“7 rayon qaytarıla bilər” –Bölgədə vəziyyət Azərbaycanın lehinə dəyişir

“7 rayon qaytarıla bilər” –Bölgədə vəziyyət Azərbaycanın lehinə dəyişir backend

Rusiyanın nüfuzlu politoloqlarının işğal edilmiş Dağlıq Qarabağ bölgəsi ətrafındakı 7 rayonun Azərbaycana qaytarılması ilə bağlı səsləndirdiyi fikirlər əsaslandırılıb.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloqun qənaətinə görə, işğal edilmiş ərazilərin geri qaytarılması məsələsinə konseptual yanaşmaq lazımdır:

“Təkcə rusiyalı ekspertlər yox, beynəlxalq hüquq da bu ərazilərin Azərbaycana qaytarılmasını tələb edir. BMT Təhlükəsizlik Şurasının bununla bağlı 4 qətnaməsinin olduğunu da xatırlamaq lazımdır. Bu çağırışlar da həmin beynəlxalq hüquq normalarından irəli gəlir.

Lakin uzun illərdir Rusiyada bu münaqişə görməzdən gəlinirdi. Mümkündür ki, regionda vəziyyətin dəyişdiyi vaxt belə çağırışların edilməsi Rusiyanın hansısa maraqlarından irəli gəlir. Buna görə də bu fikirləri dilə gətirirlər. Rusiyada bu məsələ gündəmə gəlməli idi, çünki BMT-nin 4 qətnaməsi var. Niyə Qüdslə bağlı qətnamədə fikir ayrılığı olmamalıdır, bizim qətnamələrlə bağlı olmalıdır? Əslində bunu təkcə rusiyalı ekspertlər yox, rusiyalı rəsmilər də deməlidirlər”.

İlqar Vəlizadənin sözlərinə görə, Rusiyada ictimai rəy o qədər erməniləşdirilib ki, kimsə orada bizə xoş söz deyəndə qəribə görünür:

“Düzdür, münaqişənin birdəfəlik Azərbaycanın maraqlarına uyğun həll edilməsi Rusiyanın maraqlarına cavab vermir, amma 7 rayonun qaytarılması Rusiyanın maraqlarına cavab verir. Digər yandan isə uzun illərdən sonra Rusiyanın tanınmış politoloqları 7 rayonun Azərbaycana qaytarılmasını gündəmə gətirirlərsə, bu o deməkdir ki, bölgədə geosiyasi vəziyyət dəyişir. Bu baxımdan da Azərbaycana bir “güzəşt” kimi bu məsələni gündəmə gətirirlər.

Çünki Ermənistanın hazırkı hakimiyyəti Qərbyönümlü siyasət yürüdür. Bu, həm də Ermənistana bir mesajdır ki, Azərbaycana dəstək verə bilərik”.

Qeyd edək ki, rusiyalı politoloqlar Aleksandr Duqin və Maksim Şevçenko Qarabağətrafı 7 rayonun Azərbaycana qaytarıla biləcəyi ilə bağlı iddia irəli sürüblər.

Diaspora