Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də Fransa Senatının üzvü, keçmiş nazir Jan-Mari Bokelin başçılıq etdiyi Fransanın Alzas regionunun nümayəndə heyətini qəbul edib.
Azərbaycan ilə Fransa arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edən Prezident İlham Əliyev münasibətlərimizin möhkəmləndirilməsində Fransa Prezidenti Fransua Ollandla keçirdiyi mütəmadi görüşlərin önəmini vurğuladı. Dövlətimizin başçısı Fransa nümayəndə heyətinin Azərbaycana səfərinin ölkəmizlə yaxından tanış olmaq və ikitərəfli əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılması baxımından yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirdi.Fransa Senatın üzvü, keçmiş nazir Jan-Mari Bokel Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik etdiyi dövrdə bu qurumda çalışmasını və eləcə də iki il bundan əvvəl Fransa nümayəndə heyətinin tərkibində Azərbaycana səfər etməsini məmnunluqla xatırladı.
Görüşdə Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası və beynəlxalq əməkdaşlıq sahələrində, eləcə də ölkələrimizin regionları arasında əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.