BAMF-ın müraciəti Əl-Cəzirə telekanalında işıqlandırıldı

BAMF-ın müraciəti Əl-Cəzirə telekanalında işıqlandırıldı backend

Dünyaca məşhur Əl-Cəzirə telekanalının “İnsan hüquqları və ictimai azadlıqlar” departamenti Beynəlxalq Avrasiya Mətbuat Fondunun Kəlbəcərdə mina terrorunun qurbanı olan media mənsubları ilə bağlı hazırladığı müraciəti və videoçarxı işıqlandırıb.

Məqalədə Azərbaycan Mətbuat Şurasının və azərbaycanlı jurnalistlərin Ermənistandan mina xəritələrinin tələb edilməsi və buna görə təzyiq göstərilməsi üçün beynəlxalq media qurumlarına və ictimai təşkilatlara müraciəti qeyd edilib. Bildirib ki, mina xəritələrinin Azərbaycana təhvil verilməməsi jurnalist fəaliyyətinə mane olmaqla yanaşı, dinc əhalinin həyatı üçün təhlükə mənbəyinə çevrilib.

Müraciətdə həmçinin, Azərbaycan XİN-in baş vermiş insidentlə bağlı bəyanat yayması və Azərbaycan Hərbi Prokurorluğunda cinayət işinin başlanıldığı qeyd olunub.

AZƏRTAC https://ednews.net/az həmin müraciətin mətnini və videoçarxı oxuculara təqdim edir:

“2021-ci il iyun ayının 4-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin (“AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) operatoru Sirac Abışov peşə fəaliyyətlərini yerinə yetirərkən həlak olublar. Hadisə Azərbaycan Respublikasının Kəlbəcər rayonunda, Ermənistan işğalından yenicə azad edilmiş ərazidə mina partlayışı səbəbindən baş verib.

Hadisə ilə bağlı açıqlama verən Azərbaycan Mətbuat Şurasının sədri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev bildirir ki, İkinci Qarabağ Müharibəsinin başa çatmasından, Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən 10 noyabr 2020-ci il tarixdə üçtərəfli bəyanatın imzalanmasından sonra bənzər təxribat halları dəfələrlə baş verib. Ermənistan tərəfindən vaxtilə ərazidə yerləşdirilmiş müxtəlif növ minalar və digər partlayıcı qurğular indiyədək onlarla insanın həyatına son qoyub, yaralanmalarına səbəb olub. Məhərrəm İbrahimovun və Sirac Abışovun həyatlarını itirmələri ilə nəticələnmiş faciəli hadisə minalanmış ərazilər probleminin jurnalist fəaliyyətinə də maneçilik törətdiyinin, məhdudiyyət yaratdığının, peşəni əsl təhlükəyə çevirdiyinin bariz göstəricisidir. Nəzərə alaq ki, hər iki media orqanının əməkdaşı Kəlbəcər rayonuna məhz xidməti vəzifələrini həyata keçirmək üçün getmişdilər.

Ermənistan Respublikası minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina edir. Bu, nəinki həmin ərazilərdə jurnalist yaradıcılığını məhdudlaşdırır, eyni zamanda Ermənistanın işğalı nəticəsində zorla doğma yurdlarından ayrı düşmüş məcburi köçkün ailələrinin geri qaytarılmasına da imkan vermir. Beləliklə həm cəmiyyətin informasiya ilə təminatı, həm də insanların öz evlərində yaşamaq hüququ pozulur.

Umud Mirzəyev xüsusi vurğulayıb ki, Azərbaycan jurnalist təşkilatları və media nümayəndələri Ermənistanın insan hüquq və azadlıqlarına zidd əməlindən əl çəkməsini, minalı ərazilər üzrə xəritələri təqdim etməsini tələb edir. Biz xaricdəki həmkarlarımızı bu fakta ciddi reaksiya verməyə, Ermənistan Respublikasına minalanmış ərazilərin xəritələrini vermək üçün təzyiq göstərməyə çağırırıq.

Hadisə ilə Azərbaycan Xarici İşlər Nazirliyi də xüsusi bəyanat yayıb. Bəyanatda bildirilir ki, mülki azərbaycanlıların öz vəzifə borclarını yerinə yetirərkən mina qurbanına çevrilməsinin bütün məsuliyyəti Ermənistanın üzərinə düşür. Azərbaycan Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq öhdəliklərini kobud şəkildə pozmasına, o cümlədən məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə göz yummamağa və Ermənistandan beynəlxalq hüquq qarşısında üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsini tələb etməyə çağırıb.

Qeyd edək ki, artıq 2 Azərbaycanlı jurnalistin minadan həlak olması faktı ilə bağlı Azərbaycan Hərbi Prokurorluğunda silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma maddəsi ilə cinayət işi başlanılıb.

Diaspora