"Parad möhtəşəmliyi, müxtəlif ölkələrin istehsalı olan ən son silah və avadanlığın nümayişi ilə göz oxşadı".
Bunu "Report"a hərbi politoloq, Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin Politologiya və sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev deyib."Başqa ölkə ilə müharibə şəraitində olan ölkə həmişə paradlardan milləti birləşdirmək və ona qələbə inamını aşılamaq, eyni zamanda, düşmənə müəyyən güzəştlərə getməyəcəyi təqdirdə necə qətiyyətli olduğunu göstərmək məqsədi ilə istifadə edir. Amma yenə də hərbi parad müharibəyə çağırış deyil", - A.Perenciyev vurğulayıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışan politoloq bu məsələdə heç bir perspektiv görmədiyini qeyd edib.
"Perspektivlər barədə o vaxt danışmaq olar ki, heç olmazsa Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Ermənistan tərəfindən işğal edilən Qarabağa bitişik 7 Azərbaycan rayonun qaytarılması məsələsi üzrə "yol xəritəsi" layihəsi olsun. Yalnız bu halda layihənin müzakirəsi başlayacaq, yalnız bu halda iki Cənubi Qafqaz dövləti və xalqı arasındakı əlaqələrdə sülhün bərqərar edilməsinin imkanları və yollarını qiymətləndirmək olacaq", - politoloq bildirib.
Rusiyalı politoloq Yevgeni Mixaylov isə öz növbəsində, paradın ilk növbədə Azərbaycan xalqına xaricdən gələn istənilən təhdidə qarşı güclü qoruyucu alətinin olmasını göstərdiyini söyləyib.
"Aydındır ki, son bir neçə ildə Azərbaycan Silahlı Qüvvələrinin müsbətə doğru dəyişdiyini görən rəsmi Bakının tərəfdaşlarının heç biri onların qısa zamanda istənilən regional problemi həll edə biləcəyinə və ya potensial düşmənə xeyli problem yarada biləcəyinə şübhə etmir", - Y.Mixaylov deyib.
O bildirib ki, təkcə elə hərbi paradın keçirilməsi siyasi və iqtisadi problemlər yaşayan Ermənistanı qıcıqlandırır.
"Bu Cənubi Qafqaz respublikası gah nala, gah mıxa vurur. Rəsmi Yerevan artıq çoxəsrlik müdafiəçisi və sponsoru olan Rusiyadan uzaqlaşır. Ölkənin yeni başçısı Nikol Paşinyan Azərbaycan üzərində müvəqqəti üstünlüklər və strateji zəfər qazanma imkanı əldə etmək üçün Qərb və ABŞ qarşısında açıq-aydın quyruq bulayır", - ekspert diqqətə çatdırıb.
A.Perenciyev Dağlıq Qarabağ münaqişəsinin həlli barədə danışarkən, bütün münaqişələrin sülh yolu ilə nizamlanmasının zəruriliyini vurğulayıb: "Lakin Ermənistan öz addımları ilə Rusiyanı Azərbaycanın öz torpaqlarını hərbi yolla qaytarmaq üzrə fəaliyyətinə göz yummağa meyilləndirir".