Ərdoğanla Putin Qara dəniz uğrunda mübarizə aparır - Yaponiya nəşri

Ərdoğanla Putin Qara dəniz uğrunda mübarizə aparır -  Yaponiya nəşri backend

Novator.az saytı Yaponiyanın məşhir “Nikkei” media holdinqinə daxil olan “Nikkei Asia” portalında dərc edilmiş “Ərdoğanla Putin Qara dənizə nəzarət uğrunda mübarizə aparır” başlıqlı məqaləni ingiliscədən çevirərək təqdim edir. Məqalənin müəllifi Cənubi Asiya, Mərkəzi Asiya və Orta Şərq ölkələri ilə bağlı analitik yazıları ilə tanınan Endryu Nortdur.

Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə hərbi təhdid dilində danışması Moskvanın Qara dəniz bölgəsi uğrunda Türkiyə ilə mübarizəsini gündəmə gətirib. Bu mübarizə isə Mərkəzi Asiyaya qədər uzana bilər.

Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan 2020-ci ildə Dağlıq Qarabağ bölgəsindəki münaqişədə sərt siyasət nümayiş etdirdi. İndi o, Ukraynaya əlavə pilotsuz uçuş aparatları göndərməklə yeni münaqişədə də ortaya sərt mövqe qoyur.

Ukraynanın Donbas bölgəsi ətrafına hərbi təlim adı altında qoşun yeridərkən Rusiya Vaşinqtona güc sahibi olduğunu göstərməyə çalışırdı. Deyəsən, Putinin bu taktikası bəhrə verib. Belə ki, ABŞ prezidenti Cozef Bayden “qatil” adlandırdığı rusiyalı həmkarına yüksək səviyyəli görüş təklif edib.

Ancaq Rusiyanın təhlükəli addımlarına ən konkret cavabı Türkiyə prezidenti verir. O, Ukrayna ilə strateji tərəfdaşlığı gücləndirir. Ukrayna prezidenti Vladimir Zelenski məhz bu niyyətlə Türkiyəyə dəvət edilmişdi.

Ərdoğan 2014-cü ildə Krım yarımadasını ələ keçirən Rusiyanın Qara dəniz bölgəsində təsir gücünün genişlənməsinə imkan vermək istəmir.

Krım strateji baxınmdan Qara dənizin məkəzində yerləşən mühüm ərazidir. Moskva isə bu ərazidə yerüstü və sualtı donanmasını gücləndirməklə məşğuldur. Üstəlik, Rusiya ərazidə Türkiyə təyyarələrini vurmağa qadir S-400 zenit raket kompleksləri quraşdırıb.

Ərdoğan isə Bosfor boğazına alternativ sayılan, Qara dəniz və Aralıq dənizini birləşdirən su yolunun inşası üçün 12,5 milyard dollarlıq layihə planlaşdırır. İstanbul kanalı adlanan yeni layihə getdikcə darlaşan Bosfor boğazında sıxlığı aradan qaldıracaq. Su kanalı həm də Türkiyənin yük daşınmasından gələn gəlirlərini artırmağa və hərbi dəniz donanmasını möhkəmləndirməyə şərait yaradacaq.

Münaqişə beynəlxalq mətbuatın gündəmindən düşsə də, Moskva Kiyevdə vəziyyəti qarışdırmaq və onun NATO, Avropa Birliyi kimi Qərb təşkilatlarına qoşulması cəhdini əngəlləmək niyyətindən əl çəkməyib. Ona görə Rusiya Ukraynanın Donbas bölgəsindəki separatçılara dəstəyini də qətiyyən dayandırmır və indi də dayandırmayıb.

Maraqlıdır ki, Türkiyə Rusiyadan S-400 raket kompleksi alsa da, Ərdoğan və onun NATO-dakı müttəfiqləri arasında münaqişə yaranmayıb. Ancaq bu, Baydenin Osmanlı İmperiyasının son çağlarında baş verən toqquşmalar zamanı ermənilərin üzləşdiyi hadisələri “soyqırımı” adlandırmasına da mane ola bilmədi. Bununla belə Ukrayna məsələsində Türkiyə və Qərb eyni mövqe nümayiş etdirir.

Ərdoğan keçən il Dağlıq Qarabağ münaqişəsində oxşar ssenaridən uğurla istifadə edib. O, Azərbaycana həm mənəvi, həm də hərbi dəstək göstərərək onu “Bayraktar TB2” dronları ilə təmin edib. Qarabağ münaqişəsində də Rusiya Türkiyədən fərqli mövqedə dayanaraq Ermənistanı dəstəkləyirdi. Ancaq Kreml Dağlıq Qarabağ probleminə Ukrayna məsələsinə nisbətən daha az maraq göstərirdi.

Türkiyə Ukraynanı da Azərbaycana uğur gətirən dronlarla təmin edəcək. Rusiyanın dəstəklədiyi separatçılarda isə belə dronlar yoxdur. Deməli, Ukrayna Silahlı Qüvvələri üstün olacaq. Bundan başqa, Ankara ilə Kiyev arasında 4 ədəd hərbi gəminin satışına dair müqavilə imzalanıb. Həmin gəmilər gözəgörünməz sayılır, çünki radarlara düşmür. Bu gəmilərin Ukraynaının Qara dənizdəki hərbi gücünü artıracağlı şübhəsizdir.

Baş verənlərdən qıcıqlanan Kreml mövqeyini sərgiləmək üçün xarici işlər naziri Sergey Lavrovu qabağa verdi. Lavrov Ukraynanı gərginlik yaratmaqda, Ankaranı isə Kiyevə hərbi dəstək verməkdə qınadı.

Eyni zamanda Moskva 500 min rusiyalının bayram planlarını alt-üst edərək Türkiyə üzrə aviareyslərin çoxunu dayandırdı.

Qara dəniz bölgəsindəki toqquşma iki böyük liderin uğrunda çəkişdikləri ərazilərin sıyahısını genişləndirməkdədir.

Ankara Rusiyanın bölgədəki maraqlarına qarşı çıxaraq Mərkəzi Asiyanın zəngin resurslu və türkdilli dövlətlərinə təsir gücünü artırmağa çalışır. Bəllidir ki, Moskva Ukrayna kimi Mərkəzi Asiya ölkələrini də öz torpağı hesab edir.

Türkiyə ilə Rusiya Suriya və Liviyadakı müharibələrdə də ayrı-ayrı tərəfləri dəstəkləyib.

Türkiyə Asiyada öz varlığını, şirkət və diplomatlarının təsir dairəsini genişləndirir. Ankara Asiya qitəsində yumşaq gücdən istifadə edir. Onun qitədə 20 yeni səfirlik açması da bundan xəbər verir.

Ötən ilin sentyabrında ABŞ-ın NATO-dakı qüvvələri Əfqanıstandan çıxmağa başlasa da, Türkiyə öz ordusunu bu ölkədə saxlamaqla sərt siyasət nümayiş etdirdi. Bu, Kabillə bağlanmış başqa bir razılşma çərçivəsində həyata keçirilir. Sənəd bəzi silahlı qüvvələrin Əfqanıstanda qalmasını nəzərdə tutur.

Baxmayaraq ki, Türkiyə NATO-da ABŞ-dan sonra ikinci ən böyük orduya sahib olan ölkədir, Ukrayna münaqişəsində Rusiyaya qarşı çıxmaq çox böyük risk tələb edir. Bu, COVİD-19 pandemiyası üzündən daha da dərinləşən iqtisadi gərginlik və Ərdoğanın strateji mövqeyi ilə bağlı fikir ayrılığı fonunda baş verir.

Bu yaxınlarda Türkyənin Hərbi Dəniz Qüvvələrinin keçmiş zabitlərindən və sabiq diplomatlarından ibarət bir qrup İstanbul kanalı layihəsini mühakimə edərək bəyanat imzaladı. Onlar layihənin digər ölkələrin Bosfor boğazına daxil olmasını tənzimləyən müqaviləyə təhdid olduğunu bildirdilər.

Türkiyə hökuməti buna cavab olaraq bəyanatı imzalayan 10 keçmiş admiralı istintaq altına aldı. Admirallar dövlət çevrilişini təşviq etməkdə şübhəli bilinirlər.

Putin yəqin ki, Türkiyədə çevriliş taktikasına indi müsbət yanaşardı. Hərçənd 2016-cı ildə Türkiyədə uğursuz hərbi çevriliş cəhdindən sonra o, Ərdoğana dəstək vermişdi və bu, Türkiyə liderini məmnun etmişdi. O zaman Ərdoğan Qərbdən bu qədər dəstək almamışdı.

Ancaq müasir geosiyasət xörək seçiminə bənzəmir. O, həm razı, həm də narazı salan qarışıq menyüdür. Bu dəfə Qərb Rusiya ilə Qara dəniz uğrunda mübarizə aparan güclü Türkiyənin onun tərəfində olmasından çox məmnundur. (musavat.com)