Azərbaycanlılar BBC-nin binası qarşısında aksiya keçirib

Azərbaycanlılar BBC-nin binası qarşısında aksiya keçirib backend

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, "Natavan Qrup"u və Britaniya Azərbaycanlıları Assosiasiyasının birgə təşkilatçılığı ilə bu ölkədəki Azərbaycan icması BBC teleradioyayım korporasiyasının əsas binasının qarşısında aksiya keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Qaziler.az-a bildirilib ki, aksiyanın məqsədi Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirən azərbaycanlı jurnalistlər Məhərrəm İbrahimovun və Sirac Abışovun mina partlayışı nəticəsində həlak olmasına diqqəti cəlb etmək olub.

Azərbaycanın dövlət bayrağı ilə aksiyaya qatılan soydaşlarımız jurnalistlərin fotolarını və Ermənistanın mina cinayətlərini əks etdirən posterləri nümayiş etdiriblər. Posterlərdə “Mina xəritələrini verin”, “Azərbaycanlı jurnalistlərə qarşı Ermənistanın müharibə cinayətləri”, “Ermənistan qanunlara əməl etmir”, “Ermənistan azərbaycanlı jurnalistlərin qatilidir”, “Bizi minalardan xilas edin” şüarları əks olunub.

Aksiya iştirakçıları beynəlxalq təşkilatlara bəyanat ünvanlayaraq, dünya ictimaiyyətini, beynəlxalq medianı Ermənistanın təxribatçı hərəkətlərinə və azərbaycanlı jurnalistlərin xidməti vəzifələrini yerinə yetirərkən həlak olmalarına biganə qalmamağa, Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etməyə çağırıb. Soydaşlarımız həmin bəyanatı BBC rəhbərliyinə də təqdim edib.

Aksiya zamanı yerli sakinlərə Ermənistanın xalqımıza qarşı törətdiyi hərbi cinayətlər və təxribatlar barədə geniş məlumat verilib.