Ukraynalı ekspert: "BMT Ermənistana təzyiq göstərməlidir"

Ukraynalı ekspert: "BMT Ermənistana təzyiq göstərməlidir" backend

“Azərbaycanla Ermənistan arasında Qarabağ münaqişəsinə son qoyan 10 noyabr 2020-ci il tarixli razılaşma əldə ediləndən yarımil vaxt keçsə də, işğaldan azad edilmiş ərazilər hələ də minalardan təmizlənməyib, orada mülki şəxslər, çəkiliş aparan jurnalistlər həlak olur. Məncə, BMT Təhlükəsizlik Şurası bu məsələdə Ermənistana ciddi təzyiq göstərməlidir”.

Bu fikirləri “Report”un Şərqi Avropa bürosuna açıqlamasında ukraynalı hərbi ekspert Oleksandr Kovalenko dilə gətirib.

Ekspertin fikrincə, Ermənistan 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarından çıxarkən razılaşma çərçivəsində götürdüyü öhdəliklərlə bağlı məsuliyyət daşıyır: “Mina partlaması nəticəsində həlak olmuş media əməkdaşları elə bu məsuliyyətsizliyin qurbanı oldular. Razılaşma imzalandıqdan 6 ay sonra azərbaycanlı jurnalistlər minadan ölürlərsə, burada məqsədli təxribat var. Azərbaycanla Ermənistan arasındakı münaqişə başa çatıb, dövlət sərhədi bərpa olunur. 1999-cu ildə qüvvəyə minmiş Piyadalar əleyhinə minaların tətbiqinin, yığılmasının, istehsalının və verilməsinin qadağan olunması və onların məhv edilməsi haqqında Konvensiyaya əsasən müharibə başa çatan kimi tərəflər minalanmış ərazilərin xəritəsini təqdim etmək, şəxsi heyətə qarşı minalardan istifadə etməmək öhdəliyini daşıyır. Həmin konvensiya məhz dinc əhalinin təhlükəsizliyini təmin etməyə yönəlir”.

Ekspertin qənaətincə, Ermənistan tərəfinin minalanmış ərazilərin xəritəsini təqdim etməməsi xəbis, qəsdli xarakter daşıya bilər: “Qarabağ bölgəsində minaların, döyüş sursatlarının zərərsizləşdirilməsi tez başa gələn iş deyil, ona görə də həmin torpaqlar hələ uzun müddət təhlükə mənbəyi olacaq. Minalanmış ərazilərin xəritəsini təqdim etməyi əslində rədd edən Ermənistan bu bölgəyə dair nəinki sonrakı niyyətlərinə aid, elə indiki addımları ilə bağlı da bir çox suallar üçün əsas yaradır. Çünki Qarabağın minalardan təmizlənməsinə bu cür yanaşma Ermənistan hərbçilərinin Azərbaycan ərazisində təxribatçı fəaliyyəti üçün geniş imkanlar verir. Əslində minalanmış ərazilərin xəritəsini təqdim etmədən yeni mina və partladıcı qurğuların basdırılması bundan sonrakı partlamaları və insan tələfatını hazırkı məqsədli təxribatların nəticəsi yox, əvvəlki müharibənin “əks-sədası” kimi qələmə vermək üçün bəhanə yaradır”.

 

Diaspora