Rusiya Ukrayna sərhədində Baydeni niyə qıcıqlandırır?

Rusiya Ukrayna sərhədində Baydeni niyə qıcıqlandırır? backend

Rusiya-Ukrayna sərhədində yenə gərgin ovqat var. Kreml qoşunlarını sərhədə düzüb. İndi təkcə Ukrayna yox, ABŞ-ın yeni prezidenti Co Baydenin komandası da həyəcanlıdır.

Qazilər.az Bizimyol.info-ya istinadla xəbər verir ki, Birləşmiş Ştatların “Foreign Policy” nəşri Rusiya-Ukrayna sərhədindəki ab-havadan yazıb. ABŞ qəzetində Kremlin Vaşinqtonu necə qıcıqlandırmasından, Ağ Evin mümkün addımlarından bəhs edilib.

“Foreign Policy” yazır ki, Ukraynanın Rusiya ilə sərhədlərində, eyni zamanda, ölkənin şərqində baş verənlər NATO-da da az narahatlıq doğurmur. Buna görə Avropanın, Bayden administrasiyasının yüksəkvəzifəli nümayəndələri ukraynalı və rus həmkarlarıyla xeyli telefon söhbətləri aparıblar.

“Onlar səbəbləri araşdırmağa çalışır. Bilmək istəyirlər ki, NATO və Ukrayna necə davranmalıdır. İndiki administrasiyanın hansı mövqeni tutacağı da araşdırma mövzusudur”, - ABŞ Müdafiə nazirinin keçmiş köməkçisi Cim Tuansend belə deyib.

Aprelin 2-də Co Baydenin Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon söhbəti olub. Zelenski 2019-cu ilin iyulundan bəri heç bir ABŞ prezidenti ilə əlaqə saxlamamışdı. Donald Tramp məhz həmin söhbətdən sonra impiçment yaşamışdı. Zelenski Baydenlə 50 dəqiqəlik danışıqdan sonra “Twitter”də nikbin fikirlər yazıb: “Biz demokratiyanın qorunması haqda danışıldığı bir zamanda çiyin-çiyinə dayanmışıq”.

NATO aprelin 1-də narahatlıq ifadə edən açıqlama yaymışdı. Alyans Rusiyanın Ukrayna ilə sərhəddə geniş miqyaslı hərbi təlimlərə başlamasını gərginlik yaratmaq cəhdi kimi qiymətləndirmişdi. Kreml NATO-nun Ukraynanı dəstəkləyən açıqlamasına dərhal reaksiya vermişdi. Rəsmi Moskvadan bildirmişdilər ki, hərbi alyansın məsələyə baş qoşması vəziyyəti yalnız ağırlaşdıra bilər: “Rusiya özünü qorumaq üçün əlavə tədbirlərə əl atacaq”.

Ukraynanın şərqində silahlı qüvvələrlə Rusiyanın dəstəklədiyi separatçılar arasında barışıq razılaşması 2015-ci ildə imzalanmışdı. Bununla tərəflər qan tökülməsinə son qoymaq qərarına gəlmişdi. Rusiyanın 2014-cü ildə Krımı öz ərazilərinə qatması problemin birdəfəlik həllinə mane olur.

Taunsend deyib ki, indi Kremldən sərt davranış gözləmir. Çünki Putin heç bir vacib addımı nümayişkaranə şəkildə atmır: “Moskva bir növ Bayden administrasiyasını sınamaq istəyir. Çünki Ağ Evdə Rusiyaya qarşı yeni strategiyanın formalaşması mərhələsindən danışırlar. Kreml isə manevrlər edir, sayıqlığı yoxlayır. Artıq ortaya konkret strategiya qoymağın vaxtı çatıb. Rusiyanın növbəti həmləsi yolverilməzdir”.

Rusiyanın hərbi analitiki Pavel Felgenhauer hələ martda BBC-yə demişdi ki, Rusiya müxtəlif cəbhələrdə Qərbdən təhlükə gözləyir. O, Belarusun, Ukraynanın və Navalnı məsələsinin adını çəkmişdi.

Rusiya qüvvələri üzrə ekspert Robert Li isə düşünür ki, Rusiya Ukraynadan gələ biləcək mümkün həmlənin qarşısını indidən almağa çalışır.

Bayden administrasiyası hələ konkret strategiya ortaya qoymağa tələsmir. Moskva ilə diplomatik əlaqələr davam edir. ABŞ-ın Rusiyadakı səfiri Con Sallivanın geri çağırılması da müzakirə mövzusu deyil. Bayden prezidentliyinin ilk günlərində açıq mətnlə danışmağa üstünlük versə də, indi Putin qədər kartları açıq saxlamır. Aprel Vaşinqtonun gerçək niyyətini məlum edəcək.

Diaspora