı məsələdir. Türkiyə dövlətlərin ərazi bütövlüyünə güclü şəkildə dəstək verir və separatçılığı müdafiə edən ölkələri özünə təhlükə sayır. Bu səbəbdən Türkiyə 2014-cü ildə Krımın ilhaqını qınadı və keçən ilki müharibədə olduğu kimi Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəklədi. Türkiyə Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası və delimitasiyası və Bakı ilə Şimali Qarabağdakı erməni azlıq arasında gələcək razılaşmanı dəstəkləyəcək.

Rusiya bu addımların heç birinə dayaq durmur. 1991-ci ildən bəri Rusiya separatçı qarşıdurmalar hazırlayır, daha sonra öz hazırladığı böhrana müdaxilə edir və “sülhməramlı” qüvvə kimi araya girir. Bu, heç vaxt həqiqi sülhməramlı missiya olmur, əksinə münaqişə zəmində bir qayda olaraq proseslər Rusiyanın xeyrinə dondurulur. Rusiyanın “sülhməramlı” qüvvələri münaqişəni alovlandırmaqla daxil olduqları ərazidə sonsuza qədər qalmağa çalışırlar.

Təbii ki, belə bir məqsəd güdən Rusiyanın Qarabağdakı “sülhməramlı” qüvvələri münaqişənin həllinə kömək etmək niyyətində deyillər, çünki beş ildən sonra Rusiyanın Dağlıq Qarabağda qalmasına ehtiyac olmaz. Bu səbəbdən də erməni siyasətçilər sərhədlərin müəyyənləşdirilməsinə maraq göstərmirlər.

Bu arada, erməni siyasətçilər və rəsmilər Qarabağ üçün “suverenliyin” (İrəvan tərəfindən müstəqillik kimi başa düşülür) beynəlxalq səviyyədə tanınması üçün kampaniya aparırlar. Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan “Dağlıq Qarabağ xalqının torpaqlarında suverenlik hüquqlarının əldə edilməsi Ermənistanın xarici siyasətinin başlıca vəzifəsi olaraq qalır”, deyir.

Rusiya siyasəti Ermənistanı Qarabağla bağlı əlçatmaz xəyallara dalmağa təşviq edir, ona görə də həm Moskva, həm də İrəvan ikibaşlı oynayır, real anlaşmaya can atmırlar. Türkiyə və Azərbaycan isə müharibədən sonrakı dövrdə sərhədlərin müəyyənləşməsinə, nəqliyyat əlaqələrinin genişlənməsinə, bütövlükdə kommunikasiya xətlərinin açılmasına çalışır.

Üçüncüsü, Ermənistan hərbi qüvvələrinin Azərbaycan ərazisindən geri çəkilməsidir. Türkiyə və Azərbaycan Ermənistanın milli ordusunun və yuxarə Qarabağdakı qeyri-qanuni hərbi birləşmələrin ərazidən geri çəkilməsini tələb edir. Ancaq hələ də həmin birləşmələr öz yerində qalmaqdadır. O da aydındır ki, Ermənistan Ordusunun dəstəyi və Rusiyanın himayəsi olmadan Dağlıq Qarabağdakı bir ovuc hərbçi ayaqda qala bilməz.

Ukrayna mənşəli Britaniyalı politoloq yazır ki, Ermənistan və Rusiya erməni hərbi birləşmələrin Azərbaycan ərazisində qalmasında maraqlıdır. Ermənistan bilmir ki, Azərbaycan Rusiyanın “sülhməramlı” mandatının 2025-ci ildən sonra uzadacaq, ya yox. Rusiya bu yanaşmanı Moldova, Gürcüstan, Azərbaycan və Ukraynada ortaya qoyub. Rusiya hərbi kontingentinin Ukraynanın şərqində olduğunu, Ermənistan isə milli ordusunun Qarabağda olduğunu inkar edir. Hər iki halda rus və erməni əsgərlər sadəcə hərbi formalarını dəyişib yerli “hərbçi”lərin formasında üzə çıxırlar.

Rusiya özünü kor yerinə qoyub. Özünü elə aparır ki, guya nəzarət etdiyi “Laçın dəhlizi”ndən keçən mülki yük maşınları ilə Ermənistandan Dağlıq Qarabağdakı yerli terrorçulara hərbi texnika və digər gərəkən ləvazımatların çatdırılmasından xəbərsizdi. 10 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasının 4-cü maddəsində deyilir: “Rusiya Federasiyasının sülhməramlı qüvvələri ərazidə Ermənistan qoşunlarının geri çəkilməsi ilə eyni vaxtda yerləşdiriləcək”.

Müəllif xatırladır ki, martın 1-də BMT-də Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov xəbərdarlıq etdi: “Müstəqil kütləvi informasiya vasitələrinin məlumatları təsdiq edir, üstəlik, Azərbaycan tərəfinin etibarlı mənbələrdən əldə etdiyi xəbərlər də sübut edir ki, Ermənistan Silahlı Qüvvələri üzvləri mülki geyimdə Rusiya sülhməramlı kontingentinin nəzarət prosedurlarından yayınaraq mülki yük maşınları, o cümlədən inşaat yük maşınları içərisində gizlənərək Azərbaycan ərazisinə daxil olurlar”. Rusiya Ukraynanın şərqində oxşar “humanitar” konvoy strategiyasından istifadə edir.

Dördüncü məsələ hərbiyə bağlıdır. Enerji baxımından zəngin olan Azərbaycan çoxdan silahlı qüvvələrini XXI əsrin müasir texnologiyalarından istifadəyə hazırlayıb. Modern silahlar əldə edib. Türkiyə tərəfindən təmin edilən və yüksək səviyyəli NATO standartları çərçivəsində təhsil alan və təlim görən zabitlər ultra-müasir texnologiyanın istifadəsində peşəkarlıq nümayiş etdirirlər.

Rusiya həmişə Ermənistanın hərbi texnika ilə təchiz edib. Zabitlərin hazırlanmasında da Rusiya xüsusi fəallıq göstərib. Azərbaycanın təəccübünə rəğmən, Rusiya yenə özünü qabağa verib. Erməni siyasətçiləri hələ keçən ilki müharibədəki məğlubiyyətinin nəticəsini həzm edə bilməyiblər. Ancaq Rusiya yenidən Ermənistan silahlı qüvvələrini “modernləşdirməyə” hazırlaşır. Rusiya və Türkiyənin maraqları II Qarabağ müharibəsinin sonunda bir-biri ilə uzlaşdı. Ancaq sadaladığımız bu dörd amil göstərir ki, bu uzlaşmanın uzun müddət davam etməsi ehtimalı azdır.

***

Gördüyünü kimi, belə bir məqalənin Türkiyəli müəllif tərəfindən yazılması əlavə problemlər yarada bilərdi. Ona görə də Türkiyə bu məsələyə baxışını yabançı müəllifin qələmi ilə ortaya qoyur. Onu da deyim ki, Taras Kuzio siyasi elmlər üzrə professordur. Universitetdə dərs deyir.

Taras Kuzio

Bu ilin sonunda olun “Russian Nationalism and the Russian-Ukrainian War” (Rus millətçiliyi və Rusiya-Ukrayna müharibəsi) kitabı çapdan çıxacaq.

Elbəyi Həsənli, Sürix

P.S. Şuşa Bəyannaməsinə rəsmi Moskvanın əsəbi münasibəti bir daha göstərdi ki, Türkiyə ilə Rusiya arasındakı qarşılıqlı anlaşma çox kövrəkdir. Əslində Qərblə, xüsusən ABŞ-ın yeni administrasiyası ilə ciddi problemləri olan Rusiya Türkiyə ilə əldə olunmuş bu kövrək anlaşmanı qorumağa məcburdur.

https://www.hurriyetdailynews.com/turkey-and-russia-have-different-interests-in-the-south-caucasus-op-ed-165608

musavat.com

Diaspora