BAMF Ermənistanın mina xəritələrini verməməsi ilə bağlı BMT İnsan Hüquqları Şurasına müraciət edib

BAMF Ermənistanın mina xəritələrini verməməsi ilə bağlı BMT İnsan Hüquqları Şurasına müraciət edib backend

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) azad edilmiş ərazilərdə basdırılan minaların xəritələrinin Ermənistan hökuməti tərəfindən Azərbaycana təhvil verilməməsi ilə bağlı BMT İnsan Hüquqları Şurasına yazılı müraciət ünvanlayıb.

Müraciət Şuranın iyun ayında keçiriləcək növbəti iclasından öncə yayımlanacaq.  

Qeyd edək ki, BAMF və Azərbaycanın müharibədən zərərçəkən regionlarında fəaliyyət göstərən bir qrup vətəndaş cəmiyyəti təşkilatı 31 mart tarixində erməni hərbi birləşmələri tərəfindən minalanmış Azərbaycan ərazilərinin xəritələrinin tələb edilməsi ilə bağlı BMT qurumlarına və beynəlxalq təşkilatlara müraciət ediblər.  

Həmçinin, həmin təşkilatlar aprelin 8-də Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının təxminən otuz illik işğalı, habelə münaqişənin bitməsindən sonrakı dövrdə Ermənistan hərbi birləşmələrinin geri çəkildiyi zaman bu əraziləri ciddi şəkildə minalaması və minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsinə qarşı  dünyaca məşhur www.change.orsaytında Ermənistana qarşı petisiyaya ilə çıxış ediblər. Bu günə kimi 15 min nəfər petisiyaya qoşulub.

AZƏRTAC  bəyanatın mətnini təqdim edir:

BƏYANAT

Beynəlxalq Avrasiya Mətbuat Fondu, Azərbaycan Respublikasının azad edilmiş ərazilərində qalan mina və partlamamış hərbi sursatların yaratdığı ağır vəziyyəti İnsan Hüquqları Şurasının diqqətinə çatdırmaq istəyir.

2020-ci ilin noyabrında üçtərəfli razılaşma ilə Azərbaycan və Ermənistan arasındakı münaqişəyə son qoyuldu. Qeyd edək ki, Ermənistan son 30 ilə yaxın müddətdə beynəlxalq və rəsmi olaraq Azərbaycanın bir hissəsi kimi tanınmış əraziləri işğal edib.

İşğal dövründə Ermənistan həmin ərazilərdə çox böyük miqyasda təhlükəli minalar basdırıb.

Bu minalar yalnız son 30 ildə deyil, hərbi əməliyyatlar dayandırıldıqdan və üçtərəfli razılaşma imzalandıqdan sonra erməni qüvvələrinin Azərbaycanın azad edilmiş ərazilərindən geri çəkildiyi zaman qəsdən, təxribat kimi basdırılıb.

Ermənistanda bu minaların yerləşdiyi yerləri göstərən xəritələr var.

Münaqişənin başa çatmasından demək olar ki, 200 gün keçməsinə rəğmən, Ermənistan minaların yerini bildirməkdən boyun qaçırır. Bu xəritələrin təslim edilməsini uzatmaları həm bölgədə yaşayan ermənilər, həm də azərbaycanlılar üçün təhlükədir.

Ermənistanın minaların yerlərini müəyyən edən xəritəni təqdim etməkdən imtina etməsi ciddi insan haqları pozuntusudur. Bu, hələ də minalar və partlamamış hərbi sursatların təsirinə məruz qalan ərazilərdə yaşayanların yaşama hüquqlarını təhdid altına atır. Burada yaşayanlar arasında təqribən 30.000 erməni var.

Bu minaların həyat üçün təhlükəsi göz önündədir. 2021-ci ilin may ayına olan məlumata görə, minalar nəticəsində 120-dən çox ölüm və ya yaralanma hadisəsi olub. Münaqişə bitəndən bəri mina partlayışları nəticəsində Azərbaycanın 20 vətəndaşı həyatını itirib. Bu ölüm hallarının hər birinin qarşısı tamamilə alına bilərdi: Ermənistanın basdırdığı bu minaların insan həyatına son qoyması açıq şəkildə insan hüquqlarının pozulmasıdır.

6 aprel 2021-ci il tarixində, Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü, jurnalistlərin erməni qüvvələri tərəfindən basdırılan minaların yerini niyə vermədikləri ilə bağlı suallarını cavablandırmaqdan imtina edib. Elə həmin gün azad edilmiş ərazilərdə itkin düşmüş həmkarlarını axtararkən minanın partlaması nəticəsində iki Azərbaycan hərbçisi yaralanıb.

Bu, beynəlxalq humanitar hüququn qəsdən pozulması deməkdir. Ermənistan silahlı qüvvələrinin azad edilmiş ərazilərdən çıxarkən minalar qoyması evlərinə qayıdan köçkünlərin mümkün qədər daha çox itki verməsindən başqa bir məqsəd daşımır. Münaqişə bitdikdən sonra da minaların yerini verməkdən imtina etmək yalnız bu itkiləri artırır.

Köçkünlərin Azərbaycanın Silahlı Qüvvələrinə aid olmadığını təkrarlamaq lazımdır. Onlar münaqişə səbəbindən evlərindən didərgin düşən və bundan son dərəcə acı çəkmiş ailələrdir. Onların yeganə istəyi evlərinə sağ-salamat qayıtmaqdır. Bu ailələrin bəziləri 30 ildən çoxdur ki, didərgin düşüb. Və təsadüfi deyil ki, erməni işğalı nəticəsində 750 mindən çox azərbaycanlı hələ də evinə qayıda bilmir.

Ermənistan həmin ailələri mina qorxusu altında saxlayan və evlərinə etibarlı bir şəkildə getməyin qarşısını alan sanki bir kilidin açarını əlində saxlayır. Beynəlxalq təşkilatların Ermənistanı mina xəritələrini təqdim etməyə çağırmasına baxmayaraq, onlar hələ də minalar barədə məlumatları bölüşməkdən imtina edirlər.

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) vaxtilə münaqişə zonasında yaşayanların mövcud insan haqları vəziyyətindən çox narahatdır.

Azərbaycanda yerləşən digər dörd QHT ilə birlikdə, Ermənistan hökumətinə açıq şəkildə müraciət etdik və mina yerlərinin təsbit edilməsi üçün lazım olan xəritələri tələb etdik. Bu, çoxlarının paylaşdığı bir narahatlıqdır: burada hazırladığımız petisiya Change.org saytında ən çox imzalanan onlayn müraciətlərdən biri oldu.

Azərbaycanın Xarici İşlər naziri son həftələrdə Birləşmiş Millətlər Təşkilatının Baş katibinə məsələ qaldırması üçün məktub ünvanlayıb.

Azərbaycan hökuməti, minaların yerinin təsbit edildiyi təqdirdə təmizləmək imkanına sahib olduğunu bildirdi. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu işə başlayıb və bölgədəki 20 milyon kvadrat metrdən çox ərazidə 1000-dən çox mina aşkar edib.

Birləşmiş Millətlər İnkişaf Proqramı (UNDP) və Avropa Birliyi (AB) kimi beynəlxalq təşkilatlar bölgəni həyati təhlükəli minalar və partlamamış hərbi sursatlardan təmizləmək üçün maliyyə və texniki ekspertiza təşkil ediblər. Son 20 ildə ANAMA və UNDP ortaq şəkildə Azərbaycanda 800 mindən çox mina təmizləyib.

Azərbaycan, eyni zamanda, Türkiyədən texnika alaraq bölgədən təhlükəli minaların çıxarılmasına kömək üçün qonşularına müraciət edib.

İşin son hissəsi olaraq, Ermənistanın basdırdığı minaların yerini göstərməklə bağlı əməkdaşlığa razı olacağı müəmma olaraq qalır. Təəssüf ki, Ermənistan hökuməti bu mövzudan yayınmağa çalışır.

Azərbaycan dəstək üçün beynəlxalq tərəfdaşlarına etibar etməyə davam edir. 22 fevral 2021-ci ildə Azərbaycan Xarici İşlər naziri Birləşmiş Millətlər Təşkilatından Ermənistanı azad edilmiş ərazilərdə minaların yerini təqdim etməyə çağırmasını istədi.

BAMF-in son 30 ildəki işi əsasən Qafqazda, xüsusən də Azərbaycanda mina qurbanlarının dəstəyinə yönəlib. Həm də bölgədə mina təhlükəsi nəticəsində didərgin düşmüş qaçqın və məcburi köçkünlərə dəstək üçün bir çox layihəyə rəhbərlik edib. Minaların yaratdığı travmanı öz gözümüzlə görüb, şahid olduq.

Buna görə də, İnsan Hüquqları Şurasındakı Müşahidəçi mövqeyimizdən istifadə edərək öz narahatlığımızı rəsmi şəkildə təqdim etmək istəyirik. Eyni zamanda, İnsan Hüquqları Şurasını və üzvlərini Ermənistanın minaların yerini bildirməkdən boyun qaçırmasını pisləməyə çağırırıq.

Diaspora