Bayden Kreml sahibini düşməni elan etdi. Ona görə də Putinin Baydenlə düşmənçiliyi davam etdirməkdən başqa alternativi yoxdur.
Bu sözləri Axar.az-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ABŞ Prezidenti Co Baydenin Rusiya Prezidenti Vladimir Putini qatil adlandırmasından sonra iki ölkə arasında yaşanan gərginliyi şərh edərkən deyib.O bildirib ki, Baydenin Putini qatil adlandırması sadə bir hadisə deyil:
“ABŞ Prezidenti Putini qatil adlandıraraq, əslində Rusiyaya qarşı növbəti sanksiyaların olacağı mesajını vermiş oldu. ABŞ rəhbərinin Rusiyanın lideri haqda “qatil” ifadəsini işlətməsi istər-istəməz iki ölkə arasında gərginliyin yüksələcəyindən xəbər verir.
Putinin buna cavabı da gecikmədi. Kreml sahibi həmişəki soyuqqanlılığını qoruyaraq, Baydenə güzgüyə baxmağı məsləhət gördü. Daha dəqiq desək, Kreml sahibi Ağ Ev sahibinə, Yaponiyaya atdıqları atom silahından və yüz minlərlə günahsız insanın qətlindən tutmuş, qaradərili vətəndaşlara olan münasibətə qədər Amerikanın yaxın tarixinin bir çox qara səhifəsini xatırlatdı.
Etiraf edim ki, Putinin xarici və təhlükəsizlik siyasətinin sərt tənqidçilərindənəm. Ancaq Putinin Baydenə verdiyi cavabı mükəmməl hesab edirəm. Putin mahir siyasətçi və peşəkar kəşfiyyatçıdır. O, komandasına Amerika əleyhinə çalışmalara davam etməyi əmr verəcək”.