Ermənistan mina xəritələrini verməyəcək - Bəs nə etməli?

Ermənistan mina xəritələrini verməyəcək -  Bəs nə etməli? backend

Özümüzü nahaq ovundurmayaq, ermənilər təmas xəttindən kənar torpaqları da xaincəsinə, yəni necə gəldi, harada gəldi minalayıb...

Bir dəfə yazmışam: Ermənistan bizə mina xəritəsi verən deyil! Bunun əsas səbəbini hamımız bilirik: düşmən tezliklə mina bəlasından qurtulub işğaldan azad torpaqlarımıza qayıtmağımızı istəmir. İkincisi, Ermənistanda bu xəritələr varsa, zənnimcə, ancaq təmas xəttinin minalı zonaları ola bilər. Çünki bütün müharibələrdə əsas minalar məhz təmas xətlərinə basdırılır. 

Ağdamda, Kəlbəcərdə və Laçında aktiv döyüşlər olmadı, bu səbəbdən o bölgələrdə də mina daha çoxdur. Digər təmas xətlərini sentyabrın 27-də ordumuz dağıdıb keçdi,o zaman da minaya düşən şəhidlərimiz oldu. İndi biz sanki elə zənn edirik ki, mina xəritələri əlimizdə olsa, bu problemi tezliklə və itkilərsiz çözə bilərik. Məsələn, Kəlbəcərin Susuzluğunda iki gənc həmkarımız minaya düşüb həlak olmazdı. Amma özümüzü nahaq ovundurmayaq, ermənilər təmas xəttindən kənar torpaqları da xaincəsinə, yəni necə gəldi, harada gəldi minalayıb. Bu düşmənin xislətidir və biz onlardan istəsək, ancaq canlarını istəməliyik. 

Ermənistan bu məsələdə manipulyasiya edə biləcəyini də unutmayaq , “xəritəmiz var, vermirik” demirlər, amma birmənalı bir şərt-filan da irəli sürmürlər ki, bilək, bu əclaflarda doğurdan da belə bir zibil varmı...  

Minalar isə dünyada məhz “zibil” hesab olunur, “çirklənimiş ərazi” də deyirlər minalı zonalara. Məlumatlara görə, dünyada ən çox minanın Əfqanıstanda olduğu güman edilir. Bununla yanaşı, Kamboca, Laos, Bosniya və Herseqovina, Anqola, Liviya və Suriya da minalarla “zəngidir”.  

Ukrayna mina xəritəsini necə hazırlayıb? 

Ukrayna da mina və partlayıcı müharibə qalıqları ilə ən çox “zibillənmiş” ölkələrindən biridir. Donetsk və Luqanskdakı separatçı hərəkatdan sonra fasilələrlə davam edən müharibələrdə təmas xətti və ətrafda basdırılan minalar hələ də can alır. Ukrayna hökümətinin bu sahədəki təcrübəsi Azərbaycanın işinə yarıya bilər. Məsələn, Ukrayna Müdafiə Nazrliyinin saytında Donetsk və Luqans ətrafında minalı zonaların interaktiv xəritəsi hazırlanıb. Həm də bir neçə il əvvəl... Xəritəyə Müdafiə Nazirliyinin rəsmi saytında bu linkə (https://mod-ukr.imsma-core.org/portal/apps/webappviewer/index.html?id=d1fc9330a4964cc793dac7894c725fa3) daxil olaraq istənilən şəxs baxa bilər. Bu xəritənin Müdafiə Nazirliyi Cenevrə Beynəlxalq Humanitar Minalardan Təmizləmə Mərkəzi və ATƏT-in Ukraynadakı layihə koordinatorunun köməyi ilə hazırlayıb. Diqqət edək: onlar da qeyd edir ki, təmas xəttinin yaxınlığında minalanmış ərazilərin əksəriyyətinin xəritələri yoxdur, bu da ərazilərin partlayıcı obyektlərdən təmizlənməsini xeyli çətinləşdirir. Donbasın minalardan təmizlənməsində ən çətin problem xəritənin olmamasıdır. 

İngiltərənin HALO Trust təşkilatı minaları necə tapır?

Xəritənin hazırlanmasında isə İngiltərənin məşhur HALO Trust (Təhlükəsiz Həyatı Dəstəkləmə Təşkilatı) qeyri-hökumət təşkilatı da yaxından iştirak edir. HALO Trust yarandığı 1988-ci ildən(Britaniya parlamentinin üzvü və keçmiş ordu polkovniki Kolin Kempbell Mitçell tərəfindən qurulub) mülki vətəndaşlar üçün təhlükə yarada biləcək minaların və partlamamış hərbi sursatların təmizlənməsini həyata keçirir. HALO Trust təhlükəli ərazilərin kəşfiyyatını aparır, minalı ərazilərin təmizlənməsini həyata keçirir, o cümlədən mina təhlükəsinə qarşı təlimlər də həyata keçirir. 

HALO Trustdə 7000-dən çox mühəndis çalışır. Təşkilat 2003-2010-cu illərdə Anqolada 29.762 mina və 6.459 partlamamış hərbi sursat, Mozambikdə (1994-2011-ci illər) 100.000-dən çox mina və 22.000 partlamamış hərbi sursat, Abxaziyada (1997-2011-ci illərdə) 9788 mina və 48998 partlamamış hərbi sursat təmizləyib. Təşkilat bəyan edib ki, mina sahələrini aşkar etmək üçün peyk görüntülərindən istifadə etməklə dünyanın ən çox minalanmış ölkəsi olan Əfqanıstan da 2023-cü ilə qədər tamamilə minalanadan təmizlənə bilər.

HALO-Trust Donetsk və Luqanskda Ukraynanın nəzarət etdiyi ərazilərində 2015-ci ildən bəri işləyir. Ukrayna üzrə koordinator Asya Bolotovanın bir açıqlamasına rast gəldim. Zənnimcə, oxucular üçün də maraqlı olar ki, bu minalı zonaların ehtimal xəritələri necə hazırlanır.  HALO Trust rəsmisinin sözlərinə görə, hər mina sahəsi bir-birindən fərqlidir. “Minalardan təmizlənmədən əvvəl təhlükəli ərazilər müəyyənləşdirilir. Bu proses üçün xüsusi təlim keçmiş komandalar var. Onlar əvvəl məlumat toplayırlar. Məsələn, sonuncu dəfə burada və hansı istiqmətdə partlayış olub, burada döyüşlər olubsa, hansı texnikalardan istifadə edilib və sairə...Bu cür məlumatların toplanması bir neçə gün davam edir. Çünki  məlumat verənləri tapmaq əslində çox çətin bir işdir. Sonra isə ərazilərdə araşdırma aparan qruplar zonanın  hansı minaların üstünlük təşkil etdiyini müəyyənləşdirir. Sonra minalardan təmizlənmə planı hazırlanır və Ukrayna Müdafiə Nazirliyi tərəfindən təsdiqlənir. Bundan sonra bu sahədə neçə və hansı mütəxəssislərin hansı alət və detektorlarla işləyəcəyi barədə qərar qəbul edilir. Ərazilərdə araşdırma apararkən qruplar onsuz da bir növ statistikanı kvadrat metrlə məlumatlar bazasına qeyd edirlər” deyə, o bildirib.  

Təşkilat qonşu Gürcüstanda isə 1997-ci ildən fəaliyyət göstərir. Gürcüstanda minaların təmizlənməsi müxtəlif vaxtlarda Avropa Birliyi, Böyük Britaniya, ABŞ və Almaniya tərəfindən maliyyələşdirilib. 2010-cu ildən bəri təşkilatın Gürcüstandakı fəaliyyəti Yaponiya tərəfindən maliyyələşdirilir. Gürcüstanda minalardan təmizlənməyə ümumilikdə 40 milyon 882 min dollar xərclənib. Rəqəmlər bir az yeni olmaya bilər, amma real mənzərəni yaratmaq üçün kifayət edir. 

Xorvatiyada minaların təmizlənməsinə 550 milyon avro xərclənib

Minalı ərazilərin təmizlənməsi üçün əlbəttə ki, xeyli vəsait tələb olunur. Məsələn, Xorvatiyada 2009-2019-cu illər üçün minaların təmizlənməsi proqramı çərçivəsində beynəlxalq donorlardan gələn vəsaitlər də daxil olmaqla 550 milyon avro xərclənib.

Bu ilin fevralında Azərbaycanda Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin bazasında Minatəmizləmə Agentliyi yaradılıb.  Agentliyin saxlanılması və fəaliyyəti üçün tələb olunan vəsaiti hər il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutulur. Bunlar hamısı vacib işlərdir, bizə qardaş Türkiyə də bu işdə ciddi dəstək verir. Mütəxəssislər hazırlayır, xüsusi minaaxtaran maşınlar və təlim görmüş itlər verir. Rusiyanın müəyyən fəaliyyəti var. Özümüz də bir neçə yeni texnika almışıq. Amma göründüyü kimi, Lüksemburq ərazisi qədər olan işğaldan azad bölgəmizi erməni xəyanətindən təmizləmək üçün yetərli deyil. Biz minalardan təmizləmə işini daha genişləndirməliyik, beynəlxaq donor təşkilatlarını bu işə cəlb etməliyik, çünki bu iş həm də çox vəsait tələb edir. 

Yeri gəlmişkən, HALO-Trust Qarabağda erməni işğalı zamanı  işləyib, bəlkə də Azərbaycan bu səbəbdən indiyədək onlarla məsafəli davranır. Amma deyim ki, ermənilər onları ürvatsız qovublar, deyiblər ki, guya ingilis şirkəti Qarabağ ətrafındakı minalı zonaların xəritəsini Türkiyə kəşfiyyatına veribmiş. Onlarda Qarabağdan gediblər, sonra Ermənistan yalvardı, deyəsən də qayıtmadılar. 

Biz Ermənistandan o xəritələri istəməliyik, bu da düşmənin bir ifşa prosesidir. Qoy davam etsin. Amma biz dövlət olaraq bu işi tez görməliyik, bunu bizim əvəzimizdən heç kəsin etməyəcəyini də bilirik. Mozambik qədər olmayacağıq? Onlar 10 il ərzində bu işi beynəlxalq təşkilatların köməyi ilə həll etdilər. Bizim vaxtımız isə azdır, torpaqlara qayıtmalıyıq. Həm də minada partlayıb ölməyə yox, əbədi məskunlaşmağa...

Yeni Müsavat

Diaspora