Paşinyan “yol xəritəsi”ni göstərdi: “Azərbaycanın ərazi bütövlüyünü tanımalıyıq!..” backend

Paşinyan “yol xəritəsi”ni göstərdi: “Azərbaycanın ərazi bütövlüyünü tanımalıyıq!..”

“Məgər mən ölkədən qaçacaq insana bənzəyirəm? Xalq məni güllələmək qərarı verərsə, o zaman dinməzcə divar önündə duracağam”

Ermənistan baş naziri Nikol Paşinyan bunu ölkənin Araqatsot vilayətinə dünənki səfəri zamanı deyib. Maraqlıdır ki, Nikol belə özündənrazı açıqlamanı erkən parlament seçkilərinin tarixini (20 iyun 2021) elan edəndən cəmi 2 gün sonra verib. Özü də İrəvandan yox, bölgədən.

Yəni bununla hər şeydən öncə anlatmaq istəyir ki, radikal müxalifətin həşirinə rəğmən, o geri çəkilmək, istefa vermək fikrində deyil. İşarə vurub ki, xalq gerçəyin fərqində və onun arxasındadır, ağı qaradan ayırmağı bacarır.

Əslinə qalsa, bu, 5 aydır onu yıxa bilməyən müxalifətə meydan oxumaq, “əlcək” atmaqdır.

Diqqət yetirin: küçə etirazlarının nə demək olduğunu və onların təşkilini yaxşı bilən Paşinyan 10 noyabrdan sonrakı dönəmdə həm ura-patriot müxalifətin mitinqlərinə sanballı mitinqlərlə cavab verə bildi, həm də opponentləri hüquqi müstəviyə çəkməklə onlara öz oyun qaydalarını qəbul etdirdi. Son rəy sorğuları isə növbəti seçkilərdə onun partiyasının nisbi səs çoxluğu ilə qalib gələcəyini göstərir.

Təbii ki, iki pisdən ən yaxşısını seçmək dilemaması qarşısında Azərbaycan və Türkiyəyə Nikol Paşinyanın hakimiyyətdə qalması daha sərf edir. Hərçənd onu kim əvəzləyir-əvəzləsin, təzə baş nazir də 10 noyabr kapitulyasiya sənədinin müddəalarını yerinə yetirməli olacaq. Sadəcə başqa rəhbər yeni olduğunu bəhanə edib vaxtı bir qədər uzatmağa cəhd edə bilər ki, bu da nə bizə, nə də Ankara və Moskvaya lazımdır...

Əyalətə dünənki səfəri zamanı Paşinyan regionda düşmən əhval-ruhiyyəsinə son qoyulmasının və bundan dolayı Azərbaycanla əlaqələrin bərpa olunmasının zəruriliyini də vurğulayıb. Hərçənd onun sözlərinə görə, tərəflər arasındakı neqativ münasibət problemi tezliklə yoluna qoyulan məsələ deyil.

“Ancaq biz çalışmağa davam etməliyik. Problemin həlli üçün metodlardan biri indi müzakirə etdiyimizdir – regional kommunikasiya və yolların açılması. Əgər kimsə desə ki, bu, yalnız Azərbaycana və ya yalnız Ermənistana xeyirdir – inanmayın. Azərbaycan Naxçıvanla kommunikasiya imkanını əldə etməlidir, biz isə Rusiya və İranla dəmir yolunu. Bu o deməkdir ki, ölkəmizin iqtisadiyyatı əhəmiyyətli dərəcədə dəyişəcək” - Paşinyan vurğulayıb.

Məxsusi qeyd edək ki, Paşinyanın yerinə göz dikən iddiaçıların, hətta rusiyayönlü namizədlərin heç biri bu günədək açıq şəklidə kommunikasiyaların, xüsusən də Naxçıvan dəhlizinin açılmasının vacibliyini dilə gətirməyib. Nikol Paşinyan isə rahatca bunu bəyan edir. Çünki xalqın nəbzini düz tutub. O xalq ki, son rəy sorğularına əsasən, əksəriyyəti (70%) yeni müharibə istəmir, sülh arzulayır.

Paşinyan bir maraqlı fikir də söyləyib.

Sitat: “Müharibə zamanı Rusiya Ermənistan qarşısında öz müttəfiqlik öhdəliklərini birmənalı və şəkk-şübhəsiz yerinə yetirib. Ancaq burada bir nüans var. Biz uzun müddət Rusiyanın ayağına elə müttəfiqlik öhdəlikləri yazmışıq ki, hansılara ki, o malik olmayıb”.

Yəni mifik öhdəliklər məsələsi. Söhbət əlbəttə ki, Dağlıq Qarabağın – Azərbaycanın ayrılmaz hissəsinin “Rus NATO-su” adlanan KTMT-nin məsuliyyət zonasına daxil olmaması gerçəyindən gedir. Hansı gerçəyi ki, istər hərbi blokun rəhbərliyi, istərsə də Rusiya rəsmiləri zaman-zaman bu və ya digər şəkildə İrəvana xatırladıblar.

Nəhayət, eyni şeyi 44 günlük müharibədən sonra Putin açıq mətnlə bəyan elədi: “Beynəlxalq hüquqa əsasən Dağlıq Qarabağ da, ətraf rayonlar da Azərbaycan ərazisidir”.

Ermənistanda isə hələ də bir çoxu, özəlliklə revanşist qüvvələr, həmçinin hakimiyyətdəki bəzi radikal ünsürlər bunu həzm edə bilmirlər. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa eləməsini sırtıqcasına “artsax”a qarşı “təcavüz”, Moskvanın isə ermənilərə qarşı “xəyanəti” sayırlar. Halbuki yenə həmin o beynəlxalq hüquqa görə, heç bir təcavüz (bir ölkə özü özünə təcavüz edə bilməz ki!) və erməni xalqına qarşı heç bir xəyanət müzakirə mövzusu ola bilməz.

Pozitiv olan da odur ki, Paşinyan məhz buna işarə edir. Başqa sözlə, erməni cəmiyyətinə kritik mesaj göndərir ki, “seçim zamanıdır, bölgədə sülh içində yaşamaq və inkişaf eləmək istəyiriksə, əsiri olduğumuz miflərdən imtina etməli, Azərbaycanın ərazi bütövlüyünü tanımalı, tarixin bu səhifəsini qapatmalıyıq”.

Belə bir yanaşma radikal müxalifətdən fərqli olaraq, artıq erməni xalqına təqdim edilən konkret və yeganə doğru “yol xəritəsi”dir.

Yəqin ki, davamı daha dolğun açıqlamalar və praktik addımlarla gələcək. Ona görə ki, müharibələrdən, yoxsulluqdan və daxili didişmələrdən bezib yorulan, taqətdən düşən erməni cəmiyyətində buna sosial sifariş var. Bu mənada Nikolun tezliklə “ikinci nəfəsi”nin açılacağı, radikal müxalifətin “kitabı”nın isə uzun müddətə bağlanacağını söyləmək mümkündür. Heç kimə - nə Rusiyaya və Qərbə, nə də hətta erməni xalqının özünə gərək olan radikal müxalifətin... (musavat.com)