“Şuşaya atılan İsgəndər-M” raketlərinin düyməsini basan ruslar olub“ - İDDİA

“Şuşaya atılan İsgəndər-M” raketlərinin düyməsini basan ruslar olub“ -  İDDİA backend

Prezident İlham Əliyev ötən gün AzTV-yə verdiyi müsahibədə Rusiyanın hələ də Şuşaya atılan “İsgəndər-M” raketləri ilə bağlı açıqlama verməməsinə diqqət çəkib. Ölkə başçısı raketləri Azərbaycana atan Rusiya və Ermənistandan rəsmi cavabın gözlənildiyini diqqətə çatdırıb:

“Bu raket sistemləri ya Ermənistana verilib, yaxud da ki, qanunsuz yollarla Rusiyadan oğurlanaraq çıxarılıb. Bu suallara cavab yoxdur. Əlbəttə ki, bu, xoşagələn vəziyyət deyil. Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələri var... Strateji tərəfdaşlar arasında münasibətlər səmimi olmalıdır. Azərbaycan bütün strateji tərəfdaşlarla həmişə səmimi olub, həmişə öz sözünün üstündə durmuşdur, öz sözünü yerinə yetirmişdir. Rusiya mətbuatında “İsgəndər-M” raketləri ilə bağlı cəfəng versiyalar irəli sürülür. Biz yüzlərlə saxta, riyakar, vədlərin yerinə yetirilməməsi faktları ilə üzləşmişdik. Biz heç vaxt belə saxtakarlığa yol verməmişik. Nə üçün biz təxribat törədək? Bizi bunda ittiham edənin gərək bir faiz vicdanı olsun”.

Maraqlıdır, İlham Əliyev dünənki çıxışı ilə Rusiyaya hansı mesajları ötürdü?

Mövzu barədə Yenisabah.az-a danışan Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli bildirib ki, Rusiya bu məsələlər ətrafında heç məmur səviyyəsində də izahat vermək istəmir:

“Rusiya tərəfi günahını heç cür boynuna almır. Bu, çox ciddi məsələdir və qoluzorluluğun, böyük dövlətçilik şovinizminin doğurduğu davranışdır. Sən qadağan olunmuş silahlardan istifadə edirsən, üstəlik bunu erməni tərəfdaşına verirsən və sonra da heç nə olmamış kimi davranırsan. Rusiya 44 günlük müharibə dövründə bu ölkəyə müxtəlif silahlar daşıdı, Gümrüdəki hərbi bazalar müharibənin əvvəlindən sonunadək erməni qoşununa ya təlimat verdi, ya da lazım gələndə döyüşlərdə iştirak etdi. Bu, Rusiyanın riyakarlığıdır. Rusiya tamamilə qəlibindən çıxıb və özünü fövqəldövlət kimi aparır. Kiçik dövlətlərə qarşı yuxardan aşağı baxmağa başlayıb. Xüsusilə də, “İskəndər-M”in Türkiyə ilə birgə Azərbaycan tərəfindən Suriyadan gətirilməsi fikri ağlasığmazdır. Rusiya belə saxta şeylərə alışıb, amma onların gün kimi aydın olan məsələ haqqında ağzından iki kəlmə çıxmaması həm dünya, həm də Aəzrbaycan ictimai rəyinə böyük etinasızlıqdır”.

Politoloq qeyd edib ki, dünya da nəfəsini dərib bu məsələnin necə yekunlaşacağını gözləyir:

“Rusiya beynəlxalq konvensiyanı kobud şəkildə pozub. Beynəlxalq müqavilələrlə qadağan edilmiş silahdan istifadə edib. Hesab edirəm ki, biz bundan sonra da yeni faktlar ortaya çıxara bilərik. Rusiya müharibədən hələ bir neçə gün əvvəl Ermənistana hər gün Xəzər dənizi üzərindən İrana ötürülməklə müxtəlif növ müasir silahlar göndərirdi. Müharibənin sonunadək proses davam etdi. Müharibənin 3-4-cü günündə isə qadağan edilmiş silahlardan istifadə olundu. Erməni generalları açıq şəkildə deyirlər ki, məqsədləri həm də Azərbaycanın neft sektorunu sıradan çıxarmaq olub. Bu tapşırıqları verən Rusiyadır. Əminəm ki, İsgəndər-M”lərin başında durub düyməni basan, uçuş koordinatlarını müəyyənləşdirənlər də rus təlimatçılarıdır. Amma hər halda bu məsələlərdə Azərbaycan Ordusu onların qarşısını kəsdi”.

Həmsöhbətimiz hesab edir ki, problemin araşdırılması beynəlxalq tribunala həvalə olunmalıdır:

“Prezident çox doğru deyir. Saxtakarlıq etməyə nə əsas var? Suriyadan biz bu silahları necə gətirə bilərik və nə üçün gətirməliyik? Bu nə hoqqabazlıqdır özlərindən çıxarırlar? Onların imkanı olsa, bu bölgənin qanını içərlər. Ona görə də görünür məsələnin bir çıxış yolu var. Problemin araşdırılmasını beynəlxalq tribunala həvalə etmək lazımdır. Nüfuzlu təhlilçilərdən ibarət xüsusi komissiya yaradılmalı və məsələ araşdırılmalıdır. Rusiya tərəfinin izahatı o oldu ki, bizim 3-4 əsgərimiz qırdırma yolla buradan Suriyaya gedib, orada çəkisi 9 tondan çox olan “İsgəndər-M” raketlərinin qalıqlarının çiyinlərinə ataraq gətirib Şuşaya qoyub. Bu dərəcədə mübaliğə, uydurma olarmı? Mənə elə gəlir ki, problem artıq beynəlxalq məhkəmənin işidir. Çünki rusu heç zaman etdiyi əmələ inandırmaq mümkün olmur.

Zənnimcə, ölkə başçısı məsələləri hüquqi müstəviyə keçirməlidir, bunun tərəfdarıyam. Məsələn, Gəncə və Bərdədə kassetli və fosforlu qadağan edilmiş raketlərdən istifadə edilib. Onu da “İsgəndər-M”in qalıqlarının üstünə əlavə edib insanlığa qarşı cinayət kimi xarakterizə etmək olar. Bunu bizim hüquqşünaslar dəqiq tədqiq edib işi beynəlxalq tribunala verməlidir. Məsələnin siyasi tərəfi var. Çünki həmin raketlərdən atəş açmağa yalnız ölkə başçısı icazə verə bilər. Nüvə silahı kimi bir şeydir”.

Diaspora