Ermənistan müharibəni həm demoqrafik, həm də intellektual cəhətdən uduzdu - Rusiya KİV

Ermənistan müharibəni həm demoqrafik, həm də intellektual cəhətdən uduzdu -  Rusiya KİV backend

Ermənistan vətəndaşlarının və yüzminlərlə diaspor ermənisinin davranış modeli kütləvi psixoz və zehni deviasiya problemləri ilə məşğul olan peşəkarların ciddi öyrənməsi lazım gələn mövzu olmalıdır.

“Report” xəbər verir ki, bu barədə KM.RU-nun “Qarabağdan sonra Ermənistan: heç nə başa düşmədilər, heç nə unutmadılar, heç nə öyrənmədilər...” sərlövhəli məqaləsində deyilir.

Məqalə müəllifi qeyd edir ki, Qarabağ məğlubiyyətindən sonra sosial şəbəkələrin erməni seqmentində itirilmiş milli təhlükəsizlik və qarşıdan gələn təhdidlər barədə sonsuz müzakirələr köpüklənir və qaynayır. Buna baxmayaraq, hələ də ölkəni dərin vətənpərvərlik böhranından çıxarmaq funksiyasını öz üzərinə götürməyə hazır olan heç bir sosial qrup və ya partiya formalaşmayıb.

Məqalədə total hərəkətsizliyin hökm sürdüyü Ermənistanda mövcud vəziyyət təsvir olunur və durumun bərbad olduğu qeyd olunur. “Müharibəni uduzan “yeni generallar” balıq kimi susurlar. Yeni siyasi elita tərəfindən fəal ictimai həyatdan xaric edilən köhnə sovet formasiyasının generalları da susurlar. Buna qədər həftədə yeddi gün bütün dünyaya hakimiyyətə gələcəkləri təqdirdə Ermənistanın tanınmaz dərəcədə yaxşıya doğru dəyişəcəyini bar-bar bağıran “cəsarətli və məğrur” müxalifət də ağzına su alıb durub. Elə gecə-gündüz Vladimir Putin, Co Bayden, Si Cin Pin və hətta az qala göylərdə Tanrı ilə xüsusi əlaqələri barədə çərənləyən diaspor elitası da susur. Daha əvvəl milli qəhrəmanlarının fotolarını sosial şəbəkələrdəki avatarlarına qoyan vətənpərvər ermənilərin də respublikaya kütləvi axını yoxdur. Nə aclıq aksiyası, nə də kütləvi etirazlar var. Bir sözlə, heç nə yoxdur.

Erməni xalqı isə məqalədə vurğulandığı kimi, dönüş nöqtəsindədir, çünki onlar bu müharibəni nəinki demoqrafik, həm də intellektual cəhətdən uduzdular, çünki böyük, qədim və müdrik xalq haqqında mif heç bir iz qalmadan dağıdıldı.

Müəllifin fikrincə, kosmik miqyasda şişirdilmiş rusofobiya müharibədə ermənilərə mane olan əsas səbəblərdən biridir. İş o yerə çatmışdı ki, Rusiyanın ermənilərin kompakt yaşadıqları bir çox bölgəsində “erməni” sözü “rusofob” sözü ilə bərabər tutulurdu. “Hətta Qarabağdakı müharibənin qızğın vaxtlarında “böyük və müdrik xalqın” hansısa nümayəndəsi Volqoqradda növbəti rusu öldürdü. Bu, politoloq Gevorq Mirzayanın “İndi ermənilər sağ qalmaları üçün ruslardan daha çox rus olmalıdırlar” dediyi vaxtda oldu. Təəssüf...” - nəşr yazır və əlavə edir ki, ermənilər baş verənlərdən dərs çıxara bilməyəcəklər, rusofob olmaqdan vaz keçməyəcəklər.