Qarabağ münaqişəsində kritik 3 ay – Lavrov planı

Qarabağ münaqişəsində kritik 3 ay – Lavrov planı backend

Lavrovun şərhi Moskvanın Dağlıq Qarabağ münaqişəsinin həll prosesində irəliləyişə nail olmaq üçün öz paketinin olduğunu göstərir.

Əlbəttə ki, bu paket Moskvanın maraqları daxilindədir. Moskvanın nə təklif edəcəyi məlum olmasa da, bu təklifin həm Azərbaycana, həm də Ermənistana ediləcəyi aydın məsələdir.

Bu sözləri Axar.az-a Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməməsi səbəbi haqda çıxışını şərh edən gürcü ekspert Gela Vasadze deyib.

“Hazırda Ermənistanda çətinləşən vəziyyəti və bütün regiondakı ciddi siyasi turbelentliyi nəzərə aldıqda, Moskvanın təbii olaraq öz fəaliyyətini artıracağını gözləmək olar. Düşünürəm ki, qarşıdakı 2 ay - iyul, avqust, ola bilsin, sentyabr bu istiqamətdə həllidici ola bilər”, - gürcü ekspert bildirib.

Vasadze Moskvanın Bakı və İrəvana “Lavrov planını” təklif edəcəyini qeyd edib:

“Biz hamımız bilirik ki, münaqişə bölgəsində sülhməramlıların (rus) yerləşdirilməsini nəzərdə tutan “Lavrov planı” adlı anlayış mövcuddur. Planın baş tutması üçün Moskvanın Bakı və İrəvana hansı arqumentləri irəli sürəcəyini və ya bunun hansı hadisələrlə izləniləcəyini, burada rus sülhməramlılarının yerləşdirilib-yerləşdirilməyəcəyini zaman göstərəcək. Biz hazırda bir tək şeyi əminliklə deyə bilərik. Aydındır ki, Moskvanın Cənubi Qafqazda möhkəmlənmək üçün planı var və Dağlıq Qarabağ bu möhkəmlənmə prosesi üçün sadəcə vasitədir”.



Gürcü politoloq eyni zamanda Lavrovun “BMT qətnamələrinin danışıqlar müstəvisinə keçid üçün zəmin yaratmağa xidmət etməsi” fikrinə də münasibət bildirib. BMT-ni qəribə qurum adlandıran Vasadze qətnamələrin icrası üçün BMT-nin heç vaxt təzyiq göstərmədiyini bildirib:

“BMT qəribə qurumdur. Əgər yuxarıdan sanksiyalar tətbiq olunmayıbsa, qurum heç vaxt heç kimə təzyiq göstərmir. O cümlədən münaqişənin həlli üçün qəlib axtarıldığı bir şəraitdə heç vaxt təzyiq göstərilməz. Qəbul olunan qətnamələr sadəcə böyük aktyorların razılıqlarının qeydə alınmasının nəticəsidir”.

Qeyd edək ki, BMT-nin Baş katibi Antonio Quterreş və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Moskvada keçirdiyi birgə mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin artıq 25 ildir icra olunmadığı haqda sual verilib. A.Quterreş BMT TŞ-nin qətnamələrinin yerinə yetirilməsinin zəruri olduğunu bildirib, Lavrov isə deyib ki, sözügedən qətnamələr hərbi əməliyyatlar zamanı qəbul edilib:

“Onlar bir çox hallarda, o cümlədən bizim ölkəmiz tərəfindən atılan addımlarla yanaşı, qan tökülməsinin qarşısının alınması, vəziyyətin siyasi dialoq müstəvisinə keçirilməsinə imkan yaratdı”.
Diaspora