Enerji təxribatı, yoxsa səriştəsizlik? – Millət vəkili

Enerji təxribatı, yoxsa səriştəsizlik? – Millət vəkili backend

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Zahid Orucun Axar.az-a müsahibəsini təqdim edirik:

- Prezident İlham Əliyevin iyulun 4-də Mingəçevir İES-də baş vermiş yanğından dolayı ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirdiyi müşavirə hansı mesajları verdi?

- Mingəçevir İES-in enerji blokunda baş verən qəzanın doğurduğu nəticələrə ölkə başçısı səviyyəsində çox kəskin, haqlı və adekvat qiymət verildi. Düşünürəm ki, bu, ilk növbədə ölkəmizin üzərinə salınan qaranlığın ortadan qaldırılması hadisəsi idi. Digər tərəfdən, gördüyünüz kimi, cənab Prezident ilk növbədə Azərbaycan xalqının bu çətin gündə nümayiş etdirdiyi həmrəylik mühitinə, anlayış və davranışlara öz ehtiramını dilə gətirdi. Həqiqətən də belədir. Biz o çətin anlarda adamların bir-birinə əl uzatdığının şahidi olduq. Müxtəlif ölkələrdə yaranmış bu cür ekstremal hadisələr zamanı fors-major situasiyaların bəzən panika durumunda adamların həyatı bahasına başa gəldiyinin şahidi olmuşuq.

Ölkə başçısının müşavirədə nümayiş etdirdiyi sərtliyin bizim üçün xüsusi anlamı var. Ötən on illər ərzində hakimiyyət çox haqlı olaraq nəinki daxildə, eləcə də regional və beynəlxalq məkanda enerji müstəvisində çox uğurlu siyasət həyata keçirib. Bölgənin ağır relyefini, coğrafiyasını yarıb keçən boru kəmərləri həm də bu dövlətin iradəsi deməkdir. Ayrı vəziyyətdə o sal qayaları yarıb keçmək mümkün olmazdı. Lakin indi Avropanın bir bucağında yerləşən əhali qruplarının Azərbaycan qazı, nefti ilə təmin olunduğundan bəhs edib, onu dövlətimizin iqtisadi, siyasi gücü kimi tərənnüm etdiyimiz halda ölkə daxilində belə zərbəyə dözmək mümkün deyildi. Həm də sözün məcazi mənasında bu sanki inkişafın uğur salnamələrinin üzərinə müəyyən bir kölgə salırdı. Həmin qaranlıq özlüyündə danışırdı və başqa problemlərin də üzərinə işıq salırdı. Bu “qaranlıq” ilk növbədə dövlət başçısına bir tərəfdən bütün idarəetmə, hökumət strukturlarının fəaliyyətini qiymətləndirmək imkanı verdi: fövqəladə situasiyalar şəraitində hər bir nazirin, yaxud da komitə rəhbərinin, bütövlükdə siyasi qurumların, həmçinin müvafiq şəxslərin necə addımlar atdığını, fəaliyyətlərini koordinasiya etdiklərini, yaranmış şəraitdə qəbul etdikləri operativ qərarları bir daha gördü və qiymətləndirdi. Hesab edirəm ki, qüdrətli bir ölkə qurmaq yolunda onillər ərzində böyük məsafələr qət edən bir liderin tamamilə ixtiyarı vardı ki, öz emosiyalarını və diqqətini açıq dilə gətirsin, məmurları, məsuliyyət daşıyan insanları xalq qarşısında üzrxahlığa vadar etsin.

- Prezident baş vermiş hadisənin dərindən araşdırılması istiqamətində çox ciddi tapşırıqlar verdi və çıxışında enerji sahəsində yaranmış fasilənin ölkə iqtisadiyyatına ciddi zərər vurduğunu qeyd etdi...

- Bu, təkcə dövlət ərkanı məsələsi deyil, xüsusilə də hökumətin yeni formalaşmış tərkibi fonunda iki gün öncə hər kəsə mühüm siqnallar verildi. Bu siqnallar ondan ibarətdir ki, hər kəsin məsuliyyəti yalnız bir qurumun çərçivəsində məhdudlanıb qalmır, o miqyasdan kənara çıxır. Çünki bəzən kiminsə səhvindən yaranan nəticə bütövlükdə bizə ziyan vurur. Ölkə rəhbəri enerji sistemində yaranmış böhranın neft sektoruna nə qədər ziyanlar gətirdiyini qeyd etdi. Söhbət təkcə min tonlarla neftin çıxarılma imkanının azalmasından, yaxud da eynən səhiyyə, nəqliyyat və metro sisteminin iflic edilməsindən getmir. Biz bütövlükdə ölkədə o siyasi güvənci hər hansı bir şəkildə zədələmək perspektivindən danışırıq. Xarici investor sabit bir ölkə istəyir, o ölkə ki, bu cür məsələlərdən sığorta olunub. Biz dünyaya diversifikasiya olunmuş boru kəmərlərindən danışıb, ancaq ölkə daxilində alternativ mənbələrdən təchiz olunmuruqsa, bu, heç şübhəsiz ki, ölkə rəhbəri tərəfindən razılıqla qarşılana bilməzdi. Ona görə də həmin müşavirəni xalqın hissləri kontekstində çox gərəkli qərarların alındığı bir tədbir hesab edirəm. Söhbət təkcə mühüm strateji obyektlərin gələcəkdə alternativ mənbələrlə təchiz olunacağından getmir. Ümumən hesab edirəm ki, bütün bunlar yeni bir mərhələdə hər kəsin fəaliyyətinin tamamilə fərqli bir meyarlarla qurulacağına əsas verir. Doğrudur, bu xalqın qan yaddaşında müstəqilliyimizin ilk illərində AzTV-nin enerji blokunda partlayışı görmüşdük, o qaranlıq bir dəfə evlərimizə daxil olmuşdu və həmin hadisənin zülməti, faciələri hələ də millətin xatirəsindədir. İndi yenidən belə bir zərbə alındı. Dövlətin bütün resursları belə ağır, ekstremal şəraitlərdə və yaxud da müharibə dönəmində elektrik enerjisinin bu cür dağılması səbəbindən sanki özünün ən böyük gücündən, platformasından məhrum oldu. Bu gün elektronik sistemlərdən kənarda tankı, topu, raketləri təsəvvür etmək qeyri-mümkündür. Bəs, necə olacaq? Belə çıxır ki, ermənilər raket zərbəsi vura bilmədikləri halda sadəcə kiberhücumla ölkənin baş şəhərlərində belə təxribatlar törətsələr, bizim hərəkət imkanlarımız itirilə bilər? Buna təbii ki, yol verilə bilməz və ölkə rəhbəri bütün bunların hər birinə “dur” dedi.

- Mingəçevir İES-da baş verən qəzanın aradan qaldırılması istiqamətində yaradılan Dövlət Komissiyasının araşdırmaları yekunlaşdıqdan sonra prezidentin sərt göstərişləri fonunda hansı mühüm qərarların alınması gözlənilir?

- Hesab edirəm ki, qarşıdakı dönəmdə alınacaq qərarlar nəinki təkcə paytaxtın və ya ölkənin strateji təhlükəsizlik sahələrininin, xidmət sektorununun, eləcə də Azərbaycanın bir məmləkət kimi enerji, qaz, su və s. kimi həyati vacib təminatlarının ən yüksək səviyyədə qurulmasına imkanlar açacaq. Burada təhlükəsizlik qurumlarının üzərinə çox böyük vəzifələr düşür. 2015-ci ildən başlayaraq bir-birinin ardınca əvvəlcə Xəzər sektorunda “Günəşli”də 30-dan artıq insanın həyatını alan fırtına faciəsini yaşadıq. Bir az keçmiş bu, Nərimanov Neft-Qazçıxarma İdarəsində yaşandı. Bundan sonra Binəqədidə bir binada bir terrorun şahidi olduq. Üzərindən bir müddət keçdikdən sonra Giləzidə silah anbarı partladı. Davamında Narkodispanserdə kimlərinsə əli ilə yanğın törədildi, daha sonrasında isə pambıq tarlalarında zəhərlənmələr baş verdi və nəhayət, Mingəçevirdəki qəza... Baş verənlər sistemli bir xarakterə malikdir, bütün bunlar daxildə hansısa gözəgörünməz əllər tərəfindən törədilib, yoxsa rəsadüfi faciələr? Ona görə də hesab edirəm ki, hazırda bizim üçün ən vacib məsələ bu hadisələrdən düzgün nəticə çıxarmaqdır. Prezident artıq öz tapşırıqları verib və qarşıdakı dövrlərdə bunların şahidi olacağıq. Ümidvaram ki, bir daha bu qaranlıqla sınağa çəkilmərik. Əminəm ki, prezident qarşısında hesab verərkən dik dayanaraq bu müddət ərzində işini ən yaxşı səviyyədə quran insanları da gördü. Həqiqətən də Fövqəladə Hallar Nazirliyinin təmsilçiləri xilasetmə tədbirlərini nə qədər yüksək səviyyədə həyata keçirdilərsə, o dərəcədə də polis orqanlarının ictimai asayişi qorumaqla bərabər, insanlara əl uzatmaları, bəzən həkim, bəzən yardımlaşma, bəzən isə sadəcə psixoloji yardım funksiyalarını yerinə yetirmələri qürurverici idi. Deməli, dövlətin möhkəmlilik testi sınağa çəkiləndə bu imtahanlardan uğurla çıxmaq imkanlarımız var. Belə təhlükəli olaylarla qarşılaşmamaq üçün ən yüksək qərarların alınacağına inanıram. Məsələ yalnız kimlərin öz postunu tərk edib-etməməsi ilə bağlı deyil. Ümumiyyətlə, meyarlar, yanaşma və prinsiplər dəyişməlidir. Hökumətin keçmiş fəaliyyətində səmərəsiz xərclənmələri görmüşük, auditin düzgün aparılmaması səbəblərindən qiymətləndirmələrin də şahidi olmuşuq, tender layihələrinə münasibətdən də məlumatlıyıq. O cümlədən işin keyfiyyəti, onun müddəti, xarakteri, seçilən zaman çərçivəsində funksionallığını qoruyub saxlaması da vacib məsələlərdir. Bunlara köklü və fundamental yanaşma tələb olunur. Enerji sahəsi təhlükəsizliyimizin ayrılmaz hissəsidir. Hər bir ölkə özünü bu cəhətdən təchiz etməyə çalışır. Zənnimcə, burada Avropa ölkələrində qurulan sistemlərin, mexanizm və texnologiyanın, iş prinsipi və menecerliyin şahidi olmalıyıq. Hesab edirəm ki, enerji sferasında idarəetmədə prinsip dəyişikliklərinə gedilməlidir. Məsələn, hansısa sahələri tamamilə özəlləşməyə açmaq olar, yaxud dövlətin sərəncamı altında saxlamaq istədiyi sahələrin yenidən səhmləşdirilməsi mümkündür. Bu xərclərin effektli olmasına, təyinatına və düzgün yönləndirilməsinə səbəb olacaq. Yəni bu addımlardan isterik nəticələr çıxarmırıq, elə qərarlar verməliyik ki, bütövlükdə belə perspektiv bir daha yaşanmasın.

- Azərbaycan İES-də baş verənlərdə təxribat versiyası nə qədər inandırıcıdır?

- Bununla bağlı əməliyyat məlumatlarına malik olmadığımızdan konkret fikir söyləmək çətindir. Bununla bərabər, bu gün məsafədən idarə olunan elektronik sistemlər həqiqətən də dünya tarixində istənilən ölkələrə qarşı kiber hücumları reallığa çevirib. Bu, mühüm problemlərdən biridir və xüsusilə də strateji sahələrə qarşı özünü göstərməkdədir. Hər halda əminəm ki, istər ölkə prezidentinin ən yaxın siyasi komandası, o cümlədən idarəetmə orqanları tərəfindən qeyd etdiyiniz məsələlərin bütün versiyaları nəzərdən keçirilməkdədir.
Diaspora