Beynəlxalq Mətbuat İnstitutu Kəlbəcərdə həlak olan jurnalistlərlə bağlı bəyanat yayıb

Beynəlxalq Mətbuat İnstitutu Kəlbəcərdə həlak olan jurnalistlərlə bağlı bəyanat yayıb backend

Bu gün Beynəlxalq Mətbuat İnstitutu (BMİ) Ermənistanın mina xəritələrini verməməsi nəticəsində Kəlbəcərdə iki azərbaycanlı jurnalistin həlak olması ilə bağlı bəyanat yayıb. Bəyanatda baş vermiş faciədən dolayı BMİ məyusluğunu ifadə edib və azərbaycanlı jurnalistlərin ailələrinə başsağlığı verib. Həmçinin, münaqişə bölgəsində jurnalistlərin təhlükəsizliyini qorumaq üçün daha effektiv tədbirlərin görülməsinə çağırılıb.

Qeyd edək ki, bundan öncə Beynəlxalq Mətbuat İnstitutunun Milli Komitəsinin rəhbəri Umud Mirzəyev Kəlbəcərdə həlak olan jurnalistlərlə bağlı Beynəlxalq Mətbuat İnstitutunun İcraçı Direktoru Barbara Trionfiyə məktub ünvanlamışdı. BMİ-nin direktor müavini Skot Qrinfen Umud Mirzəyevin məktubunu cavablandırıb.

Bəyanatda deyilir:

Beynəlxalq Mətbuat İnstitutu (BMİ) 4 iyunda Azərbaycanın Kəlbəcər rayonunda iki jurnalistin mina partlayışı nəticəsində həyatını itirməsinə görə kədərləndiyini bildirib. Məhərrəm İbrahimov AZƏRTAC dövlət xəbər agentliyində jurnalist, Sirac Abışov isə AZTV Dövlət televiziya kanalında operator işləyib. Dövlət televiziyasının (AZTV) verdiyi məlumata görə, partlayış jurnalistlər bölgədəki media işçilərini daşıyan avtobusda olarkən baş verib və avtobus tank əleyhinə minaya düşüb. İki jurnalistdən başqa daha dörd nəfər yaralanıb. BMİ, Məhərrəm İbrahimov və Sirac Abışovun ailələrinə və onların həmkarlarına başsağlığı verdiyini qeyd edib.

BMİ-nin direktor müavini Skot Qriffen bildirib ki, onların ölümü jurnalistlərin münaqişə bölgələrində işləməsinin nə qədər təhlükəli olduğunu göstərir. Bölgədəki bütün münaqişə tərəfləri jurnalistlərin təhlükəsizliyini təmin etməlidirlər. Xüsusilə, Ermənistanı minaların yerləşdirilməsi barədə məlumat verməyə və gələcəkdə bu cür faciələrin qarşısını almağa çağırırıq.

Hadisənin baş verdiyi Dağlıq Qarabağ bölgəsi, Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında münaqişə zonası olub. Avropa Şurasının jurnalistlərin təhlükəsizliyi platformasının son hesabatına görə, keçən ilin sentyabr ayında bölgədə baş verən şiddətli qarşıdurma zamanı bir çox jurnalist yaralanıb.

1 oktyabr 2020-ci ildə mərminin partlaması nəticəsində Le Monde, 24 news və Armenia TV-nin dörd jurnalisti, bir həftə sonra isə iki rus jurnalist yaralanıblar. Daha sonra Ağdam bölgəsindəki döyüş əməliyyatları zamanı bir azərbaycanlı jurnalist yaralanıb. Münaqişə zamanı həm Ermənistan, həm də Azərbaycan media mənsublarının hərəkət etmək və məlumat əldə etmək azadlığı məhdudlaşdırıb.

Azərbaycan hökumətinin rəsmiləri İbrahimov və Abışovun ölümündən sonra buna Ermənistanın basdırdığı minaların səbəb olduğunu bildiriblər və təhlükəsizliyi təmin etmək üçün Ermənistanı minalanmış ərazilərin xəritələrini verməyə çağırıblar. Ermənistan bu ittihamlara hələ də cavab verməyib.

Diaspora