İtaliya Prezidenti Sercio Mattarella Azərbaycandan sonra Ermənistana da səfər etdi. Maraqlıdır ki, İtaliya prezidentinə həm Bakıda, həm də İrəvanda medal verdilər.
Hansısa prezidentin Azərbaycandan dərhal sonra Ermənistana səfər etməsi bizim xoşumuza gəlmir. Ancaq indiki halda İtaliyanın ATƏT-in fəaliyyətdə olan sədri olduğunu nəzərə almalıyıq.Teleqraf.com xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, bu təşkilat sözdə də olsa, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olur:
“Ona görə də ATƏT-ə sədrlik edən dövlət bir-biri ilə müharibə vəziyyətində olan Azərbaycanla Ermənistan arasında balans saxlamağa çalışır. Əgər ATƏT sədri olan ölkənin prezidenti bu dövlətlərdən yalnız birinə səfər etsəydi, bu onun vasitəçi kimi mövqeyinə mənfi təsir edərdi”.
E.Şahinoğlu əlavə edib ki, buna baxmayaraq, İtaliya ilə Azərbaycan arasındakı əməkdaşlıq imkanları İtaliya ilə Ermənistan arasındakı əməkdaşlıq imkanlarından daha genişdir:
“İtaliya ilə Azərbaycan arasında ticarət mübadiləsi milyardlarla dollarla ölçülür. Buna görə də İtaliya Prezidenti Ermənistanda daha çox humanitar əlaqələrdən və tarixi yaxınlıqdan danışa bilirdi”.