Azərbaycan yalnız deyil! Qoy bunu bütün dünya bilsin!

Azərbaycan yalnız deyil!  Qoy bunu bütün dünya bilsin! backend

Qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşada rəsmi qarşılanması, Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması, “sevinci və kədəri bir” olan, “bir millət, iki dövlət”in prezidentlərinin mətbuata birgə bəyanatları, dövlət liderlərinin bölgəmizə və dünyaya verdikləri mesajlar bütün xalqımız kimi rəşadətli Azərbaycan Ordusunun şəxsi heyətinin də böyük ruh yüksəkliyinə səbəb olub. Ölkəmizin başçısının qalib bir dövlətin Prezidenti, Müzəffər Ali Baş Komandanı kimi böyük Azərbaycan sevdalısı hörmətli Rəcəb Tayyib Ərdoğanı böyük sevgilərlə qarşılaması hər bir Vətən əsgərinə qürurverici hisslər yaşadıb.

Bu fikirləri Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, Vətən müharibəsinin iştirakçısı, polkovnik Abdulla Qurbani AZƏRTAC-a açıqlamasında söyləyib.

Abdulla Qurbani deyib: “Qardaş ölkənin ali rəhbərinin Şuşadan fəxarət hissi ilə “Qırx dörd günlük müharibə nəticəsində Qarabağ, çox şükür, sahiblərinə qayıtdı və erməni zülmündən, erməni işğalından azad edildi” deməsi, 15 İyun – Milli Qurtuluş Günü münasibətilə ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anması, “Qəhrəman Azərbaycan Ordusunun Qarabağ Zəfərinin sevincini qardaşım cənab Əliyevlə birlikdə keçən il dekabrın 10-da Bakıda birlikdə bölüşmüşdük. O gün tamamilə başqa bir coşqu, həyəcan var idi. Altı ay sonra qədim Şuşada onunla bir yerdə olmaqdan böyük məmnunluq duyuram. Verdiyimiz sözü çox şükür, yerinə yetirdik” fikirləri xalqımızda, eyni zamanda, Vətən əsgərlərində nə qədər xoş duyğular oyatdısa, bir o qədər də düşmənlərimizi xar elədi”.

Polkovnik qeyd edib ki, Azərbaycan əsgəri müstəqilliyimizin, təhlükəsizliyimizin keşiyində bu gün ayıq-sayıq dayanıb. Axı, Azərbaycan yalnız deyil, Türkiyə kimi qüdrətli bir dövlət, türk xalqı kimi mübariz bir xalq, Türkiyə Ordusu kimi güclü bir ordu yanımızdadır.

Keçən əsrin əvvəllərində olduğu kimi, bu günümüzdə də biz qardaş Türkiyənin hərtərəfli dəstəyini hiss edirik. Biz dar günün qardaşlarıyıq. Dostluğumuz, qardaşlığımız cənab Rəcəb Tayyib Ərdoğanın və Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin sayəsində daha da möhkəmlənir, sarsılmaz və əbədi olur.

Abdulla Qurbani bildirib ki, 2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı yenə də ilk dəstək qardaşımız Türkiyədən gəldi. Cənab Rəcəb Tayyib Ərdoğan Ermənistanın Azərbaycana son hücumlarını kəskin şəkildə qınadı. Qardaş ölkənin dövlət başçısı vətənimizi müdafiə edərkən şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyərək öz narahatlığını bildirdi. Dağlıq Qarabağın işğalından bəri bu bölgədə davam edən gərginliyin Ermənistanın sistemli hücumları nəticəsində müharibəyə çevrilməsindən narahatlığını bildirdi. Sonuncu hücumların Qarabağda deyil, iki dövlət arasındakı sərhəddə ağır silahlardan istifadə olunmaqla həyata keçirildiyini qeyd edərək bəyan etdi ki, heç şübhəsiz bu hücum Ermənistanın əndazəni aşan hərəkətidir. Burada məqsədli bir təxribat var: həm Dağlıq Qarabağ probleminin həllinin qarşısını almaq, həm də yeni bir münaqişə mənbəyi yaratmaq.

“Türkiyə qədim dostluq bağları və qardaşlıq əlaqələrinin olduğu Azərbaycanın haqq və hüququnun müdafiəsi, torpaqlarına qarşı yönələn təcavüzün qarşısının alınmasında tərəddüd etməyəcək, öz ölkəsində sosial və epidemiya ilə bağlı problemləri həll edə bilməyən bir dövlətin belə hücumlar etməsi, ilk növbədə, xalqına qarşı hörmətsizlikdir. Bütün imkanlarımızla dost və qardaş Azərbaycanın yanındayıq və yanında olmaqda davam edəcəyik” kəskin mesajlarını düşmən tərəfi dərk etmədi, nəticəsi isə göz qabağındadır.

Abdulla Qurbani qeyd edib ki, Ermənistanın təxribatlarına cavab olaraq respublikamızın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi naminə “Dəmir yumruq” əməliyyatı ilə başladığı müharibədə qazandığımız möhtəşəm Qələbə xalqımızın birliyinin, həmrəyliyinin, dövlətimizin iqtisadi gücünün, rəşadətli Azərbaycan Ordusunun qüdrətinin, Azərbaycan Prezidentinin siyasi iradəsinin, qətiyyətinin, Müzəffər Ali Baş Komandanımızın dəmir yumruğunun və əlbəttə, qardaş Türkiyə dövlətinin başçısı cənab Rəcəb Tayyib Ərdoğanın, o cümlədən hər bir türk vətəndaşının hər an bizə mənəvi dəstək göstərməsinin, yanımızda olmasının qələbəsidir.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, Vətən müharibəsinin iştirakçısı, polkovnik Abdulla Qurbani deyib: “Bu əlamətdar gündə “Azərbaycan yalnız deyil” adlı şeirimi çox hörmətli cənab Rəcəb Tayyib Ərdoğanın Şuşaya unudulmaz və tarixi mübarək gəlişi münasibətilə təqdim edirəm.

Dağ dağa söykənər, insan insana,

Ağrı, Gəmiqaya ürəyim, canım.

Nə gözəl söylədin, ay Türk qardaşım,

“Sən yalnız deyilsən, Azərbaycanım!”

Atını dördnala çapan da bizik,

Qəsrlər, qalalar yapan da bizik,

Dirilik suyunu tapan da bizik,

“Sən yalnız deyilsən, Azərbaycanım!”

Tanrının əliylə ucalan dağıq,

Naxçıvan, Gəncəyik, Xan Qarabağıq,

Düşmən yuvasına od vuracağıq,

“Sən yalnız deyilsən, Azərbaycanım!”

Savaş meydanında ər oğlu, ərik,

Ölümdə ömürü görənlərdənik,

Bu torpaq uğrunda candan keçərik,

“Sən yalnız deyilsən, Azərbaycanım!”

Əlincə, İrəvan, Ərk doğulmuşuq,

Bizə daş atana görk doğulmuşuq,

Nə yaxşı, nə yaxşı türk doğulmuşuq,

“Sən yalnız deyilsən, Azərbaycanım!”

Əsla ölməmişdir Nuru paşalar,

Sevinci, kədəri, qəmi qoşalar,

Əmr olsa bir anda dağlar aşarlar,

“Sən yalnız deyilsən, Azərbaycanım!”

Yığılsın ozanlar, çalsın sazları,

Al yaşıl geyinsin Turan qızları,

Uğur üstündədir “Türk Ulduzları”,

“Sən yalnız deyilsən, Azərbaycanım!”

“TurAz Qartalı”nın uçuşuna bax,

Son döyüş, yağının qaçışına bax,

Artıq azad olub canım Qarabağ,

“Sən yalnız deyilsən, Azərbaycanım!”

Bu gün qoşa-qoşa bayraqlar deyir,

Düşmənə göz dağı, “Bayraqdar” deyir,

Ərdoğan, türk oğlu sayın Akar deyir:

“Sən yalnız deyilsən, Azərbaycanım!”

Diaspora