Türkiyədən Rusiyanı qıcıqlandıran daha bir açıqlama gəldi

Türkiyədən Rusiyanı qıcıqlandıran daha bir açıqlama gəldi backend

Rusiyanın Türkiyəyə qəzəbi soyumayıb. Şimal dövləti turizm ölkəsiylə hava əlaqəsini azı iyunun 21-nə qədər bərpa etməmək qərarı verib. Türkiyənin Ukraynanı müdafiə etməsi Rusiyanı çox qəzəbləndirir.

Bizimyol.info xəbər verir ki, Ankara növbəti dəfə Kiyevin yanında olduğunu göstərib. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Ukrayna dövlətinin və xalqının yanında olduqlarını bildirib. O, postsovet ölkəsinin ərazi bütövlüyünü dəstəklədiklərini söyləyib.

Şentopun dedikləri heç bir halda Rusiyanın xoşuna gələ bilməz. Çünki məclis sədri həm də Krım tatarlarının haqlarından və onların məclisinin hüquqi statusundan danışıb. Şentop Avropa Şurası Parlament Assambleyasının Ukrayna nümayəndə heyətinin rəhbəri Mariya Mezentseva ilə görüşündə vacib ifadələr işlədib. Həmin ifadələr Rusiya mətbuatının diqqətindən qaçmayıb.

Şentop Ukraynanın ərazi bütövlüyündən danışarkən Krım məsələsinə xüsusi eyham vurub. Rusiyanın 2014-cü ildən yarımadaya nəzarəti ələ keçirməsi Kiyev üçün çox ağrılı hadisədir. Şentop deyib ki, bu məsələdə Türkiyə həmişə Ukraynanın yanındadır.

Mezentseva ölkələr arasındakı dostluğun müsbət nəticələr verməyə başladığını bildirib. Ukraynalı siyasətçi Türkiyəyə çox güvəndiklərini gizlətməyib. Mezentseva deyib ki, hələ çox sahələrdə əlaqələri inkiaf etdirmək və gücləndirmək lazımdır.

Rusiya ilə Türkiyənin münasibətləri təxminən üç aydır soyumağa başlayıb. Ankaranın Kiyevi açıq müdafiə etməsi Moskvanın ürəyincə olmayıb. Əvvəlcə Ukraynanın Türkiyədən pilotsuz uçuş aparatları alması soyuqluğun ilk toxumlarını səpmişdi. Kreml Kiyevin güclənmək cəhdlərinə hec çür isti yanaşa bilmir. Bunun ardınca Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya dəstək nümayiş etdirdi. Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenskinin Ankaraya səfəri zamanı da eyni mövqeyi ortaya qoymuşdu. Həmin səfərdən sonra Rusiya öz aləmində Türkiyəni cəzalandırmaq qərarına gəldi. Yoluxma sayını bəhanə edərək hava əlaqələri mayın sonuna qədər kəsildi. Məlum məsələdir ki, Türkiyə iqtisadiyyatı Rusiyadan gələn turist axınına görə böyük fayda götürürdü. Moskva bu amili nəzərə alaraq hava əlaqəsini kəsmək qərarı vermişdi. Mayın sonuna qədər istiləşmə yaranmadı. Rusiya daha üç həftə Türkiyəyə təyyarə reyslərinə qadağa qoydu. Şentopun açıqlaması, ümumiyyətlə, rəsmi Ankaranın Krım məsələsindəki mövqeyi buzların hələ belə tezliklə əriməyəcəyini göstərir.

Diaspora