Artıq bir həftədən artıqdır ki, Azərbaycan ictimaiyyəti erməni-kürd əsilli rusiyalı müğənni Zara Mqoyanın 26-29 iyul tarixində Bakıda keçiriləcək “Jara-2018” adlı festivalına gətirilməsini müzakirə edir.
Böyük əksəriyyət, əslən Ermənistanın Gümrü bölgəsindən olan, “Mənim Ermənistanım” mahnısı ilə də tanınan, erməni terrorçuları ilə qol-qola gəzən Zara Mqoyanın Azərbaycana gəlməsinə etiraz edir. Təbii ki, hər şeydə “yuxarı nə deyəcək” deyib gözlərini televiziya ekranlarına zilləyən mövqesizlər istisna olmaqla…Rayonlarımızın bir-birinin ardınca işğal olunduğu günlərin ildönümü ərəfəsində belə bir festivalın keçirilməsinin, üstəlik ora erməni müğənnilərin dəvət olunmasını ŞƏHİDLƏRİMİZİN ruhuna hörmətsizlik kimi qəbul edənlər də az deyil. Məsələn, Xalq artisti Flora Kərimova bunu açıq şəkildə bəyan edib: “Torpaqlarımız işğal altındadır, amma erməni müğənnini Bakıya dəvət edirlər. Mən həyatımdan küsmüşəm, axı bu boyda sayqısızlıq olmaz. “Maya Armeniya” deyən bir müğənnini Bakıya gətirirlər və mən bilmirəm bu boyda şapalağı biz necə yeyirik? Belə bir müğənni gəlib burda meydan sulayır. Mənə çox əziyyətdir. Adamlığımdan çıxmışam, oğul, artıq heç nəyə inamım qalmayıb.(Ağlayır) Bu boyda şəhidlərimiz var və biz onların qarşısında məsuliyyət daşımalıyıq, torpaqlarımızı itirə-itirə gedirik və erməni müğənniyə qucaq açırıq. Mənə elə gəlir ki, Allah bizdən üz döndərib”.
Ancaq bütün etirazlara baxmayaraq “Jara” festivalının Təşkilat Komitəsi Zaranı Bakıya gətirəcəklərini deyir. Yəni, ictimai rəyə əhəmiyyət vermədiklərini, ölkə ictimaiyyətinin nə düşündüyünün onları maraqlandırmadığını nümayiş etdiriblər.
Maraqlıdır niyə? Bu Zara kimdir ki, israrla onu Azərbaycana gətirib oxutdurmaq istəyirlər? “Mənim Ermənistanım” dünyaya car çəkən birini kürd kimi təqdim edib Bakıya gətirmək kimə, nəyə lazımdır?
Bu suallara əlbəttə, müxtəlif cavablar var. Millət vəkili Qüdrət Həsənquliyev bunun hakimiyyətə qarşı təxribat olduğu düşüncəsindədir. Moderator.az-a açıqlama verən Qüdrət Həsənquliyevin fikrincə, Zara heç də öz xoşuna gəlmir, məqsədli şəkildə, bilərəkdən Bakıya göndərilir:
“İşğalçı ordunun əsgərləri ilə şəkil çəkdirən, Ermənistanı tərifləyib, işğalı pisləməyən qadının Bakıya göndərilməsi son zamanlar baş verən hadisələrin (Mingəçevir və Gəncə hadisləri nəzərdə tutulur) davamıdır və iqtidarın ictimai dayaqlarının sarsıdılması üçün edilir. Sözsüz ki, siyasətdən uzaq təşkilatçı artistlər bunun fərqinə vara bilməz. Digər rəsmilər isə qorxularından reaksiya verə bilməyiblər” - deyə Qüdrət Həsənquliyev bildirib.