Kanadanın NATO prinsiplərinə xəyanəti – Türkiyə və Azərbaycana qarşı qərəzin səbəbi...

Kanadanın NATO prinsiplərinə xəyanəti –  Türkiyə və Azərbaycana qarşı qərəzin səbəbi...  backend

Kanada Azərbaycanın 44 günlük Vətən Savaşında ermənipərəstliyini, Azərbaycan və Türkiyəyə qarşı qərəzli mövqeyini nümayiş etdirdi. 2020-ci il sentyabrın 27-də Azərbaycan ermənilərin təxtibatlarına cavab verərək, əks-hücuma keçdikdən və torpaqlarını işğaldan azad etmə əməliyyatlarına başladıqdan 2 gün sonra Kanada Xarici İşlər Nazirliyi ilk ədalətsiz, qeyri-obyektiv davranışını göstərdi: erməniləri yazıq görkəmində ifadə edərək, müharibəni dərhal dayandırmağa, münaqişəni yalnız sülh yolu ilə həll etməyə dair mövqe sərgilədi.

Ondan qətiyyən söz açmadılar ki, Ermənistan 30 ilə yaxındır Azərbaycanın ərazilərini işğal edib. Həmçinin, Kanada onun da fərqinə varmadı ki, bu 30 ildə münaqişənin sülh yolu ilə həllinə hər hansı bir töhfə verməyib, əksinə, daim işğalçı erməniləri müdafiə edib...

İkinci Qarabağ savaşı zamanı diqqət çəkən məqam həm də o idi ki, Kanada Fransanın drijorluğu ilə hərəkət edirdi. Savaş dövründə Fransa prezidenti Emmanuel Makron tez-tez Kanada baş naziri Castin Tryudo ilə telefonla danışırdı, Qarabağdakı vəziyyəti müzakirə etdiklərinə dair açıqlama yayırdılar. Bundan dərhal sonra Kanada Türkiyə və Azərbaycan əleyhinə davranışlar sərgilyirdi.
Hətta Kanadanın qərəzi o həddə çatdı ki, hərbi məhsullarını və texnologiyalarını Türkiyəyə satmaqdan imtina etdi, satış icazələrini müvəqəti dayandırdı. Embarqoya səbəb kimi də bunu göstərdilər ki, Kanadadan alınan optik cihazların – kameraların quraşdıldığı “Bayraktar” PUA-ları Qarabağda döyüşlərdə istifadə olunur. De-fakto Kanada Türkiyənin PUA-larının Qarabağda ermənilərə qan uddurmasına dözə bilmədi, açıqca ermənipərəstliyini, qərəzini ortaya qoydu.

unnamed.png (132 KB)

Ötən həftə isə Kanada Türkiyəyə ixrac olunan texnologiyalarının PUA-lar üzərində Qarabağda tətbiq olunmasına dair sübutları inandırıcı hesab edərək, 2020-ci ilin payızında müvəqqəti dayandırılan satış icazələrini – lisenziyaları birdəfəlik ləğv edib...
Təsəvvür edin, Kanada Qarabağda müharibədə ondan alınan texnologiyalarından istifadə edilib-edilməmısi barədə uzun-uzadı istintaq da aparıb. İstintaq bunu təsdiqləyib və Kanada Xarici İşlər Nazirliyi açıqlama verib ki, “bu, Kanadanın xarici siyasəti və Türkiyə tərİfindən son istifadə ilə bağlı təminatla uzlaşmır”...

Türkiyə əlbəttə bu məsələdə aciz deyil. Hələ payızda kameralara embarqo tətbiq ediləndə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama vermişdi ki, qardaş ölkə “ASELSAN” şirkətinin kameralarından istifadə etməklə, yoluna davam edir: “Həmin kameraların daha yaxşısını istehsal etmək məqsədilə layihələrə başlamışıq”...

Əlbəttə, Kanadanın Türkiyəyə hərbi texnologiyaların satışına dair lisenziyaları birdəfəlik ləğv etməsi qardaş ölkənin silah və PUA istehsalına, hərbi inkişafına heç bir əngəl törətməyəcək. Ancaq Kanada öz davranışı ilə sübut edir ki, ermənipərəstdir, qərəzlidir. Bu, məsələnin bir tərəfidir. Digər tərəfi isə daha biabırçılıqdır: Kanada NATO ölkəsidir, yəni Türkiyə ilə eyni hərbi blokda təmsil olunur. Bir NATO ölkəsinin digər NATO ölkəsinə - hərbi müttəfiqinə hərbi texnologiyalar satmaqdan imtina etməsi faktiki olaraq bu qurumun ənənələrinə və prinsiplərinə xəyanət kimi qiymətləndirilir. O da mümkündür ki, Kanada Türkiyə PUA-larının gücünü Qarabağ müharibəsində gördükdən sonra qardaş ölkənin hərbi texnologiyalar sahəsində inkişafına qısqanclıqla yanaşır, bu inkişafın sürətini azaltmaq üçün əlində olan imkanlardan yararlanmağa çalışır. Ancaq çifayda, Türkiyənin hərbi texnoloji inkişafı bir kamera ilə dayanan deyil...
Kanada həmçinin, digər davranışları ilə də isbat edir ki, Ermənistan üzərində qələbə çalındığına görə, Türkiyə və Azərbaycana qəzəblidir, qərəzlidir. Bütün imkanları ilə hazırda erməniləri “yazıq”, “məzlum” kimi təqdim edərək, onların müdafiəsinə qalxıblar.
Məsələn, kanadalı deputat Elizabet Mey ölkənin xarici işlər naziri Mark Qarnoya məktub göndərərək, "erməni əsirləri"nin Azərbaycanda saxlanılmasından narahatlığını bildirib və Kanadanı "hərbi əsirlərə" kömək etməyə çağırıb.
Məsələ ondadır ki, Kanada rəsmiləri bəhs etdikləri adamların heç də hərbi əsir olmadığını bilirlər. Azərbaycan Prezidenti İlham Əliyev çıxışılarında dəfələrlə qeyd edib ki, 10 noyabr bəyanatından sonra saxlanılan şəxslər hərbi əsir deyillər, onlar terrorçuluq və təxribatçılıq fəaliyyəti ilə məşğul olan diversantlardır. Xarici İşlər Nazirliyi, Azərbaycanın müvafiq rəsmi şəxs və qurumları da bunu dünyaya dəfələrlə bəyan ediblər.
Qeyd edək ki, noyabrın sonlarında və dekabrın əvvələrində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində təxribat törətmək istəyən və ələ keçən terrorçular istintaq olunur və məhkəmə qarşısına çıxarılacaqlar.

1611253229_ermeni-yaraqlilar.jpg (62 KB)
Bəzi ermənipərəst ölkələr isə özlərini bilməməzliyə vurur və Azərbaycandan terrorçuları açıb buraxmağı istəyirlər. Hansı ki, bu ölkələr guya beynəlxalq terrorizmə qarşı mübarizə aparırlar, koalisiyada təmsil olunurlar. Azərbaycandan isə terrorçuları açıb buraxmağı tələb edirlər. Bu, hansı məntiqə, hansı beynəlxalq normaya sığır?

Yeri gəlmişkən, Kanada hələ 2020-ci il 11 noyabrda – üçtərəfli atəşkəs bəyanatndan sonra verdiyi açıqlamada da ermənilərin müdafiəsinə qalxmışdı, “erməni qaçqınların” taleyindən narahatlığını bildirmişdi, de-fakto erməni sevgisini büruzə verərək, Azərbaycanın parlaq qələbəsindən pəjmürdə olduğunu sezdirmişdi...
                                                           

                                                         ***

Kanada hökumətinin real durumdan məlumatsız olduğu ehtimalı da yoxdur. Onları azərbaycanlılar sivil qaydada məlumatlandırıblar.
Qərargahı Toronto şəhərində yerləşən və ümum-Kanada platforması olan Kanadalı Azərbaycanlılar Şəbəkəsinin (KAŞ) üzvləri ölkənin xarici işlər naziri Fransua-Filip Şampeynlə ötən il dekabrın əvvəlində videogörüş keçirib.
Məqsəd sentyabrın 27-də Ermənistanın təxribatı ilə başlayan və noyabrın 10-da Azərbaycanın parlaq qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsi barədə məlumatları xarici işlər nazirinin nəzərinə çatdırmaq olub.

Görüş zamanı soydaşlarımız bildiriblər ki, Kanadanın Qarabağ məsələsinə dair rəsmi mövqeyini yaxından izləyirlər və Azərbaycan mənşəli kanadalıların fikirlərinin eşidilməsinin ölkənin xarici siyasətinin daha ədalətli və qərəzsiz olmasına xidmət edəcəyini düşünürlər.
Nazir Şampeyn soydaşlarımızın çıxışlarını dinləyərək münaqişə barədə onların fikirlərinə hörmətlə yanaşdığını bildirib. Görüşün məlumat əldə etmək baxımından çox faydalı olduğunu vurğulayıb...
Bu faktı ona görə xatırlatdıq ki, Kanada hökumətini real vəziyyət barədə soydaşlarımız məlumatlandırıb. Bundan sonra da Kanadanın ermənipərəst mövqeyini davam etdirməsi bu ölkənin açıq şəkildə qərəzinin və məqsədli ədalətsiz davranışının göstəricisidir... (musavat.com)

Diaspora