Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının azad olunması uğrunda Vətən Müharibəsində Azərbaycana dəstək verən əsas ölkə qardaş Türkiyədir. Türkiyə bu savaşda bizə bütün gücü ilə kömək edir: dövlət və hakimiyyət orqanlarından tutmuş, mediasına, sıravi vətəndaşına qədər.
Faktiki olaraq, Türkiyə amili bu savaş dönəmində həm də Azərbaycanı təkləmək istəyən güclərin qarşısında sipər, çəkindirici faktor oldu. Qardaş məmləkətin sona qədər Azərbaycanı dəstəkləyəcəyini Prezident Rəcəb Tayib Ərdoğan bir neçə gün əvvəl bir daha vurğulayıb: “Ən son dünən axşam Putinlə danışdıq. Son hadisələri ətraflı müzakirə etdik. Dedim ki, Qafqazdakı bu işə son verək. İstəyirsənsə, bu işi birlikdə həll edə bilərik. Siz Paşinyanla bunu müzakirə edin, mən də İlham qardaşımla. Amma bir şeyə qərar vermək lazımdır. Bu işi həll edəcəyik, yoxsa etməyəcəyik? Biz səmimiyik, mən sizin də səmimi olmağınıza inanıram. Ancaq qırmızı xəttimizi də dedim. Bu qırmızı xətt keçilərsə, inciməsinlər, atamızın oğlu da olsa gözümüz görməz. Azərbaycanlı qardaşlarım hazırda itirdikləri torpaqlarının ciddi qismini geri alıblar. İnşallah, ən qısa zamanda itirdikləri torpaqların tamamını geri alacaqlar və Azərbaycan türkləri yenidən torpaqlarına qayıdacaqlar. İnanıram ki, zəfər azərbaycanlı qardaşlarımındır. Rəbb yar və yardımçıları olsun! Buradakı mübarizədə hər an yanlarında olduq, yanlarında olmağa davam edəcəyik”.Ərdoğan: Türkiyə Azərbaycana dəstək verməyə davam edəcək
Bu dəstəyin qarşılığında Vətən Müharibəsi bitdikdən sonra Azərbaycanla Türkiyənin münasibətlərinin daha üst səviyyəyə çatacağı qaçılmazdır. Bu, xüsusilə hərbi əməkdaşlıq sahəsində daha çox gözləniləndir. Qeyd edək ki, Azərbaycan ərazisində Türkiyə hərbi bazalarının yerləşdirilməsi məsələsi illərdir cəmiyyətdə müzakirə olunur. Savaş bitdikdən sonra bu, baş verə bilərmi?
Politoloq, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlının sözlərinə görə, Türkiyənin Azərbaycana dəstəyi strateji əhəmiyyət daşıyır: “Azərbaycanın problemlərinin həlli baxımından Türkiyənin dəstəyi həlledici rol oynayır, bunu xüsusi vurğulamaq lazımdır. Azərbaycan-Türkiyə münasibətləri bütün istiqamətlər üzrə, eləcə də hərbi istiqamət üzrə mütləq dərinləşəcək, buna da heç bir şübhə yoxdur. Sadəcə olaraq, bu dərinləşmə Azərbaycanda hərbi bazaların yaradılması səviyyəsinə qədər gedəcəkmi? Bunu birmənalı olaraq demək çətindir. Səbəbi də budur ki, Azərbaycanın indiyədək apardığı siyasət heç bir hərbi birliyə qoşulmamaq, başqa ölkələrin Azərbaycanda hərbi iştirakına imkan verməmək istiqamətində olub. Ölkənin hərbi-strateji sənədlərində də bununla bağlı yanaşma ortaya qoyulub”.
Politoloq bildirir ki, Azərbaycanın bir dövlət kimi varlığını, ərazi bütövlüyünü, müstəqilliyini qorunması ən ali məqsəddir: “Bu məqsəd naminə bütün digər sənədlər dəyişə bilər, hətta onların tələbləri pozula da bilər. Çünki bir dövlət olaraq Azərbaycanın varlığının qorunması zərurəti yaranarsa, heç bir sənəd xaricdən hərbi qüvvə dəvət etməyə, öz ərazisində hansısa dövlətin hərbi bazasını yerləşdirməyə mane ola bilməz. Yəni müharibədən sonra, yaxud onun gedişində qardaş Türkiyənin Azərbaycanda hərbi bazalarının yerləşdirilməsi ilə bağlı məsələ o zaman həlledici olacaq ki, Azərbaycan təkbaşına qarşısını ala bilməyəcəyi təhlükə ilə üzləşsin. Azərbaycanın suverenliyinə, ərzi bütövlüyünə, dövlət kimi varlığına yönəlik real təhlükə yaranarsa, və bu təhlükənin miqyası böyük, təsiri qalıcı olarsa, ölkəmiz öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsi məsələsində mövqeyini dəyişməli olacaq. Çünki özünü təkbaşına müdafiə etmək imkanı qalmırsa, mütləqdir ki, başqa bir dövlətdən yardım alsın. Bu dövlət isə şübhəsiz ki, qardaş Türkiyə olacaq. Yenə də vurğulayım ki, bu məsələdə əsas rolu Azərbaycanın öz təhlükəsizliyinə, ərazi bütövlüyünə xarici təhdid hiss edib-etməməsi oynayacaq”.
“Yeni Müsavat”