Ağ Ev sahibinin tarixdə olmayan hadisəyə görə türk düşmənçiliyi edənlərə dəstək olmasına sərt təpkilər
ABŞ prezidenti Co Baydenin ötən şənbə 1915-ci ildə baş verməyən hadisələri “erməni soyqırımı” kimi tanıması beynəlxalq səviyyədə gündəmin əsas müzakirə mövzusundan biri olmaqla yanaşı, növbəti tarixi ədalətsizlik kimi qiymətləndirilməkdədir. Təbii ki, dünyanın super dövlətinin liderinin belə yanlışlığa yol verməsi erməniləri məmnun edib, ancaq soyuqqanlı təhlil bacarığına sahib olan ekspertlər anlayırlar ki, Ağ Ev sahibinin bir kəlməsi əslində müasir dünyada Ermənistanın dövlət, ermənilərin isə millət olaraq normal yaşamaq şansının qarşısına daş qoya biləcək bir mövqedir.
Co Baydenin Türkiyə və Azərbaycana, ümumilikdə Türk dünyasına gerçək münasibəti, o cümlədən ermənilərə simpatiyası çoxdan bəllidir. O, hələ ötən il seçki kampaniyası zamanı “erməni soyqırımını tanıyan qətnaməni dəstəkləyəcəyini və universal insan hüquqlarını baş prioritet edəcəyini” bildirmişdi. Prezidentliyə namizəd olarkən 1915-ci il hadisələri ilə bağlı açıqlamasında Bayden hadisələri “soyqırımı” olaraq xarakterizə etmiş və prezident seçiləcəyi təqdirdə bu istiqamətdəki Konqres layihəsini dəstəkləyəcəyini bildirmişdi. Bir neçə gün əvvəl isə ABŞ Nümayəndələr Palatasının hər iki partiyadan olan 100 üzvündən ibarət bir qrup Baydenə ünvanladığı məktubda onu hadisələri soyqırım kimi tanıyan ilk ABŞ prezidenti olmağa çağırmışdı və onlar arzularına çatdılar, Baydenin yanlışlığı sayəsində. Yeri gəlmişkən, Azərbaycana qarşı 1992-ci ildə ABŞ Konqresinin qəbul etdiyi “907-ci düzəliş”də də Conun məxsusi rolu olmuşdu. Türkiyəyə qarşı çeşidli planlar müəlliflərindən biri olan amerikalı siyasət adamından əslində belə bir ədalətsizlik gözlənilən idi. 2019-cu ildə Bayden açıq şəkildə Ərdoğanın hakimiyyətdən uzaqlaşdırılmasına çağırışlar edir, nəhəng bir müstəqil dövlətin daxili işlərinə burun soxurdu. “Amerika xalqı 106 il öncə bu gün baş verən soyqırımda ölən erməniləri şərəfləndirir,” deməklə Bayden ahıl yaşında tarixi həqiqətlərin üzünə tüpürmüş oldu.
Qeyd edək ki, hələ əvvəlcədən “Bloomberg” məlumatlı mənbələrə istinadən Baydenin Ərdoğana telefon zənginin detallarından bəhs etmişdi. Bildirilirdi ki, ABŞ prezidenti Türkiyə prezidentinə 1915-ci il hadisələrini soyqırımı olaraq tanımaq niyyətində olduğunu bildirib.
Ankara məsələyə çox kəskin reaksiya verib. “Qondarma ”erməni soyqırımı" yalanına və siyasi hesablarla bu böhtana arxa çıxanlara qarşı həqiqətləri müdafiə edəcəyik", - Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 1915-ci il hadisələrinə dair müraciətində bildirilib.
Türkiyə Xarici İşlər Nazirliyi Baydenin bəyanatını rədd edərək, onun hər hansı bir elmi və ya hüquqi əsasın olmadığını və dəlillərlə dəstəklənmədiyini bildirib. “ABŞ prezidentinin 1915-ci il hadisələri ilə bağlı radikal erməni dairələrinin və Türkiyə əleyhinə qrupların təzyiqi altında 24 apreldə verdiyi açıqlamanı rədd edirik və qəti şəkildə pisləyirik” - nazirliyin açıqlamasında bildirilib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu həftə deyib ki, Baydenin qətlləri soyqırım kimi tanıması NATO müttəfiqləri arasında münasibətlərə ziyan vuracaq. “Beynəlxalq hüquqa hörməti varsa, ABŞ prezidenti ”erməni soyqırımı" deməməlidir", - XİN rəhbəri bildirib.
Bakı və Ankara növbəti antitürk dalğasına və tarixi ədalətsizliyə qarşı birlik nümayiş etdiriblər. Məlum açıqlamadan sonra Azərbaycan Respublikasının Prezident İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Telefon danışığı əsnasında dövlət başçıları ABŞ prezidenti C.Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatını qınayıblar. Bu qərarın yanlış olduğunu qeyd edən Prezident İlham Əliyev onu tarixi səhv adlandırıb. Dövlətimizin başçısı Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab etdiyini vurğulayıb. Söhbət zamanı Prezident İlham Əliyev açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu bildirib. O, həmçinin Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd edib. Prezident Rəcəb Tayyib Ərdoğan dəstəyə və ifadə etdiyi mövqeyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. O da Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb.
Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ prezidentinin erməni anım günü münasibətilə yaydığı bəyanata verdiyi şərhdə “tarixi həqiqətlərin təhrif olunması” ilə bağlı təəssüf hissini ifadə edib. “Qondarma ”erməni soyqırımı" mövzusunu siyasiləşdirərək gündəmə gətirənlər, həmin dövrdə erməni silahlı dəstələri tərəfindən 500 mindən artıq insanın kütləvi öldürülməsi halları, habelə erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər regionlarında törətdikləri kütləvi qırğınlara münasibətdə susqunluq nümayiş etdirir" nazirliyin bəyanatında deyilir.
Milli Məclisinin Sədri Sahibə Qafarova isə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentopa zəng edib. Telefon danışığı zamanı qardaş ölkə parlamentlərinin spikerləri Amerika Birləşmiş Ştatları Prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatını qınadıqlarını ifadə ediblər. Milli Məclis Sədri sözügedən bəyanatın tarixi xəta olduğunu və qəbuledilməz xarakter daşıdığını ifadə edib, bu xətadan tezliklə dönüləcəyinə ümidvar olduğunu dilə gətirib.
ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı “soyqırımı” ifadəsini işlətməsi tarixi həqiqətləri inkar və təhrif etməkdən başqa heç bir məna daşımır. Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akarın bəyanatında deyilir. O bildirib ki, “soyqırım” ifadəsindən istifadə edənlər dünya tarixinə və öz tarixlərinə nəzər salmalıdır.
Yəqin ki, Baydenin “soyqırım” ifadəsinə görə ona verilən təpkilər hələ bir müddət davam edəcək. Amma bir çoxlarını bu sual düşündürür: ABŞ prezidenti bu ifadəni dilə gətirməklə nəyə nail olmaq istədi, bununla Ağ Ev nə əldə edəcək? Bir ovuc erməniyə - 44 günlük Qarabağ savaşından sonra ortaya çıxan həqiqətlər fonunda dünyanın gözündən düşmüş bir toplumdan söhbət gedir - qocaman Türk milləti ilə düşmənçilik etməyə dəyərdimi? Faktiki olaraq Ağ Ev sahibi Türkiyəyə qarşı son kozırını xərclədi. Olmaya Vaşinqton yeni, növbəti kozırını qazanmağı hədəfləyib. Bu, nə ola bilər? Məsələ burasındadır ki, Türkiyə NATO üzvüdür, Alyansın hərbi bazası var qardaş ölkədə. Bu mənada çox maraqlıdır, bundan sonra iki NATO dövləti arasında münasibətlər necə olacaq? Hər halda, Türkiyənin təpkisi ortada, üstəlik, regionun digər aparıcı dövləti Azərbaycandan da ciddi etirazlar səslənir. Bəs ABŞ-ın “düşmən” elan etdiyi Rusiyanın mövqeyi necə olacaq baş verənlərə, Kreml Türkiyənin yanında olacaqmı? Göründüyü kimi, suallar çoxdur, eyni zamanda ekspertlərimizin cavabları da fərqlidir və kifayət qədər ciddi arqumentlərə söykənir.
Arzu Nağıyev: “NATO daxilində Türkiyə-ABŞ münasibətlərində də soyuqluq yarana biləcəyini istisna etmirəm, amma ciddi qarşıdurmanın yaranması inandırıcı deyil”
Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, ABŞ prezidenti bu ifadəni dilə gətirməklə, sadəcə, siyasi bir gediş etməyə çalışdı: “Təəssüf ki, bununla da o, tarixi təhrif etdi. Məlumdur ki, hər hansı bir bəyanat hələ hüquqi əsası və gücü olan sənəd deyil. İkincisi, 20-ci əsrin əvvəllərində baş verən hadisədə Osmanlı imperiyası daxilində olan hadisələrin varis kimi Türkiyəyə ötürülməsi nə qədər düzgündür? Əgər bu məsələlərdə insan haqları əsas məqsəd kimi nəzərdə tutulursa, ABŞ-ın bununla bağlı araşdırılmalı həddən çox tarixi hadisələrə ehtiyacı var”. A.Nağıyevin qənaətincə, bu bəyanatla Ermənistan özünün həqiqətən də vassal olduğunu ortaya qoydu: “Yəni dövlət kimi hamının ondan öz mənafeyi və ya siyasi marağı üçün istifadə etməsi ön plana çəkildi. Ermənistan bundan nə əldə edəcək: demək olar ki, heç nə. BMT bu məsələləri, ümumiyyətlə, hüquqi sənəd olmadığı üçün qəbul etmir. İstər regional, istər Qərb və digər dövlətlər üçün də bu hər hansı bir ciddi sənəd deyil. Əksinə, istər Gürcüstan, istər Rusiya və İran, istərsə Azərbaycan və Türkiyə üçün bu, bir mesajdır və hər bir dövlətlə ayrı-ayrılıqda olan xarici siyasətdə Ermənistan əleyhinə korrektələr edilə bilər. Bundan da ən əvvəl elə sadə Ermənistan vətəndaşları ziyan çəkəcəklər. Təbii ki, bütün Türk dünyası buna öz etirazını səsləndirəcək”. Deputatın sözlərinə görə, Rusiya və digər dövlətlər də başa düşürlər ki, belə mövqelər bu və ya digər şəkildə onlara da ziyan verə biləcək addımlardır. A.Nağıyev NATO daxilində Türkiyə-ABŞ münasibətlərində də soyuqluq yarana biləcəyini istisna etmir: “Amma ciddi qarşıdurmanın yaranması inandırıcı deyil və bu, ilk növbədə ABŞ üçün müsbət perspektiv vəd etmir. ”Təbii ki, Rusiya bu məsələdə imkan verməz ki, Ermənistan bunu Türkiyə əleyhinə regionda ABŞ və digər maraqlı dövlətlər vasitəsilə özünə uyğun gələn formada istifadə etsin. Məlumdur ki, Paşinyanın hakimiyyətdə qalması üçün bu siyasi gedişlərdən biri idi, Rusiya da bunu təhlil edir və ona görə ciddi bir açıqlama vermir", deyə, millət vəkili bildirdi.
Fazil Mustafa: “ABŞ prezidentinin bu açıqlaması Türk dünyasında müəyyən narahatlıqlar doğursa da, mahiyyətcə Türkiyənin faydasına çevriləcək və ən ciddi travmanı ermənilərə yaşadacaq”
Deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, ABŞ prezidentinin bu açıqlaması Türk dünyasında müəyyən narahatlıqlar doğursa da, mahiyyətcə Türkiyənin faydasına çevriləcək və ən ciddi travmanı ermənilərə yaşadacaq: “İllərdir bu açıqlamanı verib-verməyəcəyini düşünən Türkiyə ABŞ-la münasibətlərində bir güzəştli mövqe sərgiləməyə çalışırdı. Artıq ABŞ daha müstəqil və alternativ siyasət izləmək üçün Türkiyəyə hər cür əsas verdi. Bu həm də Türkiyədə cəmiyyətin yenidən səfərbər olunması üçün əla bir fürsət yaratdı. Hərbi sahədə Türkiyəyə tətbiq olunan sanksiyalar nəyə gətirib çıxardı? Nəticə göz qabağındadır: Türkiyə özü ən ciddi və modern silah istehsalçısına çevrilməyə başladı”.
F.Mustafa hesab edir ki, saxta “soyqırım” bəlkə də Türkiyəyə qarşı irəli sürüləcək ən zəif ittihamlardan biridir: “Çünki ən əsası real və hüquqi təməli yoxdur, ikincisi isə xatırlamaq üçün tarix çox uzaqdır”. Millət vəkili hesab edir ki, bu açıqlamanın ən böyük zərəri ermənilərə dəyəcək: “Tarixdə real dünyaya qayıtmaq üçün Qarabağ savaşından sonra onlara ağlasığmaz bir fürsət yaranmışdı, yenidən bu xalq illərlə davam edəcək illüziyalarla başını qatmış olacaq. Yəni normal mühakimə qabiliyyətini itirməsi ilə başı yenidən bəlalara düçar olacaq”.
F.Mustafanın sözlərinə görə, bu açıqlamanın bizə də toxunan tərəfi əlbəttə ki, vardır: “Ancaq əsas məqsəd nə biz, nə də Türkiyədir. Qərbin təsir zolağından uzaqlaşmaqda olan Ermənistanı yenidən qərbyönümlü siyasətdə ümidləndirməkdir. Ancaq bu siyasət Ermənistana çörək və təhlükəsizlik vəd ertmədiyinə görə, onlar öz qonşularına heyvani duyğularla yanaşmaqdan əl çəkmək məcburiyyətindədirlər. İndi Azərbaycanla imzaladığın bəyanatdan yayınacaqsan, Türkiyə ilə qapılarını bağlı tutacaqsan, göydən də paraşütlə ərzaq göndərməyə Rusiyanın pulu, Qərbin də quru yolu yox, bəs onda nə olacaq?” Deputat qeyd etdi ki, Rusiya bu məsələdən Türkiyə ilə daha da yaxınlaşmaq variantı kimi istifadə edəcək: “Çünki hazırda Rusiya üçün müttəfiq defisiti var və Türkiyə kimi ciddi müttəfiqi Bayden bir naşı açıqlaması ilə Rusiyaya doğru bir daha qazandırmış oldu. Artıq bu açıqlamadan sonra Türkiyənin Ukrayna məsələsində hansısa bir NATO fədakarlığı etməsinə yer qalmadı. ABŞ-ın bu hərəkətinə növbəti müttəfiq xəyanəti deyərlər, Türkiyə bunu yeni siyasətin konturlarını hazırlamaq üçün doğru dəyərləndirməlidir”.
Hər halda, çox maraqlı və fərqli aqrumentlərdir. Reallıq budur ki, Zəngəzur dəhlizinin açılması istiqamətində işlər getdiyi bir vaxtda Baydenin 106 il əvvələ baş vurması ermənilər üçün yaranmış tarixi şansın qarşısını almaqdır həm də. Tezliklə sular durulacaq. Gözləyək... (Yeni Müsavat)