Yaponiyadakı soydaşlarımız rəsmi Tokionu Ermənistanın antihumanist əməllərinə etiraz etməyə çağırıb

Yaponiyadakı soydaşlarımız rəsmi Tokionu Ermənistanın antihumanist əməllərinə etiraz etməyə çağırıb backend

Tokioda fəaliyyət göstərən Azərbaycan–Yaponiya Dostluq Mərkəzi Kəlbəcərdə azərbaycanlı jurnalistlərin və yerli icra hakimiyyəti nümayəndəsinin mina partlayışı nəticəsində həlak olması ilə əlaqədar Yaponiya ictimaiyyətinə və dövlət qurumlarına müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, mərkəzin rəhbəri Xəlil Kələntərin imzaladığı müraciətdə bildirilib ki, Qarabağda müharibənin başa çatmasına baxmayaraq, Ermənistan hakimiyyəti indiyədək antihumanist siyasətini və təxribatçı hərəkətlərini davam etdirir. Buna daha bir sübut kimi 2021-ci il 4 iyun tarixində xidməti vəzifələrini yerinə yetirən azərbaycanlı jurnalistlərin və onları müşayiət edən yerli icra hakimiyyəti nümayəndəsinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində mina partlayışında həlak olması, Azərbaycan ərazisindəki yaşayış məntəqələrinin və yolların yenidən minalanması üçün Ermənistanın hərbi-siyasi rəhbərliyinin diversiya qruplarını Azərbaycan sərhədlərini pozmağa və ölkəmizə daxil olmağa təhrik etməsi kimi faktlar göstərilib. Müharibə başa çatdıqdan sonrakı 7 ay ərzində Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında 120-dən çox insanın həlak olduğu və yaralandığı nəzərə çatdırılıb.

Mərkəzin rəhbərliyi Yaponiyanın müvafiq qurumlarını Ermənistanın davamlı antihumanist və terrorçu siyasətini qətiyyətlə pisləməyə, Ermənistanın beynəlxalq humanitar qanunlara zidd hərəkətlərinin qarşısını almaq məqsədilə beynəlxalq ictimaiyyəti mühüm addımlar atmağa və Azərbaycanın ədalətli mövqeyini dəstəkləməyə çağırıb. 

Diaspora