Kamil Musavi:"Düşmən tapdağından cəmi bir metr ərazimiz belə azad edilsə, bizim üçün qürurverici nailiyyətdir, qələbədir"
"Cocuq Mərcanlıdan sonra Günnüt kəndinin işğaldan azad edilməsi o deməkdir ki, yavaş-yavaş öz doğma torpaqlarımıza qayıdırıq”.Bunu "Sherg.az”a Şərur rayonunun Günnüt Kəndinin işğaldan azad olunmasından danışarkən Qarabağ qazisi Kamil Musavi söyləyib.
O vurğulayıb ki, düşmən tapdağından cəmi bir metr ərazimiz belə azad edilsə, bizim üçün qürurverici nailiyyətdir, qələbədir:
"Günnütün azad edilməsi ilə bağlı məlumatı rəsmi mənbələrdən oxudum və orada xidmət keçən hərbçi dostlarımızdan da dəqiqləşdirdim. Həqiqətən, Azərbaycan 2016-cı ilin aprel ayında Lələtəpə yüksəkliyində əldə etdiyi uğurdan sonra, daha bir kəndimizi işğaldan azad etdi.
Bu o deməkdir ki, ərazilərimizin azad olunmasına start vermişik. İnanırıq ki, öz ata-baba yurdları işğal altında olan vətəndaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar.
Bu yolda ordumuzu hər zaman dəstəkləyirik və Ali Baş Komandanımızın yanındayıq. Biz ali baş komandanın bütün əmrlərini yerinə yetirməyə hazırıq. Yetər ki, torpaqlarımız işğaldan azad olunsun”.
Qeyd edək ki, 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Ordumuzun nəzarəti altına keçib. Artıq 26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma yurdlarına qayıdıb, yaxınlarının məzarlarını ziyarət ediblər. Günnüt məzarlığında 26 il sonra Quran oxunub. Artıq kənd ərazisi minalardan təmizlənir və əhalinin öz yurd-yuvalarına qayıtması üçün işlər görülür.